Qarabağda hərbi əməliyyatlar bu payız bərpa oluna bilər.
Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, bunu erməni siyasi icmalçı David Petrosyan bildirib. O, münaqişə zonasında hərbi əməliyyatların bərpası təhlükəsinin hər gün daha da artdığını düşünür.
Petrosyan hesab edir ki, müharibə təhlükəsinin artdığı vaxtda Ermənistan rəhbərliyi ABŞ-dakı erməni lobbisini Metyu Brayzanın Bakıya səfir təyin olunmasına qarşı kampaniyanı dayandırmağa çağırmalıdır: «Təbii ki, bu, bəziləri tərəfindən satqınlıq kimi qiymətləndiriləcək. Amma hazırkı şəraitdə ABŞ-ın Azərbaycana səfirini mümkün qədər tez təyin etməsi Ermənistanın maraqlarına uyğundur. Çünki Azərbaycanın dayandırılmasında məhz ABŞ böyük rol oynaya bilər».
Erməni icmalçı müharibənin başlayacağı təqdirdə Rusiyanın neytral qalacağını düşünür. Onun fikrincə, Moskva neytrallığını Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə əsaslandıracaq: «Bu mərhələdə Rusiyanın Azərbaycanda daha çox marağı var, nəinki Ermənistanda. Rusiya istənilən yolla Bakının rəğbətini qazanmağa çalışır».
Milli.Az