Otkyabrın 19-22-də Bakıdakı “Bakı Ekspo” sərgi mərkəzində regionun isitmə sistemləri, su təchizatı, sanitariya texnikası, havalandırma, kondisiyalaşdırma, hovuzlar, saunalar və Spa mərkəzləri üçün avadanlıqlar (HVAC) sənayesinin əsas hadisə olan 3-cü Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” (“AquaTherm Baku”) sərgisi keçiriləcək. “AquaTherm” - dünya şöhrətli sərgi brendidir və hər il bu brend çərçivəsində Moskva, Ukrayna, Qazaxıstan və Özbəkistanda sərgilər keçirilir.
Bu il “AquaTherm Baku” sərgisi “Bakı Ekspo” mərkəzinin ikinci zalında keçiriləcək və öz meydançasında İtaliya, Çin, Rusiya, Türkiyə, İsveç, Finlandiya və digər ölkələrin aparıcı şirkətlərini bir yerə toplayacaqdır. Sevindirici haldır ki, sərgi ekspozisiyasının üçdə bir hissəsini yerli şirkətlər təşkil edirlər.
2011-ci il sərgisini fərqləndirən cəhət isə ondan ibarətdir ki, hazırkı ekspozisiya sahəsi ötən il sərgidə iştirak etmiş şirkətlərin hesabına xeyli genişlənmişdir. Beləliklə, bu il sərgidə ekspozisiya sahələrinin təqribən 40% intensiv artımı müşahidə olunur. Həmçinin, bu il ekspozisiyanın 15%-ni təşkil edən debütantların sayı da artmışdır.
Sərgidəki məhsulların çeşid müxtəlifliyi də nəzərə çarpır. Ənənəvi isitmə sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, havapaylayıcı qurğular və s. bu kimi məhsullardan başqa, ilk dəfə olaraq sərgidə kimya sənayesi üçün nəzərdə tutulmuş quru buz, portativ sobalar, soyuducu qurğular üzrə innovasiyalar, keramik membran filtrləri və bir çox digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar təqdim edən şirkətlərin stendləri xüsusi “İnnovasiyalar ərazisi” nişanı ilə qeyd ediləcək və bunun sayəsində həmin şirkətləri həm sərgi ərazisində, həm də sərginin planında asanlıqla tapmaq mümkün olacaq.
Hər il sərgiyə bu sahə ilə maraqlanan minlərlə ziyarətçi gəlir. Sərgini ziyarət etməyi əvvəlcədən planlaşdıran sənaye peşəkarları arasında bu tədbirə maraq artıq indidən hiss olunur və bu baxımdan, əcnəbi ziyarətçilər arasında yüksək fəallıq nəzərə çarpır. Belə ki, Azərbaycan bazarını öyrənmək üçün BDH (İsitmə sistemləri) və FGK (Havalandırma, kondisiyalaşdırma və soyutma) kimi iki məşhur alman peşə assosiasiyasının nümayəndələri bu il sərgini ziyarət edəcəklər. Gələn il bu assosiasiyalar sərgidə iştirak etməyi və layihədə səmərəli iştirak etmək istəyən assosiasiya üzvlərinə hərtərəfli dəstək göstərməyi planlaşdırırlar.
Beləliklə, sərgi inşaat və HVAC peşəkarlarının bir araya gələrək görüşmələri, habelə Xəzər və Qafqaz bazarlarında işgüzar fəaliyyətin təşviq edilməsi, yeni tərəfdaş axtarışı, bazarın təhlili və yekun istehlakçı ilə səmərəli iş üçün lazımı şərait yaradır.
Bu tədbirin təşkilatçıları “Iteca Caspian”, “Fin-mark Srl.” və “ITE Group plc” şirkətləridir.