Sakinlər övladlarının və yaxınlarının ağ ölümə qurban gedəcəklərindən qorxur...
Bakının Yasamal rayonunda bir sıra məhlələrdə sakinlər narkomanların içərisində yaşayır. Rayonun sakinlərinin Milli.Az xəbər portalına ünvanladıqları şikayətdə bildirlir ki, Əhməd Cavad küçəsi 151 (köhnə 3-cü Yasamal küçəsi) ünvanında yaşayan Məmmədağa adlı şəxs yaşadığı ünvanda narkotik alveri ilə məşğul olur.
“Həmin ərazidə yaşayan gənclər və artıq narkoman kimi tanıdığımız adamlar hər gün özlərini narkotik maddə ilə təmin etmək üçün həmin küçəyə gəlir. Narkomanların qorxusundan küçənin gəlinləri, qızları bayıra çıxmağa ehtiyat edirlər. Hər kəs həyat yoldaşının, qardaşının və oğlunun nə vaxtsa onların toruna düşəcəyindən ehtiyat edir. Artıq cana doymuşuq. Bizim əraziyə baxan sahə müvəkkili isə bunlara göz yumur. Ən dəhşətli fakt budur ki, Məmmədağanın yaşadığı və narkotik alveri ilə məşğul olduğu həyət evi 52 saylı orta məktəbin qarşı tərəfində yerləşir. Tezliklə yeni dərs mövsümü başlayır. Məhz bu vaxtlar onun müştərisi daha çox olur. Çünki yeniyetmələri yoldan çıxarmaq daha asandır” - deyə məktubda qeyd olunur.
Həmin əraziyə nəzarıt edən Yasamal rayon Polis idarəsinin 29-cü polis bölməsinin rəis müavini
Firuz İsmayılov Milli.Az xəbər portalına açıqlamasında məsələdən xəbərdar olduqlarını bildiridi. Onun sözlərinə görə, həmin küçədə xeyli sayda narkoman yaşayır: “Məmmədağa da narkomandır və dəflərlə məhkum olunub. Elə yaxın günlərdə məhkumluq həyatını başa vurub. Son günlər ərzində həmin küçədə 5 nəfər həbs edilib. Əsas məsələ narkotik maddəni yayan mənbənin kökünü kəsməkdir. Hazırda həmin mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər görülür" - deyə polis məmuru bildirdi.
Anar MəmmədovMilli.Az