Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Ermənistan ordusunda əsgərlərin daxili orqanları çıxarılır!

08 Sentyabr 2010 [12:25] - MİLLİ.AZ
Ermənistan hakimiyyəti son 3 ayda orduda baş verən ölüm hallarını heç cür əsaslandıra bilmir, əsgərlərin isə artıq içalatlarını çıxarmağa başlayıblar.
Erməni ordusunda dəhşətli vəziyyət

Ermənistan ordusunda vəziyyətin ağır olduğu artıq ermənilərin özləri tərəfindən də təsdiq edilir. Bununla bağlı dəfələrlə araşdırmalar aparan İrəvan təşkilatları durumun kifayət qədər ciddi olduğunu və belə davam edərsə, bir-neçə ildən sonra Ermənistan ordusunun müqavimətsiz bir adam yığınağına çevriləcəyini deyirlər. Son üç ay ərzində isə vəziyyət bir qədər də dözülməz şəkil almağa başlayıb. Düzdür, bu ölkənin Müdafiə Nazirliyi özünü tox tutmağa çalışır. Amma nə qədər tox tutsa belə fakt ortalıqdadır.

Əsgərin içalatını çıxardılar

Ermənistan ordusunda baş verən dəhşətli faktlardan biri bu yaxınlarda baş verib. «Aravot» qəzetinin yaydığı məlumata görə, Ermənistan ordusunun işğal altında olan rayonumuz Qubadlıda yerləşən 73128 saylı hərbi hissənin əsgəri Varujan Davatyan ağır vəziyyətdə İrəvan Hərbi Hospitalına gətirilib. Məlumatda deyilir ki, huşsuz vəziyyətdə hərbi hospitala çatdırılan erməni əsgərinin yaşamaq ehtimalı 1 faizə bərabərdir.

Hospitalın həkimlərinin erməni qəzetinə verdiyi məlumata görə, Ermənistanın Şirak vilayətinin Lernapat kəndindən hərbi xidmətə çağırılmış Varujanın həyatı təhlükədədir. Hərbi hissə komandirləri isə deyiblər ki, Davatyan nümunəvi əsgər olub və buna görə dəfələrlə mükafatlandırılıb. Davatyanın anası və atası isə nəyin baş verdiyini bilmirlər. Onlar deyirlər ki, uşaqlarının ölümcül vəziyyətdə hərbi hospitala çatdırılması ilə bağlı dəqiq məlumatları yoxdur. Varujanın atası deyib ki, həkimlər ona fərqli şeylər deyirlər. «Mənə dedilər ki, Varujanın kor bağırsağını kəsib çıxarıblar. Ciyərləri işləmir, böyrəkləri işləmir, heç nəyi işləmir».

Bu əsnada məlum olub ki, Varujanı hərbi hospitala gətirdikdən sonra onun atası və dayısı təcili ora gəlib. Həmin vaxt əsgərlərə baş çəkən Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşən valideynlər ondan məsələnin araşdırılmasını xahiş ediblər. Nazir də bu barədə söz verib və hərbi prokurora tapşırıqlarını çatdırıb. Lakin indiyə qədər erməni əsgərinin hansı səbəbdən ölüm yatağına düşməsi məlum deyil, heç bununla maraqlanan da yoxdur.

«Aravot» qəzeti bununla bağlı yazır ki, Varujanın heç də kor bağırsağını kəsməyə gərək olmayıb. Belə ki, sonuncu dəfə onun hərbi hissənin siyasi məsələlər üzrə komandir müavininin yanında bir neçə saat olduğunu görənlər olub. Oradan isə Varujanın hara aparıldığı bəlli deyil. Şahidlərin qəzetə verdiyi ifadəyə görə, Davatyanı orada vəhşi kimi döydükdən sonra ağır vəziyyətə salıblar. Cinayəti gizlətmək üçün isə təcili qospitala aparıb, onun daxili orqanlarını cərahiyyə əməliyyatı ediblər.

Bir hərbi hissədə ikinci ölüm faktı

Erməni ordusunun ağır vəziyyətdə olduğunu təsdiqləyən ikinci fakt da eyni hərbi hissədə baş vermiş cinayətdir. Belə ki, Varujan Davatyanın qulluq etdiyi hərbi hissədə əsgərlik edən Akop Babuçyan keçirdiyi infakrt nəticəsində ölüb. İrəvan hərbi qospitalına avqustun 28-də çatdırılan Babuçyanın həyatını xilas etmək mümkün olmayıb.

Erməni mətbuatının bununla bağlı yaydığı məlumatlarda deyilir ki, Qubadlıdakı hərbi hissədə son dövrlər ölüm hallarının sayı total şəkil alıb. Belə ki, son bir ildə 73128 saylı hərbi hissədə ölən əsgərlərin sayı 15-i keçib. Maraqlı burasıdır ki, bütün ölüm halları verilən işgəncələr sayəsində reallaşıb. Amma buna baxmayaraq, hərbi hissənin komandirinə heç kim bir kəlmə də olsun söz demir. Qəzetlərin bildirdiyinə görə, Babuçyanın ölümünə də işgəncə səbəb olub. Onlar vurğulayırlar ki, həmin hərbi hissənin rəhbərliyi əsgərə işgəncə verərək, onun ölümünə bais olublar.

Yola getməyən dığalar bir-birini öldürür

Hərçənd Ermənistan ordusunda bu yay həqiqətən də dəhşətli faktlarla zəngindir. Üzdə olan məlumatlar bunlardır ki, düşmən əsgərləri artıq bir-birləri ilə yola getmirlər və bu da yekunda silahlı insidentə gətirib çıxarır.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti etiraf edib ki, hərbi hissələrin birində növbəti silahlı toqquşma baş verib. Həmin silahlı insident zamanı isə bir erməni əsgəri ölüb. Məlumatda deyilir ki, hadisə 17 avqustda baş verib. «26 yaşlı müqavilə əsasında qulluq edən hərbçi, kiçik serjant Arutyun Vardanyan öz həmkarı və 44 yaşlı müqavilə əsasında qulluq edən kiçik serjant Arsen Çobanyanın sinəsindən iki güllə vurub. Aldığı güllə yarasından Çobanyan yerində ölüb».

Nazirliyin məlumatında deyilir ki, faktla bağlı cinayət işi qaldırılıb. Vardanyan isə hadisəni törətdikdən sonra hərbi hissədən qaçıb. Lakin bir gün sonra onu həbs ediblər. 21 avqustda isə erməni əsgərə qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Erməni zabit necə oyun oynadı?

Ən maraqlı məlumat isə Qarabağda baş vermiş bir hadisə ilə bağlıdır. Məlumdur ki, Ermənistan ordusunun zabitləri evsizlik problemini yaşayırlar. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, hər dəfə Ohanyan işin üzərindən keçərək, prosesi başqa səmtlərə yönəltməyə çalışıb. Lakin sonunca hadisə isə o qədər gülməli alınıb ki, hətta erməni mətbuatı da bunu gülüşsüz yaza bilməyiblər.

Belə ki, Qarabağda qulluq edən zabit, daha doğrusu «Dağlıq Qarabağ Ordusu»nun «komandan»larından biri olan Movses Akopyan korrupsiya yolu ilə yığdığı pulları silmək üçün maraqlı bir təcrübə həyata keçirib. Həm də nümayiş etdirməyə çalışıb ki, guya, erməni ordusunda zabitlərə «qayğı» göstərilir.

Məlumatlara görə, Akopyan əvvəlcə Xankəndində öz pulu ilə ev inşa etdirir. Burada işlətdiyi əsgərlərin sayəsində heç bir xərc çəkməyən Movses sonradan qərara gəlir ki, bunu elə bir şəkildə etsin ki, heç kim şübhələnməsin. Nəhayət, qərara alınır ki, yerli telekanalların gözü qarşısında guya, həmin evi erməni zabitə verilməsi mərasimi keçirilsin. Bu proses həyata keçiriləndən sonra isə məsələ üzə çıxır və erməni mətbuatı Müdafiə Nazirliyini gülüş obyektinə çevirirlər.

Ermənilərin bəhanəsi qalmayıb

Baş verənlərin total şəkil almasından sonra bəhanə tapa bilməyən Ermənistan ordusunun zabitləri sözün həqiqi mənasında «dalay-dalay» edirlər. Ermənistan müdafiə nazirinin sabiq müavini Vaqan Şirxanyan verdiyi müsahibəsində iddia edib ki, orduda baş verən ölüm halları dünyanın istənilən ölkəsində baş verir. Onun sözlərinə görə, hətta Amerika ordusunda ildə minlərlə əsgər ölür və ya intihar edir.

Jurnalistlərin son iki həftə ərzində 7 ölüm hadisəsinin niyə baş verdiyi sualı qarşısında cavab verən Şirxanyan arqument tapa bilməyib və deyib ki, belə məlumatların yayılması «xarici və daxili düşmənlərin» işidir. «Ermənistan ordusu ölkənin təhlükəsizliyini qoruyan bir qurumdur. Onun adını bu şəkildə ləkələmək olmaz. Çünki bu yekunda əsgərlər arasında, habelə insanlar arasında inamsızlığın yaranmasına səbəb olacaq. Mənim fikrimcə, baş verən hadisələrin şişirdilməsi xarici və daxili düşmənlərin işidir».

Sabiq nazir müavini fikirlərini bununla da yekunlaşdırmayıb. O iddia edib ki, Ermənistan müharibə şəraitində olan bir dövlətdir və orduda ölüm hallarının çoxluğu normal qarşılanmalıdır. Amma onun bu sözünə qarşılıq olaraq sual verən jurnalistlər deyiblər ki, baş verən ölüm hallarının bir çoxu cəbhə xəttindən uzaqda baş verirlər və bunun səbəbini soruşublar. Həmin suala isə Şirxanyan qeyri-peşəkar adamlar kimi cavab verib. «Bu gün Ermənistan ordusuna qarşı isterik hərəkat fəaliyyət göstərir. Bəli, Ermənistan ordusunda korrupsiya və rüşvət var. Amma bu barədə məlumat vermək olmaz. Hamı çalışmalıdır ki, neqativ halların aradan qaldırılmasına köməklik göstərsin. Baş verənlərə qarşı öz içimizdə mübarizə aparmalıyıq. Daha biz türklərə göstərə bilmərik ki, baxın bizim ordumuz belədir».

Nazir müavini sonda daha bir gülməli fikir bildirib. Şirxanyan deyib ki, Ermənistan ordusuna qarşı isterik hərəkat yaradanlar həm ölkənin içindən, həm də xaricdən dəstəklənirlər.

Ohanyan gühanı üzərindən necə atır?

Ermənistan ordusunun başında dayanan Seyran Ohanyan isə deyilən bütün fikirləri bir kənara qoyaraq, bütün məsuliyyəti üzərindən atmağa çalışır. Mətbuat qarşısında çıxış edən zaman ağır suallar qarşısında qalan erməni nazir hətta öz zabitlərini belə «baqaja» qoymaqdan çəkinmir.

Bir neçə gün əvvəl əsgərlərlə keçirdiyi görüşdən sonra mətbuat konfransı təşkil edən Ohanyan deyib ki, Ermənistan ordusunda son dövrlər baş verən insident və ölüm hallarının artması heç də faciəvi vəziyyəti əks etdirmir (?!) Onun sözlərinə görə, bəzi olaylar hərbi hissə komandirləri və yüksək çinli zabitlərin məsuliyyətsizliyi üzündən baş verir. «Son dövrlər orduda fövqəladə ölüm halları və insidentlər baş verir. Bunlardan bizim xəbərimiz var və bununla bağlı cəmiyyət haqlı olaraq tənqidi fikirlər səsləndirməkdədir. Lakin burada biz günahkar deyilik. Bəzi zabitlər məsuliyyətsizlik edərək, özbaşınalıqlara yol verirlər».

Ohanyan daha sonra deyib ki, ölüm halları baş vermiş hərbi hissələrin komandirləri artıq situasiyaya nəzarəti əldən veriblər. «Onlar özlərini psevdoavtoritet hesab edirlər. Hərbi hissələri həbsxanalara bənzədib, «vor zakon»lar kimi davranırlar. Bunun da axırı belə nəticələrə gətirib çıxarır».

Vəziyyətdən çıxmaq üçün bir sıra yollar göstərən erməni nazir yenə də məsuliyyəti üzərindən atıb. O deyib ki, hərbi hissə komandirləri hər bir əsgərə fərdi yanaşmalıdır. «Onların fərdi yanaşmaması üzündən əsgərlər özlərini və bir-birlərini qarovul zaman güllələyirlər. Biz vəziyyəti düzəltmək üçün bəzi addımlar atmışıq. Bir çox zabitləri işdən azad etmişik. Bu proses islahatlar fonunda davam edəcək».

Hərbi maşınlar gəlin kortejində

Ermənistanda vəziyyət belədir ki, ordunun rəhbərləri hətta xidməti maşınlarını toy kortejlərinə də göndərirlər. Belə ki, polkovnik İqor Qordienkonun oğlunun toyunda Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu xidməti maşınla gəlin gətirməyə gedibmiş.
 «168 jam» qəzetinin yaydığı məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyi məsələ mətbuata çıxdıqdan sonra bununla bağlı araşdırma aparacağını bildirib. General Arşaluys Paytyan vurğulayıb ki, məsələ onların nəzarətindədir.

General ordudakı ölümlərə adi şey kimi baxır

Ermənistan ordusunda baş vermiş ölüm halları və intiharlarla bağlı «Çorrord inknişxanutön» qəzetinə açıqlama verən bu ölkənin Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Aykaz Baqmanyan buna qeyri-adi baxmadığını və hadisələrin normal olduğunu deyib. «Ermənistan ordusu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə nə baş verirsə, orduda da analoji hadisələr cərəyan edir. Diqqətlə Ermənistan küçələrinə baxın: bir birlərini güllələyirlər, öldürürlər, hər gün eyni hadisələr baş verir. Belə olan halda, orduda baş verən hadisələrə niyə qeyri-adi baxırlar ki?».

Erməni zabitlərinin nə ilə məşğul olduğu barədə verilən sualı cavablandıran Baqmayan vurğulayıb ki, burda da qeyri-adi heç nə yoxdur. «İnsanlar 18 il uşaqlarını böyüdə bilmirlər. Komandir 6 aya onlardan necə əsgər düzəltsin? Bu necə ola bilər ki? Bu mərhələli şəkildə yerini tapan məsələdir. Hamı bunu başa düşməlidir».

Psixoloqlar erməni ordusunda intiharlar barədə

Ortada yiyəsizlik və özbaşınalığın olduğunu heç cür qəbul etmək istəməyən Ermənistan hakimiyyəti baş verənləri ört-basdır etmək üçün indi də psixoloqları önə verməyə başlayıb. Bununla bağlı İrəvanda açıqlama verən psixoloq Karina Nalçaçıyan iddia edib ki, Ermənistan ordusunda baş verən hadisələri dramatikləşdirmək lazım deyil. Onun sözlərinə görə, kimlərsə böyük səhvlər buraxıb və nəticədə bu da intiharlara gətirib çıxarmaqdadır.

«Psixoloq» öz çıxışında mütəxəssisdən daha çox siyasətçi kimi danışmağa çalışıb. Nalçaçıyan deyib ki, hər şeyə «obyektiv» yanaşmaq lazımdır və erməni ordusunda baş verənləri geniş yaymaq olmaz. «Belə hallar bütün ordularda baş verir. Dünyanın ən aparıcı ordularında belə intiharlar olur. Ermənistanda baş verən hadisələri bu qədər böyütməyə dəyməz. Çünki belə hallar bəzi qüvvələrin işlərinə yarayır. Erməni ordusunu pisləmək də olmaz. Çünki bizim təhlükəsizliyimizin qarantı olan ordumuzda əhval-ruhiyyə aşağı düşə bilər».

Ermənistan ordusunda baş verən ölüm hallarını xarakterizə edən «psixoloq» vurğulayıb ki, bəzi məsələləri araşdırdıqdan sonra müəyyən qənaətlərə gəlib. O deyib ki, əsgərlər arasında bir-birinə inamsızlığın yaranması onların bir birilərini düşmən gözündə görə bilmələridir. «Bir əsgər digər əsgəri ona görə öldürür ki, həmin şəxsi cəmiyyət üçün düşmən hesab edir. Baş verən hadisələrin əsas səbəbi də bu yanaşmadır. İntiharlar isə hər bir fərdin zəif və güclü iradə sahibi olmasından qaynaqlanır. Düzdür, buna kənardan təsirlər də yardımçı olur».

Erməni sosioloq Ayk Saakayan isə deyir ki, hərbçilər verilən bütün əmrləri yerinə yetirməlidirlər. Onun sözlərinə görə, Ermənistan ordusunda baş verən ölüm və intihar hadisələrinin əsas qaynağı təhqirlər və işgəncələrdir. «Orduda qaydalar fərqlidir. Burada «onu etmə, bunu edə bilməzsən» kimi qadağalar var. Mülki həyatdan birdən birə hərbi mühitə düşmüş əsgər də bu qadağalara dözə bilməyib, özünə qəsd edir».

Fikrət Fəraməzoğlu
Milli.Az

URL: http://www.milli.az/news/politics/20258.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 3088

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: