Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Araz Əlizadə: "Artıq dünyada erməniləri başa salırlar ki, götür şələ-şüləni çıx get"

06 Sentyabr 2010 [10:09] - MİLLİ.AZ
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin Milli.Az Xəbər portalına müsahibəsi
«Biz cib dövləti deyilik ki, kimsə bizi müdafiə etsin»



- Araz bəy, ATƏT-in xarici işlər nazirlərinin Almatı görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm mərhələ olacağı ilə bağlı gözləntilər Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində özünü doğrultmadı. Danışıqların nəticəsizliyini analiz edən ekspertlər, düyünlərin Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri zamanı açılacağını təhlil edərək, müxtəlif versiyaların üzərində dayanmışdılar. Rusiya Prezidentinin ölkəmizə səfəri artıq baş tutdu. Sizcə, Rusiya liderinin bu səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı mühüm mərhələnin açarı olacaq?

- Heç bir açar olacağını düşünmürəm. 1991-ci ildən bu günə qədər etdiyim çıxışların üzərində bir daha dayanaraq, qeyd edirəm ki, bu münaqişənin vətən müharibəsindən başqa həlli yolu yoxdur və bu istiqamətdə heç nə dəyişməyib. Əlbəttə, ola bilməz ki, Dmitri Medvedyevin Azərbaycana səfəri zamanı Dağlq Qarabağ münaqişəsi müzakirə olunmasın. Çünki Prezident İlham Əliyev harda olursa-olsun, kiminlə görüşürsə görüşsün, Azərbaycanın ən ağrılı yeri olan Qarabağ münaqişəsindən danışır. Ermənilərin Azərbaycana təcavüzünün münaqişə kimi təqdim edilməsini düzgün hesab etmirəm. Bu, bir ölkənin digər ölkəyə təcavüzü və onun torpaqlarının işğalıdır.
O ki qaldı münaqişənin Rusiya tərəfindən nə dərəcədə həll edilib-edilməməsinə, bəli, Dmitri Medvedyev, Vladimir Putin istəsələr Qarabağ problemini sülh yolu ilə həll edə bilərlər. Lakin bu, Rusiyaya lazımdırmı? Xeyr, lazım deyil. Çünki nə qədər ki, Qarabağ problemi var, Rusiyanın Cənubi Qafqazdakı mövqeyi çox güclü olacaq. Nə qədər ki, Qarabağ problemi var, Rusiyanın Cənubi Qafqazdakı nüfuzu qalacaq. Ona görə də mən bir daha deyirəm ki, müharibədən başqa Qarabağ pobleminin həllinin, Qarabağın azad olunmasının heç bir yolu yoxdur.


«Nə qədər ki, Ermənistanın prezidenti keçmiş Qarabağ separatçılarının lideridir…»



- Ermənistan tərəfi Rusiya prezidentinin Azərbaycana səfərindən öz maraqlarını təmin edəcək hansısa razılaşmalar ümidində idi. Sizcə, Ermənistanın belə bir həvəsə düşməsinin səbəbi nədir?

- Mənim fikrimcə, danışıqlarda ermənilərin xeyrinə işləyə biləcək yeganə variant budur ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və yalnız bundan sonra geniş muxtariyyət alırlar. Amma nə qədər ki, Ermənistanın prezidenti keçmiş Qarabağ separatçılarının lideridir, Qarabağ məsələsinin həlli mümkün deyil. Çünki onlar erməni xalqına Qarabağın müstəqil olacağı ilə bağlı yalançı vədlər verirlər. Deyirlər ki, Qarabağ müstəqil olacaq, böyük Ermənistan yaranacaq və sairə. İndi erməni xalqı xəstə vəziyyətindən yavaş-yavaş çıxır. Bu gün onlar desələr ki, bəli, Qarabağ Azərbaycanındır, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımaqda haqlıdır, əlbəttə ki, erməni xalqı tam ayılıb, onları əsarətdə saxlayan separatçı iqtidarını zibilliyə atacaq.

- Araz bəy, necə hesab edirsiniz görüş ərəfəsində yenilənmiş Madrid sənədi ilə bağlı yeni təkliflərin ortaya çıxması nə dərəcədə mümkün ola bilər?

- Azərbaycan Konstitusiyasından kənar heç bir şey edilə bilməz. Azərbaycan Konstitusiyası Azərbaycanda hansısa mərhəllədə, regionda, yaxud vilayətdə ayrıca referendumun keçirilməsini nəzərdə tutmur. İkincisi, əgər Qarabağ ərazisində referendum keçirmək istəyirlərsə, bu, Qarabağın Azərbaycan əhalisinin öz yurd-yuvasına qayıtmalarından sonra baş verə bilər. Təkcə Qarabağ ermənilərinin arasında referendumun keçirilməsini istəmək gülüncdür.

- Rusiya prezidentinin Azərbaycana səfəri və Dağlıq Qarabağ ətrafında aparılmış danışıqlar nəyi dəyişə bilər?

- Yəqin ki, prezidentlər məsələ ilə bağlı bir-birilərinə öz sözlərini dedilər. Ola bilər elə mövzular ortaya çıxıb ki, bu, ictimaiyyət üçün açıqlanmayacaq. Əksər hallarda iki dövlət başçısı arasında olan söhbətlərin ortaya çıxarılması məcburi sayılmır. Nəyi məqbul hesab edirlərsə, onu ictimaiyyətə çatdırırlar.

- Artıq Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar, müzakirələr gedir, müəyyən mərhələlərdə problemdə dönüşün yaranması barədə də fikirlər səslənir. Sizcə problemə münasibətdə dəyişən nədir?

- Artıq dünyada Qarabağ münaqişəsinə münasibət dəyişir. Bunun ən bariz nümunəsi elə son vaxtlarda olan Avropa parlamentinin Qarabağla əlaqədar qətnaməsi idi. Əgər əvvəl Qarabağdan danışarkən Qarabağın bizimki olduğunu isbat etmək üçün yaxamızı cırmaqlayırdıqsa, artıq bu gün bütün dünya başa düşür ki, Qarabağ Azərbaycanındır. Əgər əvvəllər azərbaycanlılara barbarlar kimi baxırdılarsa, indi görürlər ki, çox mədəni, sivil bir xalqdır. Əgər əvvəl düşünürdülərsə ki, məzlum erməni xalqı ayağa qalxıb öz hüquqlarını müdafiə etməklə məşğuldur, indi görürlər ki, bunlar hamısı siyasi alver üsuludur. Bu dəyişikliklər nəzərə çarpır.

- Qarabağ münaqişəsinə münasibətin dəyişməsi Amerikanın Cənubi Qafqazdakı maraqları ilə Rusiyanın maraqlarının toqquşması səbəbindən yarana bilərmi?

- Hər bir dövlətin öz maraqları var. ABŞ-ın Azərbaycandakı maraqları neftlə bağlı idi. Nefti alandan sonra ermənilərə yarınmağa başladılar. Bu da Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına xidmət edir. Bunun bir nəticə vermədiyini gördükdən sonra isə onlar öz yollarını davam etdirərək Azərbaycana təzyiq göstərmək istədilər. Digər tərəfdən, heç vaxt unutmaq lazım deyil ki, ABŞ-ın siyasətində seçicilərin böyük əhəmiyyəti var. ABŞ-da olan milyon yarım, iki milyon seçicinin səsi Amerika siyasətçiləri üçün daha böyük əhəmiyyət kəsb edir, nəinki Azərbaycan nefti.

- Araz bəy, Rusiyanın Gümrüdəki hərbi bazalarının saxlanma müddətinin artırılması ilə bağlı Rusiya-Ermənistan arasında əldə olunan razılaşma bu gün daha çox Azərbaycana qarşı təsiredici məsələ kimi qabardılır. Gümrü bazası Azərbaycan üçün hansı həddə təhlükəlidir və məsələ ətrafında bu dərəcədə ajiotajın yaradılması nə qədər düzgündür?

- Mən dünyada elə bir dəli tanımıram düşünsün ki, Rusiya Gümrüdən öz hərbi bazasını çıxara bilər. Ona görə də bu müqavilə 49 il müddətinə uzadılsa da mən buna təəccüblənməzdim. Əgər bunun əksi olsaydı, yəni Rusiya öz bazasını Gümrüdən çıxarsaydı, buna çox təəccüblənərdim. Rusiya Cənubi Qafqazdan getmək fikrində deyil. Ermənistan isə ümumiyyətlə müstəqil deyil. Onun sənayesinin 94 faizi Rusiyanın mülkiyyətidir. Belə olan halda Rusiya ordan necə gedə bilər? Bu mülkiyyəti də qorumaq üçün orda olmalıdır. Çox təəssüflər olsun ki, bəzən savadsız ekspertlərimiz belə deyirlər ki, Azərbaycan hərb yolu ilə torpaqlarını azad etmək istəsə, Rusiya bu məsələyə hərbi müdaxilə edə bilər. Bu, məsələ şişirdilir. Azərbaycan Ermənistana qarşı müharibəyə başlasa, Rusiyanın heç bir əsası yoxdur ki, bu müharibəyə qoşulsun. Amma bizdə bəzi «dəlilər» var ki, gedib İrəvanı, Zəngəzuru azad etməkdən danışırlar. Bu bazanın orda olması Azərbaycan üçün o mənada təhlükə yarada bilər ki, hərbi sursat və avadanlıqla Ermənistana yardım etsin. Bu da hamıya məlumdur ki, onsuz da Rusiya daim Ermənistanı silahlandırır. Odur ki, burda elə bir yenilik yoxdur. Bizdə bəzi kəmsavad, şüursuz politoloqlar var ki, o saat bundan istifadə edərək, Azərbaycanda Türkiyəyə baza vermək haqqında fikirlər səsləndirirlər. Yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın öz ordusu, öz hərbi büdcəsi var. Biz cib dövləti deyilik ki, kimsə bizi müdafiə etsin. Azərbaycan əlil deyil. Ona görə də burda heç bir ölkənin bazasının olmasını qəbul etmirəm. Həm də buna Azərbaycan Konstitusiyası icazə vermir.
Bir şeyi də başa düşmürlər ki, Türkiyə NATO dövlətidir. Həmin quruma üzv dövlətlərdən biri hansısa hərəkəti edirsə, qurumun üzvləri ilə razılığa gəlməlidir.

- Bu günlərdə Azərbaycandan olan ermənilərin assosasiayasının rəhbəri Qriqori Ayvazyan Bakıya qayıtmaq və seçkilərdə iştirak etmək niyyəti ilə çıxış edərək bu barədə ATƏT-in Minsk qrupuna müraciət ünvanlayıb. Erməni siyasətçisinin bu çabasının arxasında nə durur?

- Əgər o, Azərbaycan vətəndaşıdırsa və erməni vətəndaşlığından imtina edirsə, bütün Azərbaycan vətəndaşları kimi onun da seçkilərdə iştirak etmək və öz namizədliyini irəli sürmək hüququ var. Məsələ burasındadır ki, bu gün də Azərbaycanda ermənilər yaşayır və heç kəs də onlara gözün üstə qaşın var demir. Biz də hər yerdə ermənilərin gözünə soxuruq ki, onlar monoetnik dövlət yaradırlar. Bu da beynəlxalq aləmdə çox pis qarşılanır.

- Araz bəy, qeyd etdiyiniz kimi, ermənilər beynəlxalq aləmdə ifşa olunsalar da yenə də sanki Avropa, beynəlxalq təşkilatlar qarşısında şittiklərindən əl çəkmirlər.

- Bayaq qeyd etdiyim kimi vəziyyət dəyişib. Mən bir çox beynəlxalq tədbirlərdə oluram. Əgər əvvəl mənim çıxışlarıma şübhə ilə yanaşırdılarsa, indi ermənilərə başa salmağa çalışırlar ki, götür şələ-şüləni çıx get. Əgər öz müqəddəratını həll etmək istəyirsənsə, buyur, sənin öz dövlətin var. Burda gəlib yaşaya bilərsən, amma torpağı çiyninə alıb apara bilməzsən. Hətta bu gün erməni diasporları da onlara az kömək edir. Bütün bunlar mövcuddur və artıq ermənilər özlərini o dərəcədə şıltaq göstərə bilmirlər. Onların son ümidi Türkiyə ilə protokolların imzalanmasına idi. Çünki Ermənistan iqtisadi cəhətdən bərbad vəziyyətdədir. Bu yaxınlarda xaricdən gələn qonaqlar Yerəvanda da olmuşdular. Onlar deyirdilər ki, bizdə elə bir təəssürat yarandı ki, torpağı işğal olunan Ermənistandır, çünki bərbad vəziyyətdədir. Azərbaycan isə günü-gündən gözəlləşir. Reytinq cədvəlinə görə Ermənistanda 150 mindən 200 minədək əhali qalıb. Ermənistanda baxın görün nə qədər əsgər fərarilik edir, intihar edir. Bunlar hamısı ondan irəli gəlir ki, artıq insanlar orda Erməni-Qarabağ klanından boğaza yığılıblar.

- Bu günlərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən qabardıldı.

- Bu, sadəcə təbliğat üsuludur. Türkiyə bilir ki, Ermənistanla sərhədlərin açılmasından heç nə qazanmayacaq, əksinə itirəcək. Ən əsası, iqtisadi zərbə çox güclü ola bilər, Azərbaycanla münasibətlər korlanacaq.


«İqtidara qarşı güclü müqavimət göstrmək imkanları sıfıra bərabərdir»


- Araz bəy, Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi partiyaların fəaliyyətini necə dəyərləndirirsiniz? Partiyanız seçkilərə hazırlaşa bilirmi?


- Azərbaycanda siyasi partiyaların hamısı zəif vəziyyətdədir. İqtidara qarşı güclü müqavimət göstrmək imkanları sıfıra bərabərdir. O cümlədən də bizim partiya da zəifdir. Ona görə də biz seçkilərdə cəmi 3-4 namizədlə iştirak edəcəyik. Bunun obyektiv və subyektiv səbəbi var. Obyektiv səbəbi budur ki, partiyaların liderlərinin nüfuzunu göstərə biləcək proporsional seçki sistemi yoxdur. Mojaritar seçki sistemində hər kəs özü üçün vuruşur. İkinci səbəb ondan ibarətdir ki, partiyaların iqtisadi durumu həddən çox zəifdir. Məsələn, biz seçkilərdə ona görə 3-4 namizədlə iştirak etmək fikrindəyik ki, bilirik ki, bu namizədlərdən başqa digərlərinə yardım etmək gücümüz yoxdur. 3-4 nəfər də o insanlardır ki, özləri özlərini maliyyələşdirəcəklər.

- Bir çox müxalifətçi liderlər müxalifətin zəifliyini iqtidarın müxalifətə öz təbliğatını qurmaqda maneə törətməsi ilə əlaqələndirir. Buna fikriniz nədir?

- Müxalifətin maddi imkanı yoxdur. Maddi imkan olmadıqda təbliğat resurslarından da məhrum olursan. Məsələn, götürək bizim partiyanı. Partiyamızın qəzeti yoxdur. Seçki kampaniyası zamanı biz pullu elektron kütləvi vasitələrindən istifadə etməkdən məhrumuq.

- Pulu sizə kim verməlidir, iqtidar?

- Dünyada belədir ki, iqtidarlar öz siyasi əqidələrinə, mövqeyinə görə siyasi partiyalara maliyyə yardımı edirlər. Hətta hər hansı partiyadan o qədər də xoşu gəlmədikdə belə ona da yardım göstərirlər ki, seçkilərdə gedən mübarizəni görsünlər. Amma bizdə müxalifət maliyyələşdirilmir. Başqa ölkələrdə proporsional seçkiyə uyğun olaraq yığılan səsə görə maliyyə verilir. Bizdə isə proporsional seçki sistemi olmadığından belə bir üsuldan istifadə etmək mümkün deyil.

- Araz bəy, əksər hallarda müxalifətin zəifliyi hazırda xarizmatik liderlərin olmaması ilə də əlaqələndirilir. Buna fikriniz nədir?

- Bu gün Azərbaycanda özləri-özlərini əsas müxalifət hesab edən bu insanlar vaxtilə xalq cəbhəsindən çıxmış şəxslərdilər. Onların Azərbaycan xalqı və dövləti qarşısında böyük günahları var. Bu günahların da ən böyüyü ondan ibarətdir ki, demokratiya astanasında olan Azərbaycanda çevriliş elədilər, bundan sonra anarxiya yaratdılar. İndi xalq demokratiya sözündən ümumiyyətlə qorxur. Çünki bəzi insanlar düşünürlər ki, demokratiya olsa, yenə də bu «bəylər» hərəsi özünə bir qoçu dəstəsi düzəldib, mağazaları, restoranları qarət edib, insanları döyəcəklər, televiziyada efir zamanı bir-birlərini söyəcəklər. Çox qəribədir ki, bu insanlar vaxtilə özləri qadağan etdikləri məsələləri indi özləri üçün istəyirlər. Xalq Cəbhəsi hakimiyyəti dövründə mitinqlər qadağan edilmişdi. Amma indi bunlar istəyirlər ki, istədikləri yerdə mitinqlər keçirsinlər. Xalq Cəbhəsinin dövründə jurnalistləri döyürdülər. İndi özləri deyirlər ki, «jurnalistləri döyürlər». Onların dövründə seçki saxtalaşdırılmışdı. Nizami Süleymanov qalib gəldiyi halda Əbülfəz Elçibəyi prezident elan etmişdilər. Özünə rəva görmədiyini başqalarına da rəva bilməməlisən. Ona görə də bu liderlər xalqın etimadını itiriblər. Onlara deyəndə ki, ay qardaş, çıxın tövbə edin, deyirlər ki, yox, biz hər şeyi düzgün etmişik.

- Müəyyən mənada sanki bir ələnmə prosesi gedib. Artıq müxaliffət 4-5 siyasi partiyanın bir araya gəlməsindən aşağı enərək, iki partiyanın - AXCP ilə Müsavatın bir araya gəlməsi məsələsini daha çox müzakirə edir. Bu istiqamətdə atılan addımları necə qiymətləndirərdiniz və digər müxalif partiyaların kənarda qalması bu seçkilərdən sonra müxalifətin sayının azalmasına gətirib çıxara bilərmi?

- Gəlin ondan başlayaq ki, bu partiyalar necə yaranıb. Onlar hamısı AXC-dən çıxmış şəxslərdir. Və öz ambisiyalarına görə AXC-dən çıxıb partiyalarını yaradıblar. Gəlin görək onlar şəxsi ambisiyalarını təmin edə biliblərmi, təbii ki, yox. O ki, qaldı hansısa blokların yaranmasına, özlərini müxalifət hesab edən insanlar başa düşmürlər ki, indi vəziyyət ayrı cürdür. Onlar bu illər ərzində mitinqdən başqa heç bir variant tanımayıblar. Adi bir misal: İctimai televiziya təbliğat üçün bu adamlara vaxt ayırırdı. Amma bunlar qərara gəldilər ki, boykot etməlidilər. Əgər televiziya sənə təbliğat üçün imkan yaradırsa, nəyə görə boykot edirsən? Yəni, bunlar ancaq «yox» deməyi bacarırlar. Belə birliklərin yaranmasını görəndə bir atalar sözü yadıma düşür: «Ölü ölüyə deyir ki, apar məni basdır».


"Radikallıq etməklə Azərbaycanda anarxiya yaratdılar və süpürülüb getdilər"


- Sizcə seçkilərdən sonra nə baş verəcək, möhkəmlənmə, yoxsa istefalar?

- Məsələ burasındadır ki, bu insanlar siyasətə gəlməklə maddi cəhətdən özlərini tutublar. Ona görə də onlar heç yana gedəsi deyillər. Bizim üzdə olan siyasətçilərin arasında siyasətə gəlib, amma maddi cəhətdən ən zəif olanı Araz Əlizadədir. Odur ki, mən demişəm ki, Dağlıq Qarabağ münaqişəsini kim həll etsə, mən siyastdən getməyə hazıram. Çünki mən siyasətdə qalmaqla heç nə qazanmıram. Nə maddi, nə mənəvi. Amma əfsuslar olsun ki, mən bu gün gənclərin siyasətə gəlişini görmürəm. Demək olar ki, gənclər siyasətdə yoxdur. Elə gənclər var ki, heç nədə uğur qazanmırlar, deyirlər ki, siyasətçi olacam. Elə siyasətçilərlə heç nə əldə etmək olmaz. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda siyasi meydana o şəxslər atılacaqlar ki, onlar artıq gözəl peşə karyerası qurublar, savadlıdırlar. Amma bu gün belə qüvvələri görmürəm.

- Necə düşünürsüz, parlament seçkisində sizi uğur gözləyir?

- Mən münəccim deyiləm. Bilmirəm. İnamım da yoxdur.

- İnanmırsınızsa seçkilərə niyə gedirsiniz?

- «Üç muşketyor» filmində muşketyorlara sual verirlər ki, niyə döyüşürsən. Dartanyan deyir ilahiyyət uğrunda, o birisi deyir qadın məsələsində sözü düşüb, Partosdan soruşanda ki, sən niyə dava eliyirsən deyir, mən dava eləyirəm ona görə ki, mən dava eləyirəm. Mənim namizədliyimi verdiyim dairədə uşaqlığım keçib. Orda çoxlu dost-tanışım, məktəb yoldaşlarım yaşayır. Heç olmasa imkanım olacaq ki, plakatlarla olmasa da, qapı-qapı gedib insanlarla ünsiyyətdə olum, danışım, dostlarımı görüm və gəncliyimi yada salım.

- Müxalifət düşərgəsində konstruktiv və radikal qanadların mövcud olması barədə bu gün də fikirlər var. Bu qanadlardan hansı daha çox müxalifətçiliyini qoruyub saxlaya bilib?

- Buna fikrim belədir ki, Azərbaycan siyasətində konstruktiv mövqe tutmuş partiya Azərbaycan Sosial Demokrat Partiyasıdır. Hətta AXC hakimiyyətə gələndən sonra biz konstruktiv mövqedə idik. Biz iqtidara təkliflər verirdik və istəyirdik ki, xalq üçün nə isə edək. Amma görəndə ki, AXC hakimiyyəti kar və kordur, o zaman 1992-ci ilin dekabrında qurultayımızda qərar qəbul etdik ki, həmin iqtidara qarşı barışmaz mövqedə dayanacağıq. O vaxtdan bəri biz konstruktiv mövqedəyik.
O ki, qaldı radikallığa, radikallıqla indiyədək Azərbaycanda kim nəyə nail oldu? Bəli, radikallıq göstərdilər və öz arzularına çatdılar. Azərbaycanda anarxiya yaratdılar və süpürüldülər getdilər. Daha nəyə nail oldular? Heç nəyə. Xalq onları görüb və onlara inanmır. Odur ki, nə qədər istəyirsən radikallıq elə, get başını, maşınını divara çırp, amma bu xalqa heç nə təsir etmir. Əvvəl kim çox söyürdü, deyirdilər yaşasın, kişi adamdır. Amma indi söyəndə deyirlər bəsdirin də, bir səviyyənizi artırın, bir ağıllı söz danışın.

Tahirə Qafarlı
Milli.Az
URL: http://www.milli.az/news/politics/20405.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1765

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: