Prezident İlham Əliyev: "Rusiya Prezidentinin səfərinin çox yaxşı nəticələri olacaq, imzalayacağımız sənədlər isə münasibətlərimizin daha da inkişafı üçün möhkəm baza yaradacaq" - YENİLƏNİB-FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olublar.
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat veriblər. Bildirilib ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.
Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxıblar. Bildirilib ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilib, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunub. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya irs siyahısına daxil edilib.
Rusiyanın dövlət başçısı və xanımı İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq olublar.
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurub. Qeyd olundu ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.
Qonaqlar Şirvanşahlar sarayında da olublar. Qeyd edildi ki, Şirvanşahlar saray kompleksi XV əsrin əvvəllərində tikilib. Kompleksə daxil olan abidələr İçərişəhərin ən yüksək yerində yerləşir. Qız qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir. Məscid-mədrəsə və XII əsrə aid bazar da burada yerləşir. Burada o dövrə aid qəbir daşları və totemlər saxlanılır.
Rusiya Prezidenti burada şəkil çəkdi. Sonra birlikdə şəkil çəkdirilib.
Prezident Dmitri Medvedev və xanımı İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə də baxıblar.
Rusiya dövlətinin başçısının diqqətinə çatdırılıb ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparıb və Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar ediblər. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.
Qonaqlar üzərində paytaxtımızın rəmzi olan qədim abidələrimizin əks olunduğu suvenirlərə də baxıblar.
Azərbaycan rəssamlarının çəkdiyi əsərlər də qonaqlarda maraq doğurub. Rusiya Prezidenti və xanımı İçərişəhərdə yerləşən qalereyada qədim abidələrimizin əks olunduğu rəsm əsərlərinə tamaşa ediblər.
Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxıblar.
Rusiya Prezidentinə xatirə olaraq hədiyyə təqdim olunub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar.
Bildirilib ki, son illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət alıb. Paytaxt sakinlərinin və Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişib. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılıb. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.
Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçısında və xanımında zəngin təəssürat doğurub.
***
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 3-də başa çatıb.
---------------------------------
18:46
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham
Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olub.
Azərbaycan
Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib:
-Hörmətli
Dmitri Anatolyeviç! Hörmətli qonaqlar! Xanımlar və cənablar!
Bu
gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox
əlamətdar gündür. Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər –
dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının
bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr,
habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə
imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox
mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən
edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli
inkişafının əyani göstəricisidir. Biz münasibətlərimizi strateji
tərəfdaşlar arasında, qonşular və mehriban dostlar arasında münasibətlər
kimi səciyyələndiririk. Rusiya Prezidentinin bugünkü səfəri, imzalanmış
sənədlər, habelə apardığımız fikir mübadiləsi və danışıqlar bizim
münasibətlərin dinamik, səmərəli və müsbət inkişafına əyani sübutdur.
Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bütün
istiqamətlər üzrə əlaqələrimizin gələcək inkişafı da bu günə qədər əldə
edilənlər kimi səmərəli olacaqdır.
Ölkələrimiz arasında çox sıx
siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq.
Rusiya Prezidentinin, böyük bir dövlətin Prezidentinin son üç ildə
Azərbaycana üçüncü dəfə səfər etməsini xüsusi qiymətləndiririk. Mən də
tez-tez Rusiyaya – Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu,
bir-birimizə olan qarşılıqlı marağa, eləcə də bizim münasibətlərin
mövzusunun çox geniş olmasına dəlalət edir. Bizim münasibətlər ayrıca
bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir –
siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə
edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi
satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz
regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik.
Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və
hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib
hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda
təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik.
Ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq
fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar
və konkret layihələr əsasında çox danışmaq olar.
Dünən mən Rusiya
Prezidentinin şərəfinə təntənəli ziyafət zamanı qeyd etmişdim ki, biz
humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetiririk. Bu sahədə bizim
çox yaxşı nəticələrimiz vardır. Bu gün ikitərəfli əməkdaşlığımız artıq
ikitərəfli formatı aşır və beynəlxalq humanitar layihəyə çevrilir. Bu il
humanitar əməkdaşlıq sahəsində Bakıda keçirilən Rusiya-Azərbaycan
forumunun müsbət təcrübəsi artıq yaxşı nəticələr verir. Biz bu gün
razılığa gəldik ki, Rusiya və Azərbaycanın himayəsi altında keçirilən bu
forum gələn il artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə,
humanitar sahədə əməkdaşlığımız artıq bu gün ikitərəfli formatı aşır və
gələcəkdə bu sahədə əməkdaşlıqda marağı olan ölkələrin və xalqların
yaxınlaşması işinə xidmət edəcəkdir. Biz Azərbaycanda buna maraqlıyıq.
Biz istəyirik ki, ölkəmizdə bütün xalqların nümayəndələri gələcəkdə də
indiki kimi sülh, dostluq, qardaşlıq şəraitində yaşasınlar. Biz çox
sevinirik ki, ölkələrimiz arasında humanitar əməkdaşlıq konkret real
layihələrlə zənginləşir.
Başqa sözlə desək, münasibətlərimiz
olduqca çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq bütün sahələri əhatə
edir. Ən başlıcası isə, bu gün dövlət sərhədi haqqında müqavilə
imzalandıqdan sonra münasibətlərimizdə həll edilməmiş hər hansı məsələ
qalmır. Həmin müqavilənin bu gün Bakıda bu cür təntənəli şəraitdə
imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə daha bir
sübutdur. Bu müqavilə ölkələrimiz arasında münasibətlərin inkişafında
mühüm mərhələdir. Qarşıda bizi başqa işlər gözləyir. Bu gün biz
münasibətlərimizin iqtisadi tərkib hissəsini necə zənginləşdirmək
barədə, hansı yeni layihələri həyata keçirməyə hazırlaşmağımız,
gələcəkdə fəaliyyətimizi necə əlaqələndirməyi planlaşdırmağımız barədə
fikir mübadiləsi etdik. Energetika sahəsində artıq konkret addımlar
nəzərdə tutulmuşdur.
Mən ilk növbədə, Rusiya Prezidenti Dmitri
Anatolyeviç Medvedevə ölkəmizə səfər etdiyinə, bugünkü razılaşmalara
gətirib çıxarmış müştərək işə görə bir daha təşəkkür etmək və əmin
olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər
gələcəkdə də dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda
inkişaf edəcəkdir.
Rusiya Prezidenti Dmitri Medvedev bəyanatla
çıxış edərək deyib:
-Hörmətli İlham Heydər oğlu! Hörmətli
həmkarlar! Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!
Bu
gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın münasibətləri
tarixində həqiqətən çox əlamətdar gündür. Bu gün biz ölkələrimiz
arasında mövcud olan mürəkkəb məsələlərdən sonuncusunu qapadıq.
Azərbaycan üçün bu, sərhədin müəyyən edilməsi barədə ilk saziş, ilk
müqavilədir. Ona görə də bu, gələcək münasibətlərimiz üçün xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti indicə bu münasibətləri iki
strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi səciyyələndirdi.
Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin mahiyyətini
kooperasiyamızın praktiki olaraq bütün sahələrində izləmək mümkündür.
İndi mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına
dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa bilərdim.
Lakin mən bu münasibətlərin xüsusi xarakterini hər şeydən yaxşı
səciyyələndirən cəmi bir misal gətirəcəyəm.
Bildiyiniz kimi, bu
il Rusiya Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış məntəqəsi
yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çoxlu evi alov bürümüşdü. Bu
məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim
bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak
etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən ona görə ki, bu cür
fəlakətlər adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter
daşıyır. Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki
vilayət yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara
ziyan dəymişdir. Əlbəttə, biz bunların hamısını hökmən bərpa edəcəyik.
Lakin bir məqam xüsusilə vacibdir ki, bu cür çətin şəraitdə, - hətta
inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə də
çətin vəziyyətə düşə bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham
Heydər oğlu, görülmüş işlərə görə bir daha çox sağ olun.
O ki
qaldı gələcəyə, düşünürəm ki, gələcəyimiz çox yaxşı olacaqdır. Bizim çox
perspektivli layihələrimiz vardır. Bu gün sərhədyanı Samur çayının su
ehtiyatlarından birgə istifadə edilməsi barədə də müqavilə
imzalanmışdır. Bu ehtiyatlar bizim müştərək sərvətimizdir və biz sadəcə
olaraq, onlardan daha yaxşı istifadə etməyin yolları barədə
fikirləşməliyik.
Energetika sahəsində əməkdaşlıq, əlbəttə, ən
mühüm istiqamətdir. Lakin bu, yeganə istiqamət deyildir. Biz razılığa
gəldik ki, bu məsələyə bəlkə də ayrıca bir görüş, dövlət başçılarının
ayrıca bir zirvə toplantısını həsr etmək, bütün istiqamətlərdə vəziyyəti
ölçüb-biçmək lazımdır. Xüsusən ona görə ki, artıq əlaqələr vardır. Bu
əlaqələr, o cümlədən qaz sferasında əməkdaşlıq sahəsində kifayət qədər
fəal inkişaf etməyə başlamışdır. Neft, ticarət, elektrik energetikası
sahələrində əməkdaşlıq da elə istiqamətlərdir ki, biz onlara həqiqətən
daha artıq diqqət yetiririk.
Regional məsələlər həmişə
gündəlikdədir. Biz bu barədə çox danışmışıq. Təbii ki, təhlükəsizliyin
təmin edilməsi məsələləri barədə danışmışıq. Lakin ümid edirəm ki,
mətbuat konfransının gedişində bu cür suallar veriləcəkdir. Çünki
zənnimcə, bu, maraqlıdır. İndi təfərrüata varmayacağam.
Biz son
zamanlar daha bir ümumi məkanda əldə edilmiş müsbət nə varsa hamısını
qoruyub saxlamağın zəruri olmasından danışdıq. Bu, Xəzər məkanıdır. Ümid
edirəm ki, irəlidə bu əməkdaşlığı dərinləşdirmək üçün imkanımız
olacaqdır.
Humanitar sahə çox vacibdir. İndicə ikonaların
verilməsi kimi rəmzi bir akt baş tutdu. Həmin ikonalar Azərbaycan
ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmişdir. Çox yaxşı haldır ki,
bizim hüquq mühafizə idarələri arasında bu cür əməkdaşlıq inkişaf edir.
Onu demək istərdim ki, Rusiyaya məxsus təbərrüklərin verilməsinə görə
Azərbaycan tərəfinə bir daha təşəkkürümüzü bildiririk. Bu, dost jestidir
və təbii ki, biz onu müvafiq şəkildə qiymətləndiririk.
Təhsil
sahəsində mütəxəssislər, mədəniyyət xadimləri arasında ünsiyyəti davam
etdirmək lazımdır. Məhz bu səbəbdən bu gün Azərbaycan Prezidentinin
irəli sürdüyü təşəbbüsü – Azərbaycanda keçirilən foruma beynəlxalq
xarakter vermək təşəbbüsünü mən tamamilə bəyənirəm. Mənə belə gəlir ki,
bura həm ikitərəfli humanitar məsələlərin, həmçinin siyasi əlaqələrin
inkişafı məsələlərinin müzakirəsi üçün, həm də beynəlxalq miqyasda yaxşı
məkandır. Xüsusən ona görə ki, bu işdə marağı olan tərəflər vardır –
bizim qonşularımız da bu forumda iştirak etməyə hazırdırlar. Mənə belə
gəlir ki, bu, maraqlı olacaqdır. Hər halda, əgər azərbaycanlı
dostlarımız çağırsalar, biz həmin forumda məmnuniyyətlə iştirak
edəcəyik.
Beləliklə, bu, həqiqətən əlamətdar səfərdir. Həm formal
baxımdan əlamətdardır, çünki ölkələrimiz arasında qarşıdakı onilliklər
üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanmışdır. Həm də
qeyri-formal mənada, şəxsi ünsiyyət baxımından əlamətdardır, çünki bu
cür ünsiyyət olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün
deyildir. Biz çox görüşürük, çox ünsiyyət saxlayırıq. Bizim çox mehriban
yoldaşlıq münasibətlərimiz vardır və ümid edirəm ki, bundan sonra da
belə olacaqdır.
Sonra dövlət başçıları jurnalistlərin
suallarına cavab veriblər.
- Bu gün imzalanan əlavə sazişə görə,
“Qazprom”un gələn il alacağı Azərbaycan qazının həcmi artırılmışdır.
Eyni zamanda, məhz Azərbaycan qazı “Nabukko” boru kəmərinin başlıca
doldurucusu kimi nəzərdən keçirilir. “Nabukko” isə “Cənub axını”nın
bilavasitə rəqibidir. Bu iki məqam bir-biri üçün ziddiyyət təşkil
etmirmi? Bir tərəfdən qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri
möhkəmlənir, digər tərəfdən isə Azərbaycan rəqib layihədə iştirakdan
imtina etmir. Ümumiyyətlə, qaz bütün layihələrə kifayət edəcəkmi? Sualım
hər iki prezidentədir.
Prezident
Dmitri Medvedev: Bilirsiniz, biz iqtisadi maraqlarımıza diqqətlə
yanaşmalıyıq. Biz anlamalıyıq ki, bir tərəfin və digər tərəfin
mənafeləri mövcuddur. Bu maraqlar praqmatik xarakter daşıyır. Bu, ideal
vəziyyətdə olan humanitar sahədə əlaqələr deyildir. Biz burada pul
qazanırıq. Bu, normal haldır. Biz burada imkanlarımızı arzularımızla
uyğunlaşdırmalıyıq. Bu, birincisi.
İkincisi, bu gün biz
Azərbaycan Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda
sanballı oyunçularıq və maraqlarımız çox halda üst-üstə düşür. Çünki
ölkələrimiz enerji ehtiyatlarının istehsalçıları və ixracçılarıdır. Buna
görə də biz bir tərəfdən razılığa gəlməliyik, digər tərəfdən isə
kooperativləşməliyik. Həmkarlarımızın imzaladığı qaz ticarətinin
genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nümayiş etdirdi.
Üçüncüsü,
ən müxtəlif layihələr mövcuddur. Burada Rusiyanın mövqeyi həmişə elə
olmuşdur ki, biz hər hansı layihələrə mane ola bilmərik və olmamalıyıq,
bu, tamamilə qeyri-təbii işdir. Mənə elə gəlir ki, biz sadəcə
əməkdaşlığın ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin
cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək layihələrə gəldikdə isə,
necə deyərlər, qoy mənfəət gətirən, tərəfdaşlarımız üçün maraqlı
layihələr qalib gəlsin. Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni
zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr olmalıdır. Gələcək
üçün enerji sahəsində münasibətlər qurarkən mən buna əsaslanardım.
Prezident İlham Əliyev: Mən də öz
növbəmdə demək istəyirəm ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını
beynəlxalq bazarlara çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi
ilbəil artır. Ehtiyatlarımız yetərincə çoxdur. Azərbaycanda yalnız
təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə
biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində qiymətləndiririk.
Buna
görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində
əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır. Biz bu sahəyə
dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək
imkanı kimi baxırıq. Rusiya ilə bu sahədə əməkdaşlığımıza gəldikdə isə,
bildiyiniz kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Birinci
sənədlər yalnız ötən il imzalanmışdır, lakin artıq qısa vaxt kəsiyində
biz bu gün imzaladığımız müqavilə ilə Azərbaycan qazının Rusiyaya
ixracının həcmini mahiyyətcə 4 dəfə artırırıq. Bu, böyük gələcəyi olan
qarşılıqlı surətdə faydalı layihədir. Layihənin əhəmiyyətli
üstünlüklərindən biri də budur ki, Azərbaycan ilə Rusiya arasında
tranzit ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri
sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının Rusiyaya
nəqli imkanlarının genişləndirilməsinə sərmayələr qoyulur.
Xatırlatdığınız
başqa layihələrə və rəqabətə gəldikdə isə, biz qaz sahəsində
fəaliyyətimizi hansısa əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən
keçirməmişik. Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və
praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri
arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid
edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı
tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar
və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə
endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə
alınacaqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə energetika
sahəsində ikitərəfli əməkdaşlığımızı uzunmüddətli və strateji əməkdaşlıq
kimi nəzərdən keçiririk və bu, təkcə qaz sahəsini əhatə etmir. Bu, həm
neft, həm elektroenergetika sahələrinə də aiddir. Gələcəkdə qarşılıqlı
razılığa gəlsək, biz bütün energetika komponentləri üzrə Rusiyaya təbii
ehtiyatların ixracını artırmaq niyyətindəyik.
- Sualım hörmətli Rusiya Prezidentinədir.
Azərbaycan ictimaiyyəti Sizin Ermənistana bu yaxınlardakı səfərinizə və
orada Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər
haqqında imzalanmış protokola böyük maraq göstərir. Bu da aydın
məsələdir. Siz bunu necə şərh edərdiniz?
Prezident Dmitri Medvedev:
Çox sağ olun. Təbii ki, mən səfərimin yekunlarını şərh edəcəyəm.
Gizlətməyəcəyəm, biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə bu
mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya üçün burada, Qafqazda
sabitliyin qorunub saxlanması çox vacibdir. Rusiya Qafqaz ölkəsi,
Xəzəryanı ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan ilə
münasibətlər quranda məhz buna əsaslanırıq.
Buna görə burada sülh
və asayiş olması hamımızın marağına uyğundur. Mənim Ermənistana səfərim
zamanı qəbul edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi
bazasının olması haqqında müvafiq sazişin qüvvədə olması müddətinin
artırılması məsələsinə də məhz bu mövqedən baxmaq lazımdır. Burada hər
hansı gizli və ya başqa mülahizələr yoxdur. Həmin baza sülhü və asayişi
təmin etməyə, sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün
mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş çərçivəsində
imkanlarımızı və səlahiyyətlərimizi həyata keçirərkən biz məhz bu
mövqedən çıxış edəcəyik. Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun
yalnız bir mənası var: həmin bazanın orada olacağı illərin sayı müəyyən
qədər artırılır. Mən əminəm ki, biz mümkün olan bütün imkanları burada,
Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin sağlamlaşdırılmasına
yönəldəcəyik. Mən öz tabeliyimdə olanlara – həmin bazanın təminatı
məsələləri ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin
rəhbərlərinə də məhz bu cür təlimatlar verəcəyəm.
Biz Azərbaycan
Prezidenti ilə bu barədə kifayət qədər ətaflı danışmışıq. Biz gələcəkdə
də burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə aid bütün
məsələlər barədə fəaliyyətimizi, fikir mübadiləsini sıx
əlaqələndirəcəyik.
- Sualım
cənab Əliyevədir. Siz dediniz ki, Xəzəryanı problemlər həmişə Sizin
diqqət mərkəzinizdədir. Xahiş edirəm deyin, Xəzəryanı dövlətlərin Tehran
sammitində növbəti zirvə görüşünün Bakıda keçirilməsi haqqında qəbul
edilmiş qərarın reallaşdırılması hansı mərhələdədir? Bu sammitin Bakıda
çağırılmasına hər hansı maneələr varmı?
Prezident İlham Əliyev:
Biz həmin məsələni bu gün Dmitri Anatolyeviçlə müzakirə etmişik,
sammitin Bakıda keçirilməsinə heç bir maneə yoxdur. Xəzər dənizinin
delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz
üst-üstə düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz
arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. Hesab edirik ki,
bu, çox yaxşı formatdır və Xəzər dənizinin statusu ilə bağlı məsələnin
hərtərəfli tənzimlənməsinə nail olmaq üçün möhkəm zəmin ola bilər.
Bu
gün biz sammitin keçirilməsinin təxmini vaxtını da müzakirə etmişik və
tərəfdaşlarımızla, Xəzəryanı bölgədəki qonşularımızla müvafiq
məsləhətləşmələrdən sonra həmin vaxtı konkret müəyyən edəcəyik. Mənim
bildiyimə görə, bizim başa düşdüyümüz mənada məqsəd həmin sammitin
keçirilməsini 2011-ci ilə təxirə salmamaqdan, onu ən yaxın aylarda,
2010-cu ildə Bakıda keçirməkdən ibarətdir.
- Mənim sualım hər iki prezidentədir. Məlum
olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll
edilməməsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının
davam etməsi regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox
böyük əngəl yaradır. Siz bu məsələnin tənzimlənməsinin perspektivlərini
necə təsəvvür edirsiniz?
Prezident İlham Əliyev: Bizim
fikrimizcə, bu məsələ ən tez bir vaxtda tənzimlənməlidir. Çünki
danışıqlar prosesi artıq neçə illərdir ki, davam edir. 1992-ci ildə bu
məsələ ilə məşğul olan Minsk qrupu yaradılmışdır. 1994-cü ildən atəşkəs
haqqında saziş bağlanmışdır. O vaxtdan atəşkəs rejimi mövcuddur. Lakin
bütün bu illər ərzində münaqişənin tammiqyaslı tənzimlənməsinə təəssüf
ki, nail ola bilməmişik. Azərbaycan əraziləri işğal altındadır.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridilmiş, nəticədə
Dağlıq Qarabağdan və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun
ərazisindən yüz minlərlə azərbaycanlı qovulmuşdur.
Beynəlxalq
təşkilatların qətnamələri mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə
qəbul etmişdir. Həmin sənədlərdə işğalçı qüvvələrin Azərbaycan
ərazisindən çıxarılması haqqında tələblər irəli sürülür. ATƏT-in
Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların
qətnamələri mövcuddur.
Münaqişə həmin qərarlar və qətnamələr
əsasında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında
tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks olunmuşdur.
Ərazi
bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmək hüququ ilə
əlaqələndirilməsi məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən
məsələ deyildir. Xalqın təyini-müqəddərat hüququ ölkələrin ərazi
bütövlüyünün pozulmasını nəzərdə tutmamalıdır və ölkələrin ərazi
bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Buna görə də biz
hesab edirik ki, məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri,
beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq lazımdır.
Azərbaycan torpaqlarının işğal edilməsinə son qoymaq, yüz minlərlə
məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmasına və sülh şəraitində
yaşamasına imkan yaratmaq lazımdır.
Ümid edirəm ki, erməni tərəfi
konstruktiv yanaşma nümayiş etdirəcək və biz münaqişəni mənim dediyim
prinsiplər əsasında tənzimləmək yolunu tapa biləcəyik. Mən sizin
sualınızdan istifadə edərək, Rusiya Prezidentinə bu prosesdə fəal
iştirakına görə təşəkkür etmək istərdim. Dmitri Anatolyeviçin təşəbbüsü
ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüş
keçirilmişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr
ölkələrin liderləri tarixdə hələ heç vaxt bu cür fəallıq və ən
başlıcası, effektivlik nümayiş etdirməmişlər.
Dmitri
Anatolyeviçin iştirakı ilə tərəflərin yaxınlaşdırılması işində çox mühüm
addımlar atılmışdır. Mən Rusiya Prezidentinə təşəkkür etmək, eyni
zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, o, gələcəkdə də bu
istiqamətdə səy göstərəcəkdir. Biz bu gün bu məsələni müzakirə etmişik.
Mən tam əminəm və inanıram ki, Rusiya Prezidentinin şəxsi iştirakı çox
müsbət rol oynayır və onun iştirakı ilə aparılan danışıqlar daha
səmərəlidir.
Prezident Dmitri
Medvedev: Mən demək istəyirəm ki, həqiqətən, son illər Azərbaycan
və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin iştirakı ilə
görüşlərin sayı hədsiz çox olmuşdur.
Bu yaxınlarda mən həmin
mövzuda danışmışam. Mən demişəm ki, son vaxtlar görülən işlərə görə
xəcalət çəkmirəm. Bu, dərin, düşünülmüş müzakirələrdir və biz belə
prosesdə yetərincə çətinliklər olduğunu anlayırıq. İstənilən halda, bu
səylər müəyyən nəticələr verir. Danışıqlar davam edir və düşünürəm ki,
əlaqlərin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu çərçivəsində
vəzifələrini, həm də bu mövzuda ünsiyyəti davam etdirən qonşu ölkə kimi
mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Şəxsən mən gündəlikdə
qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram. Ümidvaram ki,
ölkələrimizin xarici siyasət idarələrinin iştirakı və şəxsən bizim
iştirakımızla bu cür məsləhətləşmələr davam etdiriləcəkdir.
Mən
xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə
minnətdaram. Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri
nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir. Nəticə isə
çox lazımdır. Bu nəticə regiona möhkəm sülh və təhlükəsizlik gətirməyə
qadirdir. Heç şübhəsiz ki, Rusiya Federasiyası da bunda maraqlıdır.
--------------------------------
17:24
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib:
- Hörmətli Dmitri Anatolyeviç! Hörmətli qonaqlar! Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairəsi barədə Sizinlə hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı nəzərdən keçirdik.
Görürəm, Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən proseslər üçün vacibdir.
Mən çox şadam ki, Sizinlə bərabər bu cür nüfuzlu nümayəndə heyəti – Rusiya Federasiyasının müxtəlif səviyyəli rəhbərləri gəlmişdir. Bu, həm də Sizin münasibətlərimizə verdiyiniz qiymətin göstəricisidir.
Bu münasibətlər bizim üçün çox əhəmiyyətli, çox qiymətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri, dostlar arasında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq, imzalayacağımız sənədlər isə münasibətlərimizin daha da inkişaf etməsi üçün çox möhkəm baza yaradacaqdır. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz.
Rusiya Prezidenti Dmitri Medvedev səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:
- Bir daha sağ olun, hörmətli İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar.
Həqiqətən, biz sizinlə məhdud tərkibdə çox geniş fikir mübadiləsi apardıq. Bu, çox faydalı oldu. Qeyd etmək istərdim ki, bu yeni məkan danışıqlar aparılması üçün çox rahat, çox münasibdir. Belə ki, Azərbaycan tərəfi danışıqların səmərəli keçməsi üçün hər cür şərait yaratmış və bunu çox gözəl etmişdir.
Mənə belə gəlir ki, ənənəyə görə bizim hökumətlərarası komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri indi geniş tərkibdə müzakirə etmək olar, həmin komissiyaların rəhbərləri buradadırlar. Regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə yanaşı, əməkdaşlığımızın iqtisadi komponentinə daha artıq diqqət yetirmək olar. Keçən il, böhranla əlaqədar, bizim ticarət dövriyyəsi üçün o qədər də sadə il olmamışdır – ticarət dövriyyəsi azalmışdır.
Bu il müsbət meyillər var, lakin əlbəttə, həmin meyilləri möhkəmlətmək üçün biz lazım olan hər işi görməliyik. Yeni layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə təkbətək görüş zamanı biz bəzi ideyaları müzakirə etdik. Zənnimcə, indi həmin ideyaları həmkarlarımızla da bölüşmək olar.
Bir daha çox sağ olun.
* * *
Daha sonra isə Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı keçirilib.
---------------- 13:48
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Rusiya Prezidentinə müraciət edərək deyib:
- Hörmətli Dmitri Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Biz Sizi görməyə həmişə şadıq.
Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı imkandır.
Münasibətlərimizin vəziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir.
Münasibətlərimizin gündəliyi çox genişdir. Biz müxtəlif istiqamətlərdə çox səmərəli işləyirik. Münasibətlərimiz səmimiliyi ilə fərqlənir. Bu, mehriban qonşular, dostlar, strateji tərəfdaşlar arasındakı münasibətlərdir.
Əminəm ki, ölkəmizə səfəriniz əlaqələrimizin gələcək inkişafı və uğurla irəliləməyimiz işində çox əhəmiyyətli olacaqdır. Xüsusən ona görə ki, müzakirə edilməli məsələlər və qəbul edilməli vacib qərarlar vardır.
Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!
Rusiya Prezidenti Dmitri Medvedev təşəkkürünü bildirərək dedi:
- İlham Heydər oğlu, çox sağ olun! Xoş sözlərə, nümayəndə heyətimizin artıq dünən hiss etdiyi qonaqpərvərliyə görə çox sağ olun!
Həqiqətən, münasibətlərimiz mehriban qonşuluq, dostluq və strateji münasibətlərdir. Ümidvaram ki, bu səfər zamanı cari məsələləri, ikitərəfli münasibətlərimizi, regional gündəliyi, beynəlxalq məsələləri müzakirə edə biləcək və əlbəttə, Sizinlə yetərincə uzun müddət müzakirə etdiyimiz və komandalarımızın üzərində işlədiyi çox mühüm sənədləri imzalayacağıq. Odur ki, bu gün bu baxımdan çox əhəmiyyətli gündür.
Gələcəklə bağlı mən tamamilə razıyam ki, bizim həm burada, Azərbaycanda, həm də Rusiya Federasiyasında, digər yerlərdə, müxtəlif sammitlərdə müntəzəm görüşməyimiz, ünsiyyətdə olmağımız uzun illər üçün sıx, möhkəm və dostluq münasibətlərinin təminatıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük.
----------------- 12:14
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının
Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya Prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.
Rusiyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rusiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.