Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin Moskvada keçiriləcək iclasına qatılacaq.
Avqustun 24-də Moskvada Rus Pravoslav Kilsəsinin iqamətgahında MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclası keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, MDB Dinlərarası şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə iclasda iştirak edəcək.
Qeyd edək ki, iclas çərçivəsində Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirillə Azərbaycanın şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılmasında yardımçı olmaq məsələsi üçün müraciət edəcək.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
Milli.Az