Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Sərgilər

"Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar" mövzusunda seminar keçirilib

19 Yanvar 2012 [13:23] - MİLLİ.AZ
Bakıda “Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar” mövzusunda seminar təşkil edilib. Seminar Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin dəvəti ilə “EkspoEffekt” (Rusiya) sərgi konsaltinqi üzrə agentliyin baş direktoru, “Sərgilərdən maksimum faydalanmanın yolları” adlı praktiki tədris vəsaitinin müəllifi Nikolay Karasev tərəfindən keçirilirdi.

Tədbirdə sərgilərin daimi iştirakçıları olan, eləcə də bu il öz debüt iştirakını planlaşdıran şirkətlərin ümumilikdə 80-dən çox nümayəndəsi iştirak edib. Seminarın gedişində iştirakçılar sərgi təcrübəsini sistemləşdirməyə və artırmağa, o cümlədən sərgilərdə iştiraka hazırlıq zamanı tez-tez yol verilən səhvlərdən və stereotiplərdən qurtulmağa imkan yaradan qabaqcıl sərgi texnologiyaları ilə tanış olublar. Seminarın əksər hissəsi sərgi təcrübəsinə əsaslanan konkret misal və vəziyyətlərin araşdırılmasına həsr olundu və iştirakın səmərəsinə təsir edən ən mühüm amillərə, məsələn, məqsədlərin təyin edilməsi, stendin dizayn və tərtibatı, stenddə çalışacaq işçi heyətin hazırlaşdırılması, ziyarətçilərlə iş, sərgidə iştirakın nəticələrinin qiymətləndirilməsi və s. bu kimi məsələlərə toxunulub. Seminar çərçivəsində sərgidə çalışacaq personalın hazırlığı xüsusunda da geniş müzakirələr aparılıb.

Nikolay Karasev sadə formullar əsasında və statistik məlumatlara istinad etməklə, sərgilərdə iştirakın səmərəlilik göstəricilərini (sərgidən əvvəl və sonra həyata keçirilən reklam kampaniyasını nəzərə almaqla) müəyyən etməyi təklif edib. Nikolay Karasev auditoriyanın diqqətini sərgidən sonrakı dövrdə sərgidə qurulan əlaqələrlə aparılan işin əhəmiyyətinə, həmçinin sərgilər üzrə statistik göstəricilərin toplanılması, təhlili və istifadəsinə yönəldib.

Seminarda iştirakçılar sərgilərə hazırlıq - iştirak prosesində rast gəlinən bir sıra problemləri müzakirə edərək onların həlli üzrə konkret məsləhətlər alıblar. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilər çərçivəsində eksponentlərin əldə etdikləri həm uğurlu, həm də uğursuz təcrübəyə dair real nümunələr isə xüsusi marağa səbəb olub.

Sonda bütün iştirakçılara “Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar” seminarında iştirakı təsdiqləyən sertifikatlar təqdim olunub.

Gələcək eksponentlər seminarın səmərəsini yüksək qiymətləndirdilər, bir çoxları isə bu qəbildən olan tədbirlərin əhəmiyyətini qeyd edərək, seminar çərçivəsində praktiki tövsiyələrin, habelə sərgi zamanı ortaya çıxan standart problemlərlə bağlı yeni həll variantları haqqında məlumatın verildiyini bildiriblər. Beləliklə, seminardan sonra iştirakçılar arasında aparılan kiçik rəy sorğusu göstərib ki, eksponentlər bu seminar sayəsində xeyli maraqlı məlumat toplaya bilmişlər və demək olar ki, hamı sonrakı sərgilərdə iştirak edərkən bu biliklərdən hökmən istifadə edəcəyini əminliklə vurğulayıb.

Seminarın məruzəçisi qeyd edib ki, Bakı şəhəri beynəlxalq tədbirlərin keçirilməsi üçün mükəmməl bir yerdir. “Azərbaycan Respublikası b2b formatlı tədbirlərin keçirilməsi baxımından bir sıra üstünlüklərə malikdir: dinamik inkişaf edən bazar, inkişaf etmiş infrastruktur, müasir sərgi mərkəzi və zəngin mədəni irs. Buna görə Azərbaycan nəinki regionda, həm də daha geniş miqyasda sərgi və konfransların keçirildiyi mərkəz olmaq üçün bütün perspektivlərə malikdir”, - Nikolay Karasev bildirib.

Milli.Az

URL: http://www.milli.az/news/exibitions/92178.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 264

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: