Gələn ilin martında Qazaxıstanın paytaxtı Astanada Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) növbəti plenar sessiyasının keçirilməsi planlaşdırırlır.
Bu barədə məlumatı "Azadinform"-a TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.
O, qeyd edib ki, tədbirin tarixi müəyyən proseslərlə bağlı mart ayından may ayına da keçirilə bilər.
“Sessiya TürkPA-nın reqlamentinə əsasən əlifba sırası ilə keçirilir və buna uyğun olaraq növbəti məkan Qazaxıstandır. Həmin sessiyada qurumun daxili qaydalarına əsasən Assambleyaya sədrlik Azərbaycandan Qazaxıstana keçəcək. Həmin andan növbəti plenar sessiyaya qədər bir il ərzində TürkPA-a sədrliyi Qazaxıstan parlamentinin sədri edəcək. Sessiyada həmçinin üç daimi komitənin yaradılması da nəzərdə tutulub. Bunlar sosial və humanitar məsələlər üzrə, iqtisadiyyat və enerji məsələləri üzrə və hüquq, parlamentlərarası münasibətlər və beynəlxalq əməkdaşlıq komitələri olacaq. Bu komitələrin hər üçündə də paritet əsasda üzv ölkələrin millət vəkilləri təmsil olunacaq və onlar özləri komitənin sədrlərini, müavinlərini seçəcəklər. Sessiyada həmçinin TürkPA-nın müxtəlif atributlarının qəbul olunması da nəzərdə tutulub və eyni zamanda tədbir zamanı qurumun 2011-2012-ci illər üçün fəaliyyət planı təsdiqlənəcək. Fəaliyyət planında da yeni layihələr, yeni ideyalar və digər məqamlar nəzərdə tutulur”- deyə TürkPA-nın baş katibi açıqlayıb.
Milli.Az