Qroznının küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı veriləcək.
“Gazeta.ru” Çeçenistan Respublikası hökumətinin mətbuat xidmətinə istinadla yazır ki, bunu Çeçenistan Prezidenti Ramzan Kadırov bildirib.
R.Kadırov deyib: “Qroznı küçələrindən birinə hamımızın hörmət etdiyi, Sovet İttifaqının və Azərbaycan Respublikasının dövlət və siyasi xadimi Heydər Əliyevin adını vermək barədə qərar qəbul etmişik”.
Çeçenistan Respublikasının birinci Prezidenti Hacı Əhməd Kadırovla Heydər Əliyevin uzun illər sıx dostluq telləri ilə bağlı olduqlarını vurğulayan Prezident R.Kadırov deyib: “Heydər Əliyev atamla – Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Kadırovla yaxından tanış idi. Tez-tez onu Azərbaycanda qəbul edirdi. Onların səmimi və yaxşı münasibətləri vardı”.
/AzərTAc/