Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Sabir Rüstəmxanlı: "Şəxsi qəzetində radikal olanın başqa yerdə səsi çıxmır"

07 Sentyabr 2010 [10:15] - MİLLİ.AZ
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının Milli.Az xəbər portalına müsahibəsi.
“Azərbaycan cəmiyyəti radikallıq mərhələsini keçib”


- Ötən gün Demokratik İslahatlar Partiyası ilə birlikdə “Demokratiya” adlı blok yaratdınız. Niyə məhz Asim Mollazadə ilə müttəfiq olmaq qərarına gəldiniz?

- Bu yaxınlarda müəyyənləşdirdik ki, bir və ya bir neçə partiya ilə birlikdə olmaq seçki kampaniyasında qeydiyyatda, eləcə də digər bir sıra məsələlərdə daha yaxşıdır. Tək qalanda 60 namizədi qeydiyyatdan keçirmək və onlar üçün pulsuz efir vaxtı almaq çox çətindir. Ona görə də başqa bir partiya ilə birləşməyi qərarlaşdırdıq.

Çox istəyirirdim ki, bu, parlamentdə təmsil olunan partiyalardan biri, yəni mənim parlamentdən tanıdığım adamlardan birinin rəhbərlik etdiyi siyasi qüvvə olsun. Ona görə də Asim Mollazadəni seçdik. Onunla Milli Məclisin beynəlxalq əlaqələr komitəsində birlikdə təmsil olunuruq, hərəkatdan gəlmiş köhnə dostlarımızdan biridir.

-Niyə ənənəvi müxalifətlə birlikdə olmaq istəmədiniz?

-Hesab edirəm ki, Asim Mollazadə də ənənəvi müxalifətdir. O da Xalq Cəbhəsindən gəlib.

-Onda sualı belə qoyaq. Niyə radikal müxalifətlə bir blokda təmsil olunmadınız?

- Bu gün mən radikallıqla qeyri-radikallığın fərqini görə bilmirəm. Tutaq ki, öz şəxsi qəzetində radikal olanın başqa yerdə səsi çıxmır. İkincisi, Azərbaycan cəmiyyəti radikallıq mərhələsini keçib. İndi radikallıq köklü dəyişikliklər tələb edir. Bu gün Azərbaycanın beynəlxalq münasibətlərini, üzləşdiyi problemləri nəzərə alanda mən radikallığın, köklü dəyişiklərin cəmiyyətə nə gətirə biləcəyini düşünə bilmirəm. Həm də radikallığın arxasında real bir proqram və güc dayanmırsa, vəziyyət daha da çətinləşir. Bir yol uğursuzluğa düçar edibsə, adamlar ikinci dəfə o yolla getmək istəmirlər. İndiki axtarışlar onunla fərqlənir ki, siyasi partiyalar radikallıqdan daha real, cəmiyyətin gücünə, istəyinə, ətrafımızda baş verənlərdən çıxış yolu tapmağa imkan verən fərqli bir siyasət istəyirlər.


"Siyasi iddialar həmişə Azərbaycana ziyan vurub"


- Artıq bir neçə blokun yaradıldığı elan edilib. Amma özlərini daha güclü hesab edən partiyalar, məsələn, Müsavat və AXCP hesab edirlər ki, hər birliyi blok adlandırmaq düzgün deyil. Siz necə düşünürsünüz?

-Bu, onların fikridir. Onlar indi bizi blok saymaya bilərlər. Amma nə zaman ki, Asim, digər partiyaların liderləri Xalq Cəhbəsindəydilər, hamının bəyəndiyi, sevdiyi insanlar idilər. Özünə ayrı bir yol seçəndə isə başqa cür olur. Ümumiyyətlə, Xalq Cəbhəsinin qollarının bir-birilərini ittiham etməsi doğru yol deyil. Özlərini ciddi müxalifət hesab edənlər dünən, srağagün eyni şəkildə bir-birilərini də ittiham edirdilər. Buna ciddi yanaşsaq, onda gərək onlar bir yerdə oturmasınlar. Yəni, səslənənlər subyektiv fikirlərdir. Mən güman edirəm ki, cəmiyyətdə yalnız o qüvvələr hörmət qazana bilər və hörmətə layiqdir ki, onlar heç kimi gücsüz saymasınlar və cəmiyyətdəki bütün qüvvələrə hörmətlə yanaşsınlar.

- Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaq seçki dairələrini öz aralarında bölüb vahid namizəd siyahısı tərtib edə bilmirlər. Siz uzun illər siyasətlə məşğul olan bir şəxs kimi necə düşünürsünüz, bunun kökünü harada axtarmaq lazımdır?

- Bunun kökünü yox, bu günkü Azərbaycan müxalifətinin bəlasının kökünü orada axtarmaq lazımdır. Azərbaycan müxalifətinin param-parça olmağının, zəif düşməsinin, bir araya gələ bilməməsinin kökünü məhz onların bir neçə dairə üzrə razılıq əldə edə bilməməsində axtarmaq lazımdır. Siyasi iddialar həmişə Azərbaycana ziyan vurub. Təəssüf ki, bəzi mövcud həqiqətləri cəmiyyət qarşısında dilə gətirməyi siyasi əxlaqıma uyğun hesab etmirəm. Amma ən azı ötən illərdən müəyyən nəticə çıxarmaq, təcrübə götürmək lazımdır.

Azərbaycan siyasi müxalifətinin ən güclü olduğu, parlamentdə ən yüksək səviyyədə təmil olunduğu vaxt 1990-cı il idi. O vaxt təkcə Xalq Cəbhəsinin içindən çıxanlar yox, həm də bir sıra müstəqil ziyalılar tərəfimizdən müdafiə olunurdu və bizimlə eyni blokda təmsil olunurdular. Ona görə də biz güclü idik.

Şəxsən mən demişəm ki, hansısa siyasi partiyanın lideri, yaxud cəmiyyətin hörmət etdiyi şəxslərdən, ziyalılardan, deputatlıq təcrübəsi olanlardan hər hansı biri hansı dairədə varsa, biz onlara ciddi maneə ola biləcək namizəd verməyək, mümkün olduğu qədər onlara dəstək olaq. Bu, mənim yazılmamış, imzalanmamış “protokol”umdur. Mən buna uyğun hərəkət edirəm və partiyamızın içərisində bunu hər kəs bilir. Amma biz bu addımı ata-ata başqaları da bizim əleyhimizə təbliğatlarından əl çəkmirlər. Bunlar nəhayət bir gün müzakirə olunub nəticə çıxarılası məsələlərdir. Təəssüf ki, bu proseslər durulmur, köhnə neqativ, bizi param-parça edən bir çox cəhdlər qalır. Bəzi hallarda bunlar təkcə müxalifəti yox, bütövlükdə Azərbaycanı zəiflədən addımlardır. Güman edirəm ki, Azərbaycandakı siyasi partiyalar keçmişdən nəticə çıxarsaydılar, biz 1990-cı ildən daha böyük uğurlar qazana bilərdik.

- Şəxsən potensial rəqiblərinizi tanıyırsınızmı?

- Tanımıram. Müxalifətdən bir neçə adamın adını eşitmişəm. Amma dəqiq heç nə məlum deyil. Hələ namizədlərin qeydiyyatı başlamayıb. Ona görə də indidən dəqiq nəsə demək çətindir.

- Sizin blokunuzdan bir qədər əvvəl Vətəndaş İkişafı Partiyası və Liberal Partiyanın “İnsan naminə” seçki bloku, daha əvvəl isə Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının “İslahat” bloku yaradıldı. Bu blokları özünüzə rəqib sayırsınızmı?

- Təbii ki, özünü deputatlığa layiq görənlərin hamısı rəqibdir. Güman edirəm ki, bu proseslər bir qədər tez başlasaydı, blokların öz aralarında yaxınlaşma olardı. Amma bir-birini parlamentdən tanıyan insanlar, müəyyən birgə təcrübəsi olanlar birləşməsələr də, namizədlər siyahısında qarşılıqlı güzəştlər etmək imkanları var.

-Bununla bağlı konkret təklif irəli sürmək fikriniz varmı?

- Yəqin ki. Bizim bu barədə müəyyən danışıqlarımız olub. Çox güman ki, bu istiqamətdə danışıqlarımız davam edəcək.

Elnarə Məmmədova
Milli.Az
URL: http://www.milli.az/news/politics/20594.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1249

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: