Ölkənin içindəki siyasi və iqtisadi böhran ac və səfil gündə olan ermənilər üçün qaçmaqdan başqa çıxış yolu qoymur...
Ermənistanda vəziyyət get-gedə daha da ağırlaşır. Bir tərəfdən iqtisadi böhran, digər tərəfdən siyasi çaxnaşmalar artıq hakimiyyətin öz içinə də düşüb. Sərkisyanın komandası ilə yola getməməsi onun mövqelərini zəiflətdiyindən diaspor da tədbirli davranaraq, yerli bankları bir-bir ələ keçirməyə başlayıb. Müxalifət düşərgəsində isə birləşmə ilə bağlı problemlər var və vaxtaşırı tərəflər didişmələrdən yaxa qurtara bilmirlər. Əhali isə aclıq və səfalət içində ölkənin məmur-oliqarxlar tərəfindən talan edildiyini görərək, ölkəni tərk etməkdədirlər. Deyəsən, Ter-Petrosyanın dediyi kimi, çox keçməz Ermənistan ermənilərsiz qalacaq.
Sərkisyan Abramyana yerini göstərmək istəyir
Ermənistan hakimiyyətinin içində baş verən çaxnaşma artıq elə bir həddə çatıb ki, prezident Serj Sərkisyanla spiker Ovik Abramyan arasında böyük bir qalmaqal yaranmaqdadır. Xeyli müddətdir Sərkisyanı adam yerinə qoymayan Ovikə yerini göstərmək istəyən erməni dövlət başçısı vergi müfəttişlərini onun üzərinə göndərməyə başlayıb.
«Qaraparak» qəzetinin yaydığı məlumata görə, artıq 15 gündür Ermənistan Vergilər Nazirliyinin müfəttiqləri ölkənin spikeri Oivk Abramyanın nəzarətində olan obyektlərdə yoxlamalara başlayıblar. Qəzetin iddiasına görə, məqsəd spikerə yerini göstərməkdir. «Sərkisyan birbaşa göstəriş verib ki, Abramyanın bütün obyektlərində yoxlama aparılsın. Bundan sonra isə digər oliqarxların obyektlərində yoxlama aparılacaq».
Erməni mətbuatının yaydığı bir başqa məlumatda deyilir ki, parlamentin spikeri Ovik Abramyanın təkcə Artaşat əyalətində minlərlə hektar torpaq sahəsi, ayrı-ayrı ticarət obyektləri var. Bir müddət əvvəl yaranmış narazılıq üzündən isə Abramyan həmin obyektləri satmaq qərarına gəlib.
İrəvanda 400 min dollara nazir postu satılır
Ermənistanda həmçinin nazir postları da satılır. Məsələn, bu yaxınlarda məlum olub ki, ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Baqdasaryan kənd təsərrüfatı naziri Gerasim Allahverdiyanı dəyişmək istəyir və bunun üçün 400 min dollar rüşvət təklif edib. Bu barədə məlumat verən «Aykakan Jamank» qəzeti bildirir ki, həmin pulu alan Allahverdiyan artıq istefa verməyə hazırlaşır.
Qəzetin yazdığına görə, Baqdasaryan bu postu payıza qədər boşaltdırmaq fikrindədir. Məsələnin bu qədər yubanmasına səbəb isə Baqdasaryanın hələlik həmin posta layiqli namizəd tapa bilməməsidir. «Orinas Yerekir» Partiyasına verilmiş bu postun satılmasını elə siyasi təşkilatdan da dolayısı ilə təsdiqləyibər. Partiyanın mətbuat katibi Suzanna Abramyan deyib ki, hal hazırda bu barədə açıqlama verə bilməz. Onun sözlərinə görə, hər şey partiya rəhbərliyindən asılı məsələdir. Lakin «Aykakan Jamanak» qəzeti iddia edir ki, «Yerekir Orinas» Partiyası ciddi maliyyə sıxıntısı çəkdiyindən KTN rəhbəri postunu satışa çıxarıb.
Yalançı inkişaf və balaquş kimi ağzını açmış ermənilər
Ermənistan hakimiyyəti bu yaxınlarda rəsmi rəqəm açıqlayaraq, and-içib aman eləyib ki, bəs, bu ilin ilk altı ayı ərzində iqtisadi inkişaf səviyyəsi 6,6 faiz təşkil edib. Və onu da and-aman edib ki, ilin sonuna qədər bu rəqəm 8 faizə qədər artacaq. Lakin Ermənistan əhalisi düşünür ki, bu rəqəmlər yalandır, çünki belə bir şey olsaydı onların həyatlarında dəyişiklik baş verərdi. Həm də onu da düşünürlər ki, hətta inkişaf olsa belə, bundan onlara nə?
Ermənistan Milli Bankının sabiq rəhbəri Baqrat Asatryan bununla bağlı deyir ki, hökumətin açıqladığı rəqəmlərin heç biri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, bu gün dünyanın ən böyük ölkələri belə iqtisadi inkişaf məsələsində ciddi sıxıntı çəkirlər. "ABŞ və Avropa iqtisadiyyatlarının nə vəziyyətdə olduğu bəllidir. Ermənistan hökuməti isə iddia edir ki, iqtisadi inkişaf 6 ay üçün 6,6 faiz olub və ilin sonuna kimi bu rəqəm 8 faizə çatacaq. Əvvəla, bunun yalan olduğu elə ilk baxışdan diqqəti çəkir. Çünki ilin birinci yarısı 6,6 faiz inkişaf olan ölkədə, növbəti 6 ayda artım heç vaxt 1,4 faiz ola bilməz. Bu anormallıqdır. Hökumət bunu kənd təsərrüfatı ilə bağlayır. Amma mən əminliklə deyirəm ki, ölkənin aqrar sektoru tamamilə ölüb və oradan inkişaf gözləməyə dəyməz".
Sabiq baş bankir ilin sonuna kimi Ermənistanda hansı iqtisadi inkişaf səviyyəsini gözlədiyi barədə verilən suala cavab olaraq deyib ki, bu, ən yaxşı halda 5 faizlik həddi aşmayacaq. "5 faiz Ermənistan kimi bir ölkə üçün artım demək deyil. Bu daha çox tənəzzül deməkdir".
Vəziyyətin belə bir şəkil almasını təhlil edən Asatryan qeyd edib ki, Ermənistanda indiki durumu yaradan başlıca səbəb səriştəsiz hakimiyyət və məmur-oliqarxlardır. Onun sözlərinə görə, Ermənistanda iqtisadi inkişaf yoxdur və yaxın gələcək üçün də bunu gözləməyə dəyməz. «Ölkəni məmur-oliqarxlar idarə edir. Hər şey onlara işləyir, ermənilər xalq olaraq onlar üçün qul kimi çalışır. Bu ölkədə iqtisadi inkişaf ola bilməz. Olsa belə bundan sıravi insanlara nə? Bir ölkədəki məmur iqtisadiyyata piroq kimi baxırsa, məncə vəziyyəti izah etməyə gərək qalmır».
Diaspor erməni banklarını bir-bir «udur»
Erməni diasporu da bu əsnada Ermənistanın içində bəzi iqtisadi fəaliyyətlərə başlayıb. Rəsmi məlumatlara görə, diasporun marağında olan əsas hədəflər banklardır. Bir müddət əvvəl yaradılmış «Ameriabank»ın imkanlarını genişləndirən sözügedən qüvvə qısa müddətdə 3 bankı özünə birləşdirib. Sonuncu qurban isə«Kaskad» bank olub.
Bankın baş direktoru Artak Anesyan bildirib ki, məqsədləri Ermənistandakı bank sektorunu gücləndirmək və təmərgüzləşmiş maliyyə sistemi yaratmaqdır. Onun sözlərinə görə, digər bankların da birləşdirilməsi prosesi bundan sonra davam edəcək.
Bankın digər rəsmisi Tiraq Crabaşyan isə deyib ki, diasporu maraqlandıran əsas məsələ Ermənistanın banklarını ələ keçirib, onlar üzərində ciddi nəzarəti bərpa etməkdir. Bundan başqa, diaspora həmçinin birləşmək istəməyən banklara da pul yatırmaqla, onları özünün «dostu» etmək barədə düşünür.
Qeyd edək ki, baş verənlər bir tərəfdən erməni hakimiyyətinin işinə yarayır. Ona görə ki, yerli banklar etibarlı və imkanlı şəxslərin əlinə keçir. Amma digər tərəfdən Sərkisyan hökumətini narahat edən başqa bir məqam var ki, o da işin içində diasporanın olmasıdır. Çünki erməni diasporu artıq bir müddətdir ondan üz döndərib və Daşnaksütun Partiyasına stavka edir. Belə olan halda, xaricdəki ermənilər lazım olan məqamda Sərkisyan müxalifətini asanlıqla ölkənin içindən maliyyələşdirə biləcəklər. Bu isə o o deməkdir ki, Sərkisyan hakimiyyəti hər an devrilə bilər.
EMK mitinqləri bərpa etdi
Bu əsnada Ermənistan müxalifəti mitinq və aksiyaları yenidən bərpa etmək qərarına gəldi. Dünən - iyulun 28-də Erməni Milli Konqresinin (EMK) Ter-Petrosyanın sədrliyi ilə keçirilmiş iclasında bununla bağlı qərar qəbul edilib. Təşkilat növbəti mitinqini sentyabrın 17-də keçiriləcək. Lakin buna qədər artıq məlumdur ki, erməni müxalifəti EMK-nın yaranmasının iki illiyi münasibəti ilə avqustun 1-də Saryan abidəsi önündə yığışacaqlar.
Digər bir müxalifət partiyası olan «İrs» isə bu əsnada bəyan edib ki, Sərkisyan hakimiyyətinə qarşı mübarizə aparmaq üçün birləşmək lazımdır. Partiyanın sədri Ruben Akopyan deyib ki, erməni müxalifətin təkcə bir deyil, iki növbədənkənar seçki lazımdır. «Onlardan biri parlament, digəri isə prezident seçkiləridir. Hakimiyyət bunun mahiyyətini yaxşı dərk edir və qorxur. Ancaq müxalifətlə mübarizə aparmaqda da çəkinmir. Çünki biz hələ birləşə bilməmişik. Əgər bu hakimiyyətin devrilməsini istəyiriksə, o zaman birləşmək məcburiyyətindəyik».
Hərçənd müxalifətin öz daxilində də vəziyyət normal deyil. İş burasındadır ki, Ermənistanın ən aparıcı müxalifət təşkilatı olan EMK-da belə davalar düşür. Belə ki, EMK-nın fəallarından biri olan, uzunmüddətdir siyasi aksiyalarda iştirak edən, hətta martın 1-də baş vermiş məlum hadisələr zamanı həbs olunan Kristofor Yelazyan bütün bunlardan sonra Ermənistan hakimiyyəti tərəfindən təqibə məruz qalıb. İşsiz qalan, üstəlik aclıqdan əziyyət çəkən Yelazyan bir neçə dəfə EMK rəhbərliyinə müraciət edərək, onlardan maliyyə yardımı istəyir. İstəyini də belə əsaslandırır ki, EMK rəhbərliyi mart hadisələrinə görə, Amerikadan maliyyə yardımı alıb və ondan gündəlik yaşamını təmin etmək istifadə etmək erməni fəalın da haqqıdır. Bir neçə dəfə bu məsələnin üzərindən keçilsə də, günlərin birində Levon Ter-Petrosyanın ən yaxın adamları olan Ovanes və Arakel Arutyunyan Kristoforu eşşək sudan gələnə qədər döyürlər. Məsələ polisə düşsə də, sonradan iş ört-basdır edilir və bununla da məcara başa çatır.
Seçki saxtakarlığı və Ermənistanın faciəsi necə başladı?
Ermənistandakı vəziyyətin ağır olmasına gəldikdə isə bu məsələdə də qarşılıqlı ittihamlar səngimir. Məsələ burasındadır ki, erməni müxalifəti hakimiyyəti, hakimiyyət də müxalifəti sərt şəkildə ittiham edirlər. İrs Partiyasının sədri Ruben Akopyan isə baltanı lap kökündən vurub.
O deyib ki, Ermənistanın bu vəziyyətə düşməsində təkcə hakimiyyət deyil, həmçinin müxalifət və xalqın da günahı var. «Biz ən böyük səhvimizi 1995-ci ildə buraxdıq. Mənim gözümün önündə seçkini saxtalaşdırıldığı baş verib. Hakimiyyət o qədər məntiqsiz, savadsız və vicdansızcasına məsələyə yanaşırdı ki, bunu izah etmək mümkün deyil. Biz həmin vaxt prosesin qarşısını ala bilərdik».
Akopyan deyir ki, o, 1998-ci idldə baş vermiş seçki saxtakarlıqları barədə yetərli qədər məlumatı var. Onun sözlərinə görə, həmin saxtakarlığın əsası 1995-ci ildə qoyulub. «Mən deyə bilərəm ki, 1995-ci ildə doğulan bu saxtakarlıq 1998-ci ildə snayper kimi üzərimizə tuşlandı. Sonradan bu, möcüzəvi bir vəhşiyə çevrildi. Bu, bizim dövlətin faciəsinin başlanğıcıydı».
Onun fikrincə, müxalifət düşərgəsi ölkə üçün faciənin 1998-ci ildən başladığını deyirlər və bu xalqı və özünüaldatmaqdan başqa bir şey deyil. İrs Partiyasının sədri vurğulayır ki, hələ 1996-cı ildə 4 deputatın həbs olunaraq, zindana atılması Ermənistanda siyasi vəziyyətin nə şəkildə olduğunu göstərir. «Biz nə özümüzü aldatmalı, nə də xalqa yalan danışmalıyıq. Vəziyyət belədir ki, Ermənistanda despot rejimi qurulub və bunun kökü də, 1995-ci ilə gedib çıxır».
Ermənistanı hər il 100 min adam tərk edir
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bəyan etmişdi ki, Qarabağ münaqişəsi üzündən ölkə tamamilə boşalmağa başlayıb. O demişdi ki, müharibə qorxusu erməniləri ölkədən didərgin salıb və bu şəkildə davam edərsə, yaxın vaxtlarda Ermənistan ermənisiz qalacaq.
«Yüksək səviyyədə miqrant axını Ermənistanı ciddi problemlər qarşısında qoyacaq. Bütün ölkə siyasətçiləri üçün bu hadisə ciddi siqnaldır». Bu sözləri isə EMK-nın bir başqa rəsmisi Aram Maukyan deyib.
Manukyan Ter-Petrosyanın sözlərinə haqq qazandıraraq, bundan sonra atılacaq addımların məhz həmin məsələyə yönəlməsini istəyib. «Ter-Petrosyan bu məsələyə vaxtında toxundu. Dəhşətli bir vəziyyət yaranıb. Hər il 90-100 min erməni ölkəni tərk edir. Bu prosesin qarşısını almaq üçün Qarabağ münaqnişəsi mütləq həll olunmalıdır. Demoqrafik sahədə də ağır durumu aradan qaldırmaq üçün münaqişənin həllindən başqa yol yoxdur».
Ermənilər Türkiyədə təşkilat yaratdılar
Türkiyənin kürdlər yaşayan ərazilərində məskunlaşmış, Dersim şəhərinin sakinləri olan ermənilər özlərinə təşkilat yaradıblar. Dersimli Ermənilər Sosial, Mədəni, Sənət, Təhsil, Din Araşdırma Dərnəyi (DESMSTDAD) adlı təşkilatda bir araya gələn ermənilər öz mədəniyyətləri ilə bağlı araşdırmalar aparacaq və tədbirlər keçirəcəklər.
Təşkilatın mətbuat üzrə nümayəndəsi Mirhan Pirgiç Gültəkin deyib ki, dərnək Dersimli ermənilərin qurduğu ilk qurumdur. «Dərnək öz sahəsində araşdırmalar aparmaq, tədbirlər təşkil etmək məqsədi ilə yaradılıb. Məqsədimiz Dersimdən olan ermənilərin öz dilləri, mədəniyyətləri və inanclarını bərpa etməkdir. Bunun üçün bütün dersimlilərdən dəstək gözləyirik».
Qeyd edək ki, çoxlu sayda erməninin yaşadığı Dersimdə 20-ci əsrin əvvəllərində əhalinin böyük bir qisminin ermənicə danışdığı iddia edilir. Gültəkin bu barədə deyib: «Ancaq həmin dövrlərdə gündəlik həyatda istifadə olunan kürd dili dövlət tərəfindən təzyiqlərə məruz qaldı. Bundan başqa, Dersimin ətrafındakı kəndlərin böyük qisminin adı ermənicə olub».
Təşkilatın təşəbbüskarlarından biri olan Haydar İşıq bildirir ki, dersimlilər erməniləri nisbətən qoruya biliblər. «Ermənilər ələvi olmuşdular, qonşuları kürdlər kimi isə yaşayırdılar. Kamalist dövlət «Sənsənmi mənə ermənini təslim etməyən» dediyi üçün Dersimdən hirsini 70 min insanı öldürməklə aldı».
Fikrət Fəraməzoğlu Milli.Az
|