Azərbaycanın müxalif Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkilərində iştirak üçün birgə namizədləri müəyyənləşdiriblər.
Bununla bağlı bu gün DUİ ilə Müsavatın birgə bəyanatı imzalanıb. Bəyanata əsasən, DUİ-dən 7, Müsavatdan isə 11 dairə olmaqla, ümumilikdə 18 dairədə vahid namizədin irəli sürülməsinə qərar verilib. Bəyanatın imzalanması ilə Müsavat-DUİ məsləhətləşmələrinin birinci mərhələsi başa çatıb.
Birgə bəyanatda hər iki təşkilatın gələcək əməkdaşlıq formaları da müəyyənləşib. Müsavat və DUİ-yə daxil olan partiyalar seçki kampaniyası dövründə də siyasi məsləhətləşmələri davam etdirmək, seçki pozuntularına və saxtakarlığa qarşı birgə mübarizə aparmaq, seçki prosesini birgə müşahidə etmək, seçkilərin nəticələrinə vahid qiymət vermək istiqamətlərində əməkdaşlıqlarını davam etdirəcəklərini bəyan ediblər.
Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
/Trend/