Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İqtisadiyyat

2010-cu ildə keçiriləcək sərgilərin payız marafonu başlayır

06 Sentyabr 2010 [13:12] - MİLLİ.AZ
Azərbaycanda keçirilən beynəlxalq sərgilər bu il də ənənəvi olaraq sentyabr ayında start götürəcək.
Bu ilin payız mövsümündə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkəti 12 mövzunu əhatə edən sərgi layihələrini həyata keçirməyi planlaşdırırlar və bu mövsüm sərgi sənayesi üçün xüsusi olacaq.  Hər şeydən əvvəl ona görə ki, paytaxtdakı bütün sərgilər ən müasir tələblərə cavab verən yeni “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçiriləcəkdir. Sərgilərin yeni kompleksdə keçirilməsi belə tədbirlərin təşkili və keçirilməsi baxımından inkişafa və xüsusi yanaşma tərzinə yeni bir təkan verir. Bütün payız sərgilərinin dövlət strukturları tərəfindən göstərilən dəstək altında həyata keçirilməsi gələcək sərgilərin uğuruna zəmanət verir.

Mövsümü regional sərgilər açacaq. Regionlarda sərgi sektorunun inkişafı proqramını davam etdirən “Iteca Caspian” şirkəti  21-23 sentyabr tarixlərində Gəncə şəhərində “Gəncənin infrastrukturu” adlı 3-cü Azərbaycan Regional Sərgisini təşkil edəcək. Sözügedən sərgi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Gəncə şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Gəncə Sahibkarlar Assosiasiyasının dəstəyi ilə keçiriləcək. Bu tədbirdə əsas diqqət kənd təsərrüfatı sektoru, qida sənayesi və inşaat və bank sahələrinin məhsul və xidmətlərinə yönəldiləcəkdir. Bu sərgi çərçivəsində, Azərbaycanda istehsal fəaliyyətinə yenicə başlamış zavodların məhsulları da təqdimat olunacaq.  

Regional sərgilərlə demək olar ki, eyni vaxtda paytaxt sərgiləri də öz işinə başlayacaq. Bakıda keçiriləcək sərgilərin təqvimini hər il təşkil olunan “BIHE” Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi açacaqdır. Bu sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının fəal dəstəyi ilə 22-24 sentyabr tarixlərində keçiriləcək. Sərgidə 15 ölkəni təmsil edən 100-dən artıq şirkətin iştirakı gözlənilir. “BIHE” sərgisinin debütantları arasında Bavariyanın İqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Bavariya milli stendi də var. Almaniya şirkətləri isə müasir tibb avadanlıqları və dezinfeksiya üçün vasitələr təqdim edəcəklər. Geniş çeşiddə dərman preparatları isə Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan iri əczaçılıq şirkətləri tərəfindən təqdim olunacaq.

“BIHE” sərgisi ilə yanaşı stomatologiya avadanlıqlarını, tibbi istehlak materiallarını və bir çox digər məhsulları təqdim edən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunacaq. Sərginin ərazisində real vaxt rejimində kiçik cərrahiyə əməliyyat və proseduraları da keçiriləcəkdir. Bundan əlavə, Azərbaycan Stomatoloji Assosiasiyasının dəstəyi ilə Stomatologiya sərgisi çərçivəsində bu il stomatologiya sahəsinin mərkəzi hadisəsi olacaq “Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri” adlı 16-cı Beynəlxalq Elmi-Praktiki Konfrans da keçiriləcək. Konfransda həm yerli, həm də əcnəbi mütəxəssislər öz məruzələri ilə çıxış edəcəklər.

Daha bir layihə - 4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi də həmin tarixdə, yəni 22-24 sentyabr tarixlərində keçiriləcəkdir. “Beauty Azerbaijan” sərgisinin iştirakçıları bu il də Avropanın aparıcı istehsalçılarının müalicəvi kosmetika məhsullarını fəal şəkildə təqdim edəcək, kosmetika vasitələrinin düzgün istifadəsi və mezoterapiya üzrə treninq və təkmilləşdirmə kursları keçirəcəklər. Bundan əlavə, ilk dəfə olaraq sərgi çərçivəsində estetik təbabət üzrə konfrans da keçiriləcək. Konfransın əsas mövzusu dəriyə qulluq proseduralarına həsr olunacaq.

Regionda tədris xidmətləri, gənclərin peşəyönümlü təhsili və məşğulluğu sahəsində ən iri tədbirlərdən biri sayılan 4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-9 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcəkdir. Azərbaycan, ABŞ, Avstriya, BƏƏ, Latviya, Macarıstan, İspaniya, Kanada, Rusiya, Türkiyə, Yunanıstan və digər ölkələrdən 90-dan çox təhsil müəssisəsi bu il keçiriləcək sərgidə öz imkanlarını nümayiş etdirəcəklər. Bu sərginin fərqli xüsusiyyətlərindən biri, milli təhsil strukturları, universitet və kolleclərin fəal iştirakı olacaq. Belə ki, bu ilki sərgidə, ilk dəfə olaraq, özündə 14 təhsil müəssisəsini, o cümlədən İzmir İqtisad Universiteti, İstanbul Kulinariya Universiteti, İncəsənət Akademiyası və Türkiyə Respublikasının digər nüfuzlu ali təhsil müəssisələrini birləşdirən milli türk universitetləri qrupu iştirak edəcəkdir. Koreya milli pavilyonuna isə informasiya və kommunikasiya texnologiyaları və mühəndislik sahələri kimi prioritet istiqamətləri olan 10-dan çox Koreya universiteti daxil olacaq. 2010-cu ildə keçiriləcək sərginin qeydiyyatı üzrə sponsor “Study in Korea” şirkəti olacaq. Rusiya ali təhsil müəssisələri qrupunu Moskva və Sankt-Peterburq şəhərlərinin məşhur universitetləri də daxil olmaqla, Rusiyanın 30 təhsil müəssisəsinin rəsmi nümayəndəsi sayılan şirkətin stendi təmsil edəcək. Sərgidə Böyük Britaniyada nüfuzlu təhsil almaq imkanı London, Esseks, Nottinqem, Suffolk və digər şəhərlərin 8 universitet və məktəbləri tərəfindən təqdim olunacaq. Azərbaycanda turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi və bu sahədə mövcud olan kadr çatışmazlığı fonunda, İsveçrənin mehmanxana biznesinin idarə olunması və turizm üzrə ixtisaslaşmış məktəbləri tərəfindən təqdim ediləcək təkliflər sərgidə öz xüsusi aktuallığı ilə seçiləcəkdir. Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və özəl ali təhsil müəssisələri tərəfindən təqdim olunacaq. “Karyera” sektorunda potensial işəgötürənlər, kadr agentlikləri və treninq şirkətləri iştirak edəcəklər. Sərgi proqramını tələbələr və gənc mütəxəssislər üçün karyeranın qurulması üzrə seminar və təkmilləşdirmə kursları müşayiət edəcək.

Sərgilər estafetini Xəzər və Qafqaz regionlarında ən iri beynəlxalq inşaat sərgisi olan “BakuBuild” davam etdirəcək. Sözügedən sərgi, ənənəvi olaraq, 20-23 oktyabr tarixlərində keçiriləcək. “BakuBuild” sərgisinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycan Respublikası Memarlar İttifaqı tərəfindən dəstək verilir. Bu il sərgidə iştirak edəcəyi gözlənilən 15 ölkədən 250 şirkət kompleksin iki pavilyonunu, eləcə də açıq meydançasını tutacaq. Ənənəvi olaraq, sərgidə Almaniya və İtaliyanın milli stendləri, habelə Finlandiya və İranın milli qrupları iştirak edəcəklər. Litva və Ukraynanın milli qrupları isə sərgidə iştirak etmək istədiklərini bildiriblər. Yerli inşaat şirkətlərinin birləşmiş qrupu iştirakçıların ümumi sayının 30 faizini təşkil edəcək. “BakuBuild” sərgisi bu il də geniş çeşiddə inşaat avadanlıqları, bəzək-naxış materialları, santexnika, eləcə də yol-tikinti texnikasını nümayiş etdirəcəkdir. Sərgini seminar və təqdimat mərasimləri də daxil olmaqla, zəngin işgüzar proqram müşayiət edəcək. Sərgi çərçivəsində müasir texnologiyalar və şəhərsalmanın planlaşdırılması, habelə Bakı şəhərinin sərhədlərinin genişləndirilməsinə həsr olunmuş dəyirmi masa keçiriləcək.

İlk dəfə olaraq, “BakuBuild” sərgisi ilə yanaşı, “Aqua-Term Baku” - Beynəlxalq “İstilik, ventilyasiya, kondisiyalaşdırma, su təchizatı, santexnika və ətraf mühitin mühafizəsi texnologiyaları” sərgisi də keçiriləcək. Yeni və inkişaf edən bazarlarda sərgi biznesinin lideri sayılan, Böyük Britaniyanın “ITE Group plc” şirkəti İtaliyanın “Fin-mark Srl” şirkətini əldə etmişdir. Bu şirkət də öz növbəsində bir sıra sərgilərin təşkilatçısı sayılır və istilik, ventilyasiya, kondisiyalaşdırma, santexnika və su təchizatı (“HVAC”) sektorunda tanınmış sərgi brendi olan “Aqua-Term” sərgisi, onların arasında xüsusi yer tutur. Son bir neçə il ərzində “HVAC” ekspozisiyası “BakuBuild” inşaat sərgisinin bir sektoru sayılıb. Bu il isə “Aqua-Term Baku” ayrıca bir layihə kimi keçiriləcək və Azərbaycan, Almaniya, Danimarka, İran, İtaliya, Türkiyə, İsveçrə və digər ölkələr də daxil olmaqla, 12 ölkədən 50-dən çox şirkəti öz meydançasında bir araya gətirəcəkdir.
İnşaat sərgisi ilə eyni meydançada “CaspianMebelExpo” 8-ci Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də yer alacaq. Sözügedən sərgidə daxili otaqların interyer və dizaynı, divar kağızları, ev tekstili, işıqlandırıcı cihazlar, güzgülər, büllur və s. təqdim olunacaqdır.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin ən vacib hadisələrindən biri olan “BakuTel” 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı Azərbaycan Respublikası Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə 23-26 noyabr tarixlərində keçiriləcək. Sərgidə dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edəcəkdir. Nəzərə alaraq ki, xarici ölkələr öz məhsullarının Azərbaycan bazarında təşviqində maraqlıdırlar, bu il “BakuTel” sərgisində Koreyanın, eləcə də ilk dəfə olaraq Belarus, Litva və Polşa kimi ölkələrin milli stendlərinin iştirakı planlaşdırılır. Azərbaycanda “Ekologiya İli” ilə əlaqədar olaraq, sərginin xüsusi mövzusu “İKT və qlobal iqlim dəyişiklikləri” olacaqdır. Sərginin ikinci iş günü, yəni 24 noyabr tarixində keçiriləcək konfrans da bu mövzuya həsr olunur. Sözügedən konfrans hər il sərginin işini müşayiət edir və Azərbaycan Respublikası Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Konfransda aparıcı beynəlxalq və yerli İKT və telekommunikasiya şirkətlərinin mütəxəssisləri öz məruzələri ilə çıxış edəcəklər. Bu ilki sərginin baş sponsoru “Huawei Technologies” şirkətidir.

“BakuTel” sərgisi ilə paralel olaraq, 3-cü Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri” Sərgisi (“CIPS”) də təşkil olunacaq. Bu ilki sərgi əvvəlkilərdən yüksək intellektual mühafizə vasitələrinin istehsalı sahəsində ən yeni ixtiralarla fərqlənəcəkdir. Belə ki, təhlükəsizlik və siqnalizasiya sistemlərinin, DMV (daxilolmanı məhdudlaşdıran vasitələr), yanğın və yanğından mühafizə siqnalizasiyası sistemləri üçün partlayışa davamlı yanğınsöndürmə avadanlıqları və bu kimi bir çox digər məhsulların ixtiraçıları və istehsalçıları sərgi iştirakçılarının arasında olacaqlar. Sərgi çərçivəsində təqdimat mərasimləri və seminarların keçirilməsi planlaşdırılır. Sərgi 24-26 noyabr tarixlərində keçiriləcək.

Yuxarıda qeyd olunduğu kimi, bütün sərgilər “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçiriləcəkdir və sərgilərə giriş əvvəlki kimi pulsuz olacaqdır. Bundan əlavə, sərgini ziyarət etmək arzusunda olanlar üçün sərnişinləri pulsuz olaraq sərgiyə aparıb gətirəcək rahat avtobuslar da təmin olunacaq.

Milli.Az
URL: http://www.milli.az/news/economy/20513.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1552

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: