Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

Milli.Az-da "Həftəsonu qiraət": Etiraf

29 Avqust 2010 [13:38] - MİLLİ.AZ
Milli.Az Xəbər Portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Vüqar Mətinin "Etiraf" adlı şeirini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) yazılarını office@milli.az ünvanına göndərməyə dəvət edirik.

Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.


Etiraf

Gecədir. Xəyalın ulduzlar kimi
Yorğun gözlərimdə hey yanıb-sönür.
Gecələr qəlbimə təsəlli deyil,
Gecələr bir qərib xəyala dönür.

Bu qərib gecənin dərinliyində
Mən səni neçə yol tapdım-itirdim.
Mənim vüsal sözü bitdi dilimdə,
Sənsə qəlbimizdə həsrət bitirdin.

Bir vaxt zirvələrdən baxan eşqimiz
Keçdi bu zamanın sərt sınağından.
Həzin bulaq kimi axan eşqimiz
İndi qaça bilmir el qınağından.

Mənim saçlarımda vaxtsız dən oldun
Parlaq bəxt ulduzum olmalı ikən.
Taledən gileyli daim sən oldun,
Tale oyununa atılansa mən.

Saralan şəklini bağrıma bassam
Ürək elə yanar közü tükənməz.
Bir qəmli məhəbbət dastanı yazsam
Yenə də qəlbimin sözü tükənməz.

Getdi ömrümüzdən gör neçə illər
Bu eşqin zamanmı oldu qənimi?
Yetmədi vüsala yazıq könüllər
Amansız hicranın əsiri kimi.

Eşqə biganəyəm daha özüm də,
Çoxdan quruyubdur sevgi dənizim.
İndi mənasızdır mənim gözümdə
Səninlə olduğum günlər, əzizim.

Heyif o günlərə, heyif, bir daha
Yolum sizə sarı burulmayacaq.
Mənim ürəyimdə həsrətdən baha
Xəyali sevgiyə yer olmayacaq.

Mən sənə xəyalmı, röyamı deyim?
Mənimçün əlçatmaz gümansan daha.
Fəqət bu dünyadan küsən taleyim
Yeni bir ümidlə baxır sabaha.

Vüqar Mətin
Milli.Az
URL: http://www.milli.az/news/culture/19951.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1447

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: