Ermənistanda seçkiqabağı mübarizənin fəallaşması ilə yanaşı, siyasi qüvvələr müxtəlif sferalardakı mövqelərini cəmiyyətə təqdim etməyə, açıqlamağa başlayıblar.
Təbii ki, prezident Serj Sarkisyanın viran qoyduğu iqtisadiyyatın yaratdığı problemlər erməniləri hansısa mənəvi, etik və ya ekoloji məsələlərlə müqayisədə daha çox maraqlandırdığından - bu, hələ yumşaq deyilir - siyasi təşkilatlar, partiyalar, hərəkatlar və siyasətçilər də əsas diqqəti məhz iqtisadi siyasətlə bağlı vədlər yönəldiblər.
Mübahisələr gedir, gərgin dartışmalar yaşanır, Ermənistan vətəndaşlarına bu və digər problemlərin yolları göstərilir. Hakimiyyətdəki dəstənin ideoloqları ölkəni çapıb-talayan Serj Sarkisyanın komandasının əslində "düşünülmüş və praqmatik dövlət siyasəti" yürütdüyünü vurğulayır, Ermənistan iqtisadiyyatındakı inhisarların sadəcə, "böyük şirkətlər" olduğunu vurğulayır, kütləvi işsizlik, dövlətin əsaslarını sarsıdacaq bəla səviyyəsinə çatmış mühacirətin, artan dövlət borclarının müvəqqəti çətinliklər olduğunu deyir və üstəlik də ölkə iqtisadiyyatının inkişafda olduğunu söyləyirlər.
Müxalifətin fəal qüvvələrinin konsentrasiyası kimi təqdim olunan Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan isə tam əksini deyir.
İşsizlik, miqrasiya, cinayətkarlıq səviyyəsinin yüksəlməsi, total korrupsiya və rüşvətxorluq, inhisarların iqtisadiyyatın istisnasız olaraq bütün sahələrinə nəzarət etməsi, bütün milli resurslarla gəlir mənbələrinin Sarkisyan komandasının üzvlərinin əlində olması, parlamentdəki deputatlar arasında oliqarxların və onların əlaltılarının sayının artması - bütün bunlar Ermənistanın bəlalarıdır.
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun da Sarkisyanın hakimiyyətə gəldiyi gündən bəri iqtisadi sahədə uğursuz siyasət yürütdüyünü bəyan edir.
İqtidar və müxalifət fərqli mövqelər tutublar. Bu da təbiidir. Ancaq Ermənistandakı iqtisadi problemlərin həllini müzakirə etmək, həmin həll yollarını arayıb tapmaq üçün iqtisadi disput imkanları yoxdur.
Nəzəri baxımdan baharda keçiriləcək parlament seçkiləri bunun üçün çox əlverişli məqam sayıla bilər. Di gəl, disput alınmayacaq, çünki müzakirələr aparmalı olan tərəflərdən biri - Sarkisyan hakimiyyəti potensial seçicilərinə ultimatumlar, vədlər və rüşvətlər paylamaqla məşğuldur.
Əslində, qarşı tərəfdə, yəni Ermənistan müxalifətində də ağlar vəziyyətdə olan ölkə iqtisadiyyatının problemlərinin həlli yolları ilə bağlı disputa hazır adamlarda qüvvələr gözə dəymir, aparılan müzakirələr də aktivlik və məzmun baxımından yarıtmazdır.
Erməni Milli Konqresinin uçuruma yuvarlanmış ölkə iqtisadiyyatını xilas etmək üçün nəzərdə tutduğu "100 addım" proqramı, yaxud da bir neçə daşnak deputatın çıxışları ilə sorğuları dialoq üçün yetərli deyil. Bütün bunlar kompleks səciyyəli olmalıdır. Yəni istəklər və səylər əvvəli, davamı və nəzərdə tutulan davamı olan prosesə köçürülməli, cəmiyyət isə ayılaraq Sarkisyanın hakimiyyət dönəmini bağlamalı, yeni dövrə başlamaq niyyətində olmalıdır.
Digər tərəfdən aydındır ki, Ermənistan iqtisadiyyatındakı problemləri həll etmək üçün sırf iqtisadi vasitələrlə yanaşı, hüquqi prosedurlara da əl atılmalıdır. Səbəb ölkə iqtisadiyyatındakı problemlərin tam əksəriyyətinin qanunsuzluq, rüşvətxorluq, məmur özbaşınalığı, iqtisadi rəqabət mühitinin boğulması, dərəbəylik və hər şeyə Sarkisyan komandasının nəzarət etmək istəyindən qaynaqlanmasıdır.
Dialoq alınardı, amma bir şərtlə: Sarkisyan iqtidarı etiraf etməlidir ki, bəli, şərəfsizlik və ləyaqətsizlik, əxlaqsızlıq və mənəviyyatsızlıq, qanunsuzluq və despotiya, ölkəni Rusiyanın əyalətinə çevirməyə yönəlmiş siyasət və terrorizm onun siyasətidir, bunu gizlətmək niyyətində də deyil. Bəhs etdiyimiz açıqlamadan sonra hakimiyyətlə danışmaq asandır, hətta çox sadədir. Lakin əfsuslar ki, Serj Sarksiyan bütün maniakal quldurlar təki haqlı olduğunu, əzdiyi və zəlil qoyaraq kütləyə çevirməyə çalışdığı adamları "xoşbəxt gələcəyə" aparmaq istədiyini bəyan edir.
Beləcə, Ermənistan iqtisadiyyatı ilə bağlı ehtimal olunan disput çox ahəstə şəkildə iqtisadi müstəvidən hüquqa keçir. Sabiq prezident Levon Ter-Petrosyan başda olmaqla erməni müxalifətinin üzdə olan adamları isə Sarkisyan iqtidarının ölkə iqtisadiyyatını hüquqsuz, anarxik bir feodal tövləyə çevirməkdə olduğunu adi vətəndaşlara anlada bilmirlər.
Vətəndaşlar iqtidarın yarıtmaz, prezidentin isə yaramaz olduğunu, onları ağır vəziyyətə saldıqlarını bilir, hiss edir. Amma quldur dəstəsinin hakimiyyətdən kənarlaşdırılmasından sonra Sarkisyanın bandasının yerinə kimlərin gələcəyi və ən başlıcası, o gələcək adamların indiki banditlərdən fərqlənəcəyini ermənilər dəqiq bilmirlər.
Ermənilərin dəqiq bildiyi budur ki, indiki şəraitdə və mövcud siyasi fiqurlarla Ermənistandakı situasiyanın köklü şəkildə dəyişərək normallaşmasına ümid həddən ziyadə azdır. Daha doğrusu, yoxdur.
Levon Ter-Petrosyanın yaxın ətrafındakı insanlarının tam əksəriyyəti nomenklatur müxalifət, vaxtilə müxtəlif vəzifələrdə çalışmış sabiq məmurlar, yaxud diskreditasiya olunmuş populist siyasətçilər və ən yaxşı halda valideynlərinin hesabına xaricdə oxuyaraq müxtəlif ölkələrin donor təşkilatlarından tam asılı olan insanlardır.
Ermənistan iqtisadiyyatının indi ən başlıca problemi onu bəlalardan qurtaracaq insanlar və konkret proqramların yoxluğudur.
Belə adamlar tapılandan sonra onların proqramlarının reallıqla nə dərəcədə uyğun olduğu barədə fikir yürütmək olar.
Lakin indidən bəlli olan budur ki, ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi qismində qanunsuzluq və başıpozuqluq, rüşvətxorluq və amansızlıq qaldıqca, heç nə dəyişən deyil. Üstəlik, uğurlu iqtisadi fəaliyyət üçün xüsusi istedad və bacarıq, savad və zəhmət yox, qanunun yaratdığı sədləri mümkün qədər tez aşaraq makismal dərəcədə gəlir gətiirəcək fırıldaqları gerçəkləşdirmək, qazanılan pulların çox az qismini Ermənistanda saxlayaraq yerdə qalanını xaricə yatırmaq gərəkdir.
Belə şəraitdə problemlərin həlli ilə bağlı peşəkar müzakirələrdən və optimal çıxış yollarının aranmasından danışmaq əsl absurddur.
Ermənistanın dövlət borcunun balaca ölkə üçün astronomik həddə çatdığını, borclar üzrə faiz ödənişləri üçün əlavə kredit mənbələrinin axtarıldığını nəzərə alsaq, rəsmi Yerevan borcu vermək üçün yeni borclara düşməklə məşğuldur. Belə şəraitin sonunun borc məbləğlərinin həndəsi silsilə ilə artdığını təxminləmək çətin deyil. Serj Sarkisyan iqtidarının borcların artımı, işsizlik səviyyəsinin yüksəlməsi və ölkəni tərk edərək iş dalınca başqa ölkələrə yollanaraq mühacirət edənlərin sayının çoxalması qətiyyən maraqlandırmır.
Bu oxlokratik hakimiyyətin əsas prinsipi üzvlərinin varidatının mümkün qədər artmasıdır, çünki qanunların işləmədiyi və məmurların qanun olmağa çalışdıqları bir ölkədə pulu çox olanın azadlıqda qalmaq şansı daha çoxdur.
Pulla yanaşı, çağdaş Ermənistanda əlaqələr və əsası - hakimiyyətin üst pillələrindəki adamlara yaxınlıq ən mühüm prinsiplər arasındadır. Yaxınlıq isə havayı olmadığından varlanmaq istəyənlər mütləq nədənsə keçməli, nəyisə qurban verməli olurlar.
Belədə, ilk qurban ləyaqət və vicdandır.
Ləyaqətsizlik əsasında qurulmuş hakimiyyətlərin sonunu bilmək üçünsə tarixi xatırlamaq yetər…
Novruz SultanovMilli.Az
Şərh etmək