Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İqtisadiyyat

Azərbaycanda səhiyyə sərgisi başlayır

12 Sentyabr 2011 [18:28] - MİLLİ.AZ
Sentyabrın 13-dən “Bakı Ekspo” sərgi mərkəzində regionun əsas səhiyyə hadisəsi - illik Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE”) sərgisi öz işinə başlayır. Artıq 17 ildir ki, yerli və beynəlxalq səhiyyə sənayesinin nümayəndələri əməkdaşlıq perspektivlərini və bu sahənin inkişafını müzakirə etmək, habelə səhiyyədə mövcud olan tendensiyaları və texnoloji yenilikləri sektorun geniş mütəxəssis dairəsinə nümayiş etdirmək üçün Bakıda keçirilən ən iri regional sərgidə toplaşırlar. Bu tədbirin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilməsi sərginin yüksək statusunu təsdiq edən amillərdən biridir. Artıq 5 ildir ki, “BIHE” sərgisi Ümumdünya sərgi sənayesi assosiasiyasının (UFI) keyfiyyət nişanına layiq görülür və bu, sözügedən sərginin keyfiyyətinə zəmanətdən, olduqca peşəkar səviyyədə hazırlanması və keçirilməsindən, eləcə də sərgi ilə bağlı statistik göstəricilərin doğruluğundan xəbər verir.

Bu il sərgi Azərbaycanda keçirilən “Səhiyyə həftəsi” adlı tədbirin davamı olacaq. Sərginin açılışına bir gün qalmış, yəni 12 sentyabr tarixində Ümumdünya səhiyyə təşkilatının (ÜST) Avropa regional bürosunun sessiyası öz işinə başlayır. Tədbirdə 53 Avropa ölkəsinin nazirləri və səhiyyə müəssisələrinin digər rəhbər işçiləri iştirak edəcəklər. Sessiyanın gedişatında səhiyyə sistemində yeni nailiyyətlərin istifadəsi, habelə vərəm xəstəliyi və antibiotiklərdən düzgün istifadə üzrə strategiya ilə bağlı mövzular müzakirə olunacaq. Bu forumun iştirakçıları “BIHE” sərgisinə fəxri qonaq qismində dəvət olunublar.

“BIHE 2011” sərgisində 19 ölkədən 124 şirkət iştirak edir. Bu şirkətlər sərgidə yüzdən çox məşhur brendi təmsil edəcəklər. Sərgidə Azərbaycan, Almaniya, Latviya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin aparıcı şirkətlərinin ən yeni ixtiraları nümayiş etdiriləcək. Sərginin 40 faizini ekspozisiyanın daimi iştirakçıları təşkil edir. Onların arasında “Labservis” (Azərbaycan), “Akgun Software” (Türkiyə), “Amiko” (Rusiya) və digər şirkətlər var. Sərginin eksponentləri arasında ardıcıl olaraq ikinci ildir ki, Bavariya İqtisadiyyat, Nəqliyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bavariya Milli Stendi (Almaniya) iştirak edir. Alman istehsalçıları sərgidə müasir tibb avadanlıqları, cihazlar, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələri, həmçinin Bavariya tibb müəssisələrinin xidmətlərini nümayiş etdirəcəklər. Bütövlükdə, “BIHE” sərgisinin ekspozisiyası tibbi məhsul və xidmətlərin – tibbi avadanlıqlar, əczaçılıq preparatları, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələrinin böyük çeşidi və bir çox digər məhsulları təqdim edir. Bu il laboratoriya avadanlıqları və “xaricdə müalicə” kimi perspektiv istiqamətlər üzrə fəaliyyət göstərən sərgi iştirakçılarının sayı xeyli artıb.

Layihə çərçivəsində ardıcıl olaraq ikinci ildir ki, əsas diqqəti innovasiyalı məhsullara yönəldən və ümumi ekspozisiyanın 35 faizini təşkil edən “İnnovasiyalar ərazisi” fəaliyyət göstərir. Sərgi çərçivəsində yeni mal və texnologiyaları təqdim edən bütün şirkətlər öz stendlərində və sərgi planında xüsusi nişanla qeyd olunacaqlar. Yenilikləri və şirkətlər ilə əlaqə məlumatlarını əks etdirən innovasiyalar kataloqunun nəşri isə artıq bir ənənəyə çevrilib. Bu il sözügedən kataloq sərginin bütün iş günlərində, yəni üç gün ərzində “Bakı Ekspo” sərgi mərkəzinin ərazisində yerləşən qeydiyyat masasından pulsuz olaraq paylanılacaq. İnnovasiyalı məhsullar haqqında ətraflı məlumatlar ilə sərginin www.bihe.az vebsaytında tanış olmaq mümkündür.

Bundan əlavə, peşəkarları təqdimat mərasimləri və seminarlardan ibarət olan, sərginin işini müşayiət edəcək dolğun işgüzar proqram gözləyir. Belə ki, 14 sentyabr 2011-ci il tarixində saat 14.00-da “Bakı Ekspo” sərgi mərkəzinin konfrans zalında Avropanın ən iri və ən nüfuzlu klinikalarından biri - Frayburq şəhər universitet klinikasında profilaktika, diaqnostika və müalicə imkanlarına həsr edilmiş “Almaniyada müalicə” adlı seminar keçiriləcək.

“BIHE” sərgisi ilə paralel 6-cı Azərbaycan beynəlxalq “Stomatologiya” sərgisinin də açılışı olacaq. Burada stomatoloji avadanlıqlar, tez-tez istifadə olunan materiallar və bir çox digər məhsullar təqdim ediləcək. Sərgi çərçivəsində stomatologiya sahəsinin yenilikləri, həmçinin Almaniya istehsalı olan 3D tomoqrafiya aparatı nümayiş etdiriləcək.

Bu il öz beşillik yubileyini qeyd edən “Beauty Azerbaijan-2011” Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” sərgisi öz ekspozisiyasını xeyli genişləndirmişdir. Bu sərgi də eyni gündə, yəni sentyabr ayının 13-də öz işinə başlayacaqdır. Azərbaycan, Almaniya, Kanada, Çin, Rusiya, Türkiyə və başqa ölkələrdən olan iştirakçılar sərgi çərçivəsində peşəkar kosmetika, bədən və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq üçün materiallar və bir sıra digər məhsulları nümayiş etdirəcəklər. Bu il ilk dəfə olaraq, sərgidə kollagen kosmetik vasitələr və dişlərin qısa zaman ərzində ağardılması sistemləri nümayiş etdiriləcək.

Beləliklə, sərgi bu il də müalicə müəssisələrində yeni texnologiyaların tətbiqi, müalicə bazasının müasir diaqnostika və müalicə avadanlıqları ilə yenilənməsi, təcrübə mübadiləsi və səhiyyə müəssisələrində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması üçün unikal platforma olacaq.

2011-ci ilin sərgilərinin tərəfdaşları “AZAL”, “Azerfon-Vodafone”, “Greenwich Travel Club” və “Caspel” şirkətləri, habelə “Qafqaz Point Hotel” mehmanxanasıdır. Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti isə bu sərginin təşkilatçıları qismində çıxış edirlər.

Sərgi öz işini 15 sentyabr tarixində yekunlaşdıracaq.

Milli.Az
URL: http://www.milli.az/news/economy/67974.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 666

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: