Milli Məclisin (MM) sədri Oqtay Əsədov İraqın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı qəbul edib.
APA-nın xəbərinə görə, MM sədri Heydər Şiya Əl-Barrakı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. O. Əsədov Azərbaycan və İraq arasında mövcud olan tarixi, dini və mədəni əlaqələri yüksək qiymətləndirib: “Azərbaycan ilk günlərdən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq terrorizmə mübarizə koalisiyasına qoşulub. Azərbaycan sülhməramlıları bundan sonra da İraqa köməklik göstərməyə hazırdır. Azərbaycan rəhbərliyi İraq Respublikası ilə münasibətləri inkişaf etdirmək əzmindədir. Bu baxımdan ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin də inkişaf etdirilməsi vacibdir”.
İraqın Azərbaycana yeni təyin olunan səfiri Heydər Şiya Əl-Barrak ölkələr və xalqlar arasında olan münasibətlərin daha da dərinləşməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Səfir öz ölkəsindəki ictimai-siyasi vəziyyət barədə məlumat verib.
Milli.Az