Sərgi noyabrın 15-dək davam edəcək.
İstanbulun “Tüyap” sərgi mərkəzində 30-cu Beynəlxalq kitab sərgisi açılıb. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini
Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rəsmi açılış mərasimindən sonra iştirakçı ölkələrin və yerli nəşriyyatların hazırladıqları stendlərə baxış keçirilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə qurulan stend həcminə və dizaynına, habelə nümayiş olunan kitabların rəngarəngliyinə, keyfiyyətinə görə ilk dəqiqələrdən iştirakçıların ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Stendimizə baxanlar xüsusən son illərdə nəfis tərtibatla çap olunmuş, ölkəmizin zəngin və qədim mədəniyyətini, tarixini əks etdirən kitablara, tanınmış şair və yazıçılarımızın əsərlərinə, turizm imkanlarımızı təbliğ edən çap nümunələrinə böyük həvəslə tamaşa edərək onları maraqlandıran suallara cavab alıblar.
Noyabrın 13-də sərgi çərçivəsində “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” adlı beynəlxalq konfrans keçirilib. Şair Rəşad Məcidin aparıcılıq etdiyi konfransda Vaqif Əliyev müstəqilliyimizin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə belə mötəbər bir sərgidə ölkəmizin iştirakını və Azərbaycan şeirinə həsr olunmuş xüsusi tədbirin təşkilini yüksək qiymətləndirib. Respublikamızın bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini bildirən Vaqif Əliyev belə tədbirlərin mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Kitab-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” mövzusunda məruzə ilə çıxış edib.
Mərasimdə şairlər Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Səlim Babullaoğlu şeirlərini oxumuşlar.
Tanınmış musiqiçilər, xalq artistləri Mələkxanım Əyyubova (xanəndə), Möhlət Müslümov (tarzən) və Fəxrəddin Dadaşovun (kamança) ifa etdikləri xalq mahnıları, muğam parçaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bədii hissənin sonunda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxış edərək iştirakçılara təbriklərini çatdırıb.
Sərgi noyabrın 15-dək davam edəcək.
Milli.AzBöyütmək üçün şəkillərə klikləyin.
Foto: AzərTAc