“Oskar” Kino Şirkətində Türkiyənin Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsinə həsr olunmuş “Qəzan mübarək, Paşam” adlı bədii-sənədli film çəkilib.
Türkiyənin “TRT” telekanalının Bakı nümayəndəliyinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci il mayın 25-dən sentyabrın 15-dək olan dövrü əhatə edir. AzərTAc xəbər verir ki, “Qəzan mübarək, Paşam” filmində Türkiyə Hərbi Qüvvələrinin Əsgəri Arxivindən, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyindən, Azərbaycan Milli Arxiv Fondundan, Britaniya Xarici İşlər Nazirliyinin rəsmi internet saytından götürülmüş arxiv materialları ilk dəfə nümayiş olunacaq.
Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı, Lənkəran və digər rayonlarda aparılmış filmdə ən gərgin döyüşlər barədə məlumatlar yer alıb. Filmdə döyüş xəritələri, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və Əliağa Şıxlinskinin müharibə strategiyasının incəlikləri əksini tapıb.
Filmin təqdimatı və yayımı sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsinin 92-ci ildönümünə həsr olunmuş tədbirdə olacaq.
Milli.Az