Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Mədəniyyət

Məşhur azərbaycanlı kinorejissor: "250 nəfər atlı, 4000-5000 piyada qarışırdı bir-birinə..."

24 Dekabr 2011 [19:05] - MİLLİ.AZ
Eldar Quliyev: "Babək" 3,3 milyon dollara başa gəldi".
Bəzən bir təsadüf insanın həyatının bütün axarını dəyişir. Tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev uşaqlıqdan fizika və riyaziyyata böyük həvəs göstərirdi. Bir gün məşhur "Durnalar uçur" filminə tamaşa edir. Və qəti şəkildə rejissor olmağa qərar verir.

Onun bu seçimini atası - dahi bəstəkarımız Tofiq Quliyev razılıqla qarşılamasa da, Eldar Quliyev istəyindən əl çəkmir və Azərbaycanın sayılıb-seçilən rejissorlarından biri olur. Bəs buna necə nail olur? Bunu və başına gələn digər maraqlı hadisələr barədə rejissor "Ekspress"ə danışıb.

Alim olmaq istəmədim

- Mən dəfələrlə riyaziyyat və fizika üzrə şəhər və respublika olimpiadalarında iştirak edib mükafatlar almışam. Orta məktəbi də qızıl medalla qurtarmışam. O dövrdə nüvə fizikası dəbdə idi. Məndən başqa neçə nəfər də sinfimizdə nüvə fizikası üzrə hazırlaşırdı. Onlardan ikisi gedib həmin sahə üzrə Moskvada instituta girdilər. Mənsə 10-cu sinifin axırlarında bir dəfə "Durnalar uçur" filminə baxdım. O vaxt kino indiki kimi deyildi, hər həftə yeni film göstərirdilər. Bizim də evimiz "Vətən" kinoteatrının yanında yerləşirdi. Ona görə də tez-tez məktəbdən çıxıb kinoya gedirdim. "Durnalar uçur" filminə baxandan sonra uzun müddət filmin təsirindən çıxa bilmədim. Sonra bir neçə dəfə də bu filmə baxdım. Ondan sonra qəti qərara gəldim ki, mən rejissor olmalıyam. Fikirləşirdim ki, rejissorun kütləyə sözünü çatdırmağa daha çox imkanı var. Günlərin birində də səhər-səhər durub evdəkilərə dedim: "Məni bağışlayın, mən alim olmaq istəmirəm, kinorejissor olacağam". Evdə böyük qarışıqlıq düşdü. Məktəbdə müəllimlər də məni qınamağa başladılar və valideynlərimə dedilər ki, mənim başıma ağıl qoysunlar. Mən də israr etdim ki, "xeyr, gedəcəyəm Moskvaya və orada kinorejissorluq fakültəsində oxuyacağam".

- Evdə ən çox kim sizin fizik olmağınızı təkid edirdi?

- Anam alim olmağımı istəyirdi. Atam rəhmətlik də əvvəlcə təkid edirdi, lakin bir müddət keçəndən sonra məni kinostudiyaya apardı. O zaman mən kinostudiyanın harada olduğunu bilmirdim, kinonun necə çəkildiyi barədə də təsəvvürüm yox idi. Atam məni tanınmış rejissor Lətif Səfərovun yanına apardı. Rəhmətliklə atam yaxın dost olublar. Onlar "Bəxtiyar" filmini təzəcə təhvil vermişdilər. Sən demə, atam Lətif Səfərova tapşırıbmış ki, bir az məni qorxutsun ki, rejissorluq ağır peşədir, bəlkə bundan sonra fikrimdən daşınam. Ancaq Lətif Səfərov sənəti sevən adam idi. Kinonun çətinliklərindən söhbət eləyəndə, özü də bilmədən onun gözəlliyindən və necə möcüzələr yaratmasından danışırdı. Beləcə, o, özü də fərqində olmadan mənim rejissor olmaq fikrimi qətiləşdirdi.

Nə isə, mən məktəbi qurtaran il SSRİ-nin birinci katibi Nikita Xruşşov fərman vermişdi ki, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) bəzi fakültələrinə sənəd vermək istəyənlərin ikiillik iş təcrübəsi olmalıdır. Məktəbi qızıl medalla qurtardığıma baxmayaraq, iki il kinostudiyada rejissor köməkçisi işlədim. Bütün yoldaşlarım ali məktəbdə oxuyurdular, mən isə işləyirdim. Müəllimlərim çox dilxor idilər. Gəlib mənə deyirdilər ki, "niyə vaxtını itirirsən, get, oxu, sonra da rejissorluğa girərsən".

Mən birinci dəfə ÜDKİ-yə sənəd verəndə, oradakı müəllimlər orta məktəbi qızıl medalla qurtardığıma görə məsləhət bildilər ki, sənədlərimi aktyorluq fakültəsinə verim. Mən də Bakıya zəng eləyib, bunu Tofiq müəllimə söylədim. O, dedi ki, "sən rejissor olmaq istəyirsən, vəssalam. Öz arzunu həyata keçir. Sonra aktyor olmaq istəsən, çəkilərsən". Ona görə də mən aktyorluğa razılıq vermədim və Bakıya qayıtdım. İki il burada işlədim, təcrübə yığdım və yenidən Moskvaya qayıdıb ÜDKİ-nin rejissorluq fakültəsinə daxil oldum.

Dedilər ki, bir oğlumuz var, yanımızda olmalıdır


- Nə əcəb sizi əsgərliyə aparmadılar?

- Yaşım düşmədi, əgər mən ÜDKİ-yə girə bilməsəydim, əsgər getməli olacaqdım. Ancaq qəbul olundum və 5 il yarım oxudum. İnstitutu qurtarandan sonra Bakıya qayıtdım və məni "Azərbaycanfilm"ə işə götürdülər. Onu da deyim ki, Moskvada və ya Kiyevdə qalmaq imkanım vardı. Amma valideynlərim razı olmadılar. Dedilər ki, "bir oğlumuz var, yanımızda olmalıdır".

Bakıya qayıdandan sonra elə oldu ki, Rüstəm İbrahimbəyov da ÜDKİ-nin ssenari fakültəsindən diplom işi ilə əlaqədar Bakıya gəldi. "Bir cənub şəhərində" filminin ssenarisi onun diplom işi olub. O, gənc dramaturq, mən gənc rejissor, rəhbərlik bizi birləşdirdi və filmin çəkilişini mənə tapşırdılar. Ssenari mənim çox xoşuma gəlmişdi. İlk filmim beləcə yarandı və sonra da 10 ilin içərisində hər il bir bədii film çəkdim. "Nizami" filmindən sonra isə iki ildən bir film çəkməyə başladım. Çünki hər il film çəkmək çox çətindir. "Nizami"dən sonra "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" filmlərini çəkdim. "Təxribat"dan sonra düz 10 il film çəkmədim.

- Bəs o 10 ildə nə işlə məşğul oldunuz?

- Həmin arada bir neçə sənədli film çəkdim. 1987-ci ildə isə kinostudiyanın nəzdində gənc rejissorlara kömək etmək məqsədilə "Debüt" studiyası təşkil elədim. Bu iş də çox vaxt aparır. Bura ssenari seçkisi, aktyor seçimi, lentlərin montajı daxildir. Əvvəllər çox yaxşı idi, ildə 3-4 film çəkirdik. Son illər isə vəziyyət çətinləşib, güc-bəla ilə ildə bir film çəkirik. Çətinliklərə baxmayaraq, bu studiyada çəkilən filmlər beynəlxalq festivallarda mükafatlar alıb. Mənim kimi yaşlı sənətkarların borcudur ki, gənc rejissorlara kömək eləsin. Bunlardan başqa, mən İncəsənət Universitetində 1987-ci ildən rejissor sənətindən dərs deməyə başladım. Artıq bir neçə kurs buraxmışam. Həmin tələbələrimlə fəxr eləyirəm, əksəriyyəti telekanallarda çalışırlar. "Lider TV", "Space", "ANS" və Az.TV-də verilişlər hazırlayırlar, sənədli filmlər çəkirlər. Çox şadam ki, işləməyə özlərinə yer tapıblar.

- Bizim filmlərin Hollivud filmləri səviyyəsinə çatmasına nə mane olur?

- Bizim filmlərlə Hollivudda çəkilənləri müqayisə etmək duzgün deyil. Siz özünüz də görürsünüz ki, Avropada çəkilən filmlər Hollivud filmlərindən təmamilə fərqlənir.

- Fərq nədədir?

- Hər bir xalqın öz mədəniyyəti var. Ona görə də bir ölkənin filmi ilə digərini qarşılaşdırmaq lazım deyil. Biz balaca xalq kimi gərək öz mədəniyyətimizi qoruyaq. Bu baxımdan filmlərimiz Hollivudda çəkilən filmlərdən fərqlənməlidir. Bizdə nizamilər, nəsimilər və füzulilər olanda, heç Amerika dövləti yox idi. Ona görə də biz kino sahəsində də öz yolumuzu dünya ictimaiyyətinə çatdırmalıyıq. Biz dünya kinosu aləminə öz xalqımıza məxsus kinolarla çıxmalıyıq. Siz fikir verin, son zamanlar İran kinosu artıq dünyada tanınmağa başlayıb. Bütün beynəlxalq festivallarda onlar iştirak edirlər. Çin kinosu 4 "Oskar" aldı. Biz də gərək öz sözümüzü özümüzəməxsus tərzdə deyək. Hollivudda çəkilən "Terminator", "Titanik" və başqa filmlər artıq Avropada qəbul olunmur. Avropa xalqları öz mədəniyyətlərini qoruyub saxlayırlar. Fransada qanun var ki, danışanda ingilis sözlərindən istifadə olunmamalıdır. Kim ingilis sözlərindən istifadə edirsə, qanunla cərimələnir. Biz isə öz adətlərimizi unudub, ondan-bundan adət götürürük.

- Belə filmlərin cəmiyyətə təsiri varmı?

- Çox böyük təsiri var. Xüsusən gənclər belə filmlərin təsirinə tez düşürlər. Bu gün gənclərimizin pis vərdişlərə yiyələnməsində xarici kinoların rolu böyükdür. Məsələn, belə kinolarda məktəbli məktəbə silah aparır, sinif yoldaşlarını güllələyir. Klinton prezident olanda Hollivuddan xahiş elədi ki, bir az bu filmləri saxlasınlar. Corc Buş da bu cür təvəqqedə bulundu. Yenə deyirəm, vəziyyət bu cür davam eləsə, allah eləməsin, bizdə belə uşaqlar ortalığa çıxacaq. Belə uşaqlar böyüyəndən sonra da cəmiyyət üçün çox təhlükəli olurlar.

Kino çox çətin sənətdir


- Aktyorlar sizi çox sərt rejissor kimi xarakterizə edirlər...

- Kino çox çətin sənətdir. Bu sənətdə hamı öz işinin mütləq professionalı olmalıdır. Hamı öz işinə ciddi, məsuliyyətlə yanaşmalıdır. Bizdə adi bir qrim ustası yetişdirmək üçün azı 10-15 il lazımdır. Mən özüm öz komandamı yetişdirmişdim. Bir kəlmədən məni başa düşürdülər. Mən öz işimə çox məsuliyyətlə yanaşıram. Çünki mənim işim kino çəkməklə bitmir, yeni bir həyat yaradıram. Ona görə də bu həyatda hər şey yerli-yerində, öz qaydasında olmalıdır. Çünki tamaşaçı filmin çatışmayan cəhətlərini tez görür.

- Adətən film çəkilişləri zamanı mübahisələr, münaqişələr olur. Belə hadisələrdən yadınızda qalanı varmı: məsələn, olubmu ki, operatorla və ya aktyorla dalaşasınız?

- Sözsüz, çəkiliş prosesində belə şeylər olur. Ola bilsin, nə vaxtsa olub, amma yadıma gəlmir. Əsas məsələ odur ki, rejissor öz ətrafına elə bir kollektiv yığmalıdır ki, sonradan belə hallarla rastlaşmasın. Rejissor öz işini düzgün qurmasa, özünə ziyandır. 1950-ci illərdə fransızca bir ensklopediya çıxmışdı. Orda kinorejissorlar ən qısaömürlü peşə sahibləri arasında 4-cü yerdə göstərilirdilər.

- Bu illər ərzində çoxlu aktyorlarla işləmisiniz. Onlardan kimlərlə işləmək sizə rahat idi?

- Mən rəhmətlik Həsənağa Turabovla işləyəndə ləzzət alırdım. Mənim elə bir filmim yoxdur ki, Turabov çəkilməsin. Hətta kiçik, epizodik rol olsa da, çəkilirdi. Ondan başqa, Yaşar Nuri ilə də işləmək çox rahatdır. Belələri çoxdur.

- Heç aktyoru çəkilişdən uzaqlaşdırıb, başqası ilə əvəzləmisinizmi?

- Yox, mən belə hallarla rastlaşmamışam. Hesab edirəm ki, aktyoru rola rejissor hazırlamalıdır, rolu ona başa salmalıdır. Ümumiyyətlə, rejissor filmdəki bütün səhvlərə görə cavabdehdir. Aktyorun səhvi varsa, bu, rejissorun günahıdır. Deməli, rejissor aktyoru duya, onunla dil tapa və rolu ona düşündüyü kimi çatdıra bilməyib.

- Özünüz aktyor kimi çəkilmisinizmi?

- Kiçik bir epizodda oynamışam. Mərahim Fərzəlibəyov "Mənim ağ şəhərim" filmini çəkəndə məndən xahiş elədi, çəkildim. Rəhmətlik Həsənağa Turabov mənə deyirdi ki, "çəkil filmlərə", mən də zarafatla deyirdim ki, "mən çəkilsəm, siz işsiz qalacaqsınız, istəmirəm çörəyinizi əlinizdən alım".

- Ən çox hansı filmin çəkilişində çətinlik çəkmisiniz?

- "Babək" filminin çəkilişlərində çox əziyyət çəkdik. Filmin döyüş səhnələrini Naxçıvanda 40 dərəcə istidə çəkirdik. Rasim Balayev 12 kilo ağırlığında dəmir geyimdə, başında da dəbilqə o istidə oynayırdı. Çox əziyyət çəkdi. Elə olurdu ki, bir gün ərzində 4 at dəyişməli olurdu. Çünki atlar istiyə dözə bilmirdilər. Döyüş səhnələrində 250 nəfər atlı, 4000-5000 piyada qarışırdı bir-birinə...

- O qədər adamı hardan gətirmişdiniz?

- Onlar əsgərlər idi, amma aktyorları da aralarına salırdıq. Atlarınsa 150-sini Moskvadan gətirtmişdik...

- Bu filmə nə qədər vəsait ayrılmışdı?

- O vaxtın pulu ilə 1660000 manat. Təsəvvür edin, həmin dövrdə 1 dollar 50 qəpik idi. Yəni film təxminən 3320000 dollara başa gəldi.

- "Babək" filmini çəkəndə əvvəlcə baş rola başqa aktyoru dəvət etmisiniz. Bir də deyirlər ki, Həsənağa Turabova Afşindən qabaq Babək rolunu vermək istəmisiniz. Bu söhbətlər nə dərəcədə doğrudur?

- Mən Babək roluna Rasim Balayevi dəvət eləmişdim. O vaxtlar "Dədə Qorqud" filminin çəkilişləri təzəcə qurtarmışdı. Ondan da əvvəl Rasim "Nəsimi"də çəkilmişdi. Ona görə də mənə dedilər ki, "nə oldu, elə tarixi filmlərdə Rasim Balayev çəkilir?". Sonra rus aktyoru Aleksandr Abdulovu çağırmışdım. Çox yaxşı aktyordur. Amma ona dəmir geyim geyindirib başına dəbilqə qoyanda Babəkdən çox rus knyazlarına oxşayırdı. Özü də görürdü ki, Babək onda alınmır. Ona görə də elə Rasim Balayevi çəkdim. Amma rəhmətlik Həsənağa əvvəlcədən Afşin roluna təsdiqlənmişdi.

- Bəs Müslüm Maqomayevin "Nizami" filminə baş rola çəkilməsi necə oldu?

- Bu mənim öz seçimimdir. Çünki istəyirdim ki, Nizami roluna yeni bir adam çəkim. Digər tərəfdən, o dövrlərdə Müslüm Maqomayev SSRİ-də çox məşhur idi. Ona görə Müslümü çəkdim ki, onun pərəstişkarları üçün bu, yenilik idi və onun adı ilə bu filmə baxacaqdılar. Onu "Nizami"ni tanıtdırmaq üçün çəkdim. Ola bilsin ki, film istənilən səviyyədə alınmayıb. Amma Müslümün o filmdə böyük xeyri oldu ki, onun bu filmə çəkilməsinə görə pərəstişkarları Nizaminin kimliyi ilə maraqlandılar? Mən inanırdım ki, Rusiyada, Ukraynada və SSRİ-nin başqa respublikalarında Müslümə görə tamaşaçı həmin filmə baxmağa gələcəkdi. Belə də oldu.

- Ondan başqa həmin rola kimi nəzərdə tutmuşdunuz?

- Rəhmətlik Hamlet Xanızadə sınaq çəkilişlərindən uğurla keçmişdi. Lakin dediyim məqsədlərə görə Müslümün üzərində dayandıq.

Milli.Az
URL: http://www.milli.az/news/culture/87591.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 770

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
Balzak 25.12.2011 19:07
Sherhi qoyun yerine.
tahir 25.12.2011 21:24
nizami filmi yaxşi cəkilməyib bu film nizami kimi böyuk bir şairə təhgir kimi gəbul etmək olar.yaxşi olardi o filmi baçga bir adla tamaşacilara təgd
Balzak 25.12.2011 23:32
Eldar Quluyev Azerbaycanin boyuk rejissorlarindandir. Menim de beyendim rejissordu. Lakin etiraf etmek lazimdir ki, filmin isteniler seviyyede alinmamasinin sebebi, Nizami kimi dahi insanin obrazin yaratmaq ucun peshakar, kino aktyorunun uzerinde dayanmamaginizdir. Kash ki ele Hamlet Xanzadenin uzerindede dayanardiniz.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: