Nurəddin Məmmədli: “Mirmahmud ağa bir yandan bizi söyür, bir yandan da bizimlə əməkdaşlıq etmək istəyir. Bunu necə başa düşək?”
“İyulun 31-də müxalifətin keçirdiyi aksiyada Müsavat, AXCP və DUİ-nin nümayəndələri iştirak edib. Amma bu aksiyanın Müsavat-AXCP aksiyası kimi təqdim olunması halları baş verib. Hesab edirəm ki, bu cür təqdimat ədalətsizdir”. Bunu
APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
Arif Hacılı deyib.
Bu təqdimata etirazını bildirən DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun fikirlərinə münasibət bildirən A. Hacılı deyib ki, Müsavat Partiyası tərəfindən belə bir təqdimat olmayıb. “Biz aksiyanı AXCP-Müsavat mitinqi kimi təqdim etsəydik, ədalətsizlik olardı. Çünki bu aksiyada DUİ-yə daxil olan partiyaların nümayəndələri də fəal iştirak ediblər, onlardan xeylisi həbs olunub, bir nəfər isə hələ də həbsdədir. Bu aksiyada DUİ nümayəndələri də iştirak edibsə, onu Müsavat-DUİ-AXCP aksiyası kimi təqdim etmək daha düzgün və ədalətli olardı”.
AXCP-nin sədr müavini
Nurəddin Məmmədli isə APA-ya bildirib ki, onların M. Mirəlioğlunun qarşısında heç bir öhdəliyi yoxdur: “Ona görə də o bizdən nə isə tələb edə bilməz. Biz onunla birgə mitinq keçirmək barədə qərar qəbul etməmişik. Mirmahmud ağa aksiyanın təşkilatçısı olmayıb, mitinq iki partiyanın aksiyası kimi keçirilib, Müsavatla AXCP iştirak edib, birgə mitinq komitəsi fəaliyyət göstərib. Mirmahmud ağanın bütün danışıqları Müsavatla gedir, onlar Müsavatın aksiyasına qoşulub. Tələbi də onların üzərinə qoymalıdır. Bundan başqa, Mirmahmud ağa bir tərəfdən mətbuatda YAP-çıların AXCP-nin ünvanına demədiyi ittihamları səsləndirir, digər tərəfdən, “mən də bu birliyə qoşuluram” deyib dad-haray edir. Bir yandan bizi söyür, bir yandan bizimlə əməkdaşlıq etmək istəyir. Bunu necə başa düşək? Onlar əvvəlcə mövqelərini aydınlaşdırsınlar ki, nə istəyirlər, ondan sonra bizim qarşımıza hər hansı tələb qoya bilərlər”.
DUİ-nin də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməsinə gəldikdə, N. Məmmədli bildirib ki, AXCP ilə onların hər hansı nümayəndəsinin mitinqlə bağlı ayaqüstü də olsa, müzakirəsi olmayıb: “Biz Müsavatla danışıq aparmışıq. Müsavat öz ətrafına yüzlərlə təşkilat, şəxs, qruplar qoşa bilər. Onun bizə heç bir aidiyyəti yoxdur”.
Milli.Az