Rəsmi qurum: "Bu məqsədlə Fondun yerli orqanlarında xüsusi komissiyalar fəaliyyət göstərir".
Elmlər doktoru və namizədlərinin pensiyalarının artırılması sevinclə qarşılandı və bəzi suallar doğurdu. Bu barədə fikir söyləməyə Milli.Az xəbər portalına daxil olan məktub əsas verir. Məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli redaksiya! Mənim sizə bir sualım var. Sizin 04.07.2011-ci il tarixli elmlər doktoru və namizədlərinin pensiyalarının artırılması ilə bağlı
məqalənizdə göstərilir ki, bununla bağlı Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək lazımdır. Belə ki, adı çəkilən fondun işçiləri ilə bu barədə danışarkən mənə dedilər ki, bu göstəriş hələ onlara daxil olmayıb. Nənəm iqtisad elmləri doktoru dərəcəsinə malikdir və 40 ildən çox Azərbaycan Milli Elmlər Akademiyasında işləyib. Hörmətlə, nəvəsi".
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri
Elman Babayev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, "Əmək pensiyaları haqqında" Qanunda edilmiş dəyişikliyə əsasən, bu ilin iyulun 1-i tarixindən etibarən Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılıb.
Belə ki, iyulun 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, elmlər namizədi elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Bu artımlar təxminən 5910 nəfərə şamil olunub. Onların 1460 nəfəri elmlər doktoru, 4450 nəfəri isə elmlər namizədidir.
"Qaldı ki, konkret olaraq sizə sual ünvanlayan vətəndaşla bağlı məsələyə, o müvafiq sənədlər, yəni əmək kitabçası və şəxsiyyət vəsiqəsi ilə Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduğu rayon üzrə yerli şöbəsinə müraciət edə bilər. Elə hallar mövcuddur ki, vətəndaş məlumat vermədiyindən və ya başqa səbəblərdən müvafiq qeydlər pensiya işlərində mövcud deyil və pensiyaçıların təqdim etdikləri əlavə təsdiqedici sənədlər əsasında hesablamalar aparılmalıdır.
Bu məqsədlə Fondun yerli orqanlarında xüsusi komissiyalar fəaliyyət göstərir və vətəndaşlar özlərində olan əlavə sənədlərini həmin komissiyalara təqdim etməlidirlər. Eləcə də vətəndaşlar digər məsələlərlə də bağlı bu komissiyalara müraciət edə bilərlər", - deyə DSMF-nun rəsmisi əlavə etdi.
Anar MəmmədovMilli.Az