Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Ümid Özdağ: "Türkiyədə Konstitusiya dəyişikliyi Referendumunda kiçik fərqlə “xeyr” cavabı öndə olacaq"

09 Sentyabr 2010 [11:46] - MİLLİ.AZ
Türkiyədə Konstitusiya dəyişikliyi Referendumu ilə əlaqədar bu ölkənin nüfuzlu strateji araşdırma mərkəzi - “21-ci əsr Türkiyə İnstitutu”nun rəhbəri, akademik Ümid Özdağın Milli.Az xəbər portalına müsahibəsi
“Kürd açılımı” siyasəti sonda AKP-ni Öcalanla danışıqlar masası arxasına oturdacaq”


Son illərdə Türkiyə fəal geosiyasi oyunçuya çevrilməklə yanaşı, daxili siyasətində də ciddi çalxalanmalar, gərginliklər müşahidə olunur. Hakim AKP iqtidarı ölkə siyasətinə bir sıra əsaslı dəyişikliklər gətirməklə həm tərəfdarlarının, həm də düşmənlərinin sırasını genişləndirdi. Hazırda Türkiyə ölkəni çalxalayan çox mühüm bir hadisə - Konstitusiyaya dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi – referendumun astanasındadır. AK Partiya tərəfindən təklif və təbliğ olunan Konstitusiyaya əlavə və dəyişikliklər əsasən, müxalifət partiyalarının sərt təpkisi ilə üz-üzədir. Nəticədə tərəflər “bəli” və “xeyr” şüarları ilə xalqı öz tərəfinə çəkmək üçün qatı mübarizə aparmaqdadırlar. Hər şey isə sentyabrın 12-də qutulardan çıxan səslərdən, yəni xalqın mövqeyindən asılı olacaq.

Referendumöncəsi Türkiyənin durumu, iqtidar-müxalifət mübarizəsində qüvvələr nisbəti, qutulardan gözlənən nəticələr, 12 sentyabr sonrası meydana çıxacaq vəziyyət, eləcə də qardaş ölkə daxilində yaşanan digər ictimai-siyasi proseslər barədə müəyyən qənaət hasil etməyə çalışdıq. Portalımız bu istiqamətdəki suallarını Türkiyənin ən önəmli strateji araşdırma mərkəzlərdindən biri olan “21-ci əsr Türkiyə İnstitutu”nun rəhbəri, professor-doktor (akademik) Ümid Özdağa ünvanladı.

- Referendum öncəsi Türkiyədə nələr yaşanır? 12 sentyabr günü qutulardan nə çıxacaq: “bəli”, yoxsa “xeyr”?

- Sizin də müşahidə etdiyiniz kimi, hazırda Türkiyədə Konstitusiya dəyişiklikləri layihəsi ilə bağlı qızğın mübahisələr yaşanmaqdadır. Bu dəyişikliklərin xarakteri ilə bağlı istər müxalifət, istərsə də iqtidar tərəfi özünəməxsus arqument və izahlar gətirməkdədir. Bu baxımdan ümumxalq səsverməsinin nəticələrinin necə olacağına dair mübahisəli situasiya yaranıb. Müxtəlif ictimai rəy sorğusu aparan təşkilatların verdikləri proqnozlarda bir çox variant və ehtimallar öz əksini tapır. Sualınızı bu anketlərdən çıxan nəticələrə əsaslanaraq dəqiq cavablandırmaq, əlbəttə ki, çətindir. Çünki, aparılan rəy sorğularında hər iki nəticənin çıxma ehtimalı bərabər perspektivə malik görünür. Yəni, arada olan kiçik fərq həm “bəli”, həm də “xeyr” səslərinin birinci olma ehtimalını doğurur. Sorğu keçirən təşkilatların apardıqları sorğuları və müşahidələri bir kənara qoyaraq, şəxsi münasibətimizi də bildirə bilərəm. Bizim hesablamalara və qənaətimizə əsasən, 12 sentyabr günü qutulardan çıxan səslərin içərisində kiçik bir fərqlə “xeyr” variantı öndə olacaq.

- AKP hökumətinin təklif etdiyi əlavə və dəyişikliklər həqiqətən Türkiyənin xeyrinədirmi, yoxsa ortada hansısa siyasi maraqlar var?

- Bu gün Türkiyəni çalxalandıran əsas suallardan biri məhz budur: Əlavə və dəyişikliklər ölkənin xeyrinə hesablanıb, yoxsa hakimiyyətin? Bu məsələ üzərində də Türkiyə ictimai-siyasi dairələrində, mediada, cəmiyyətdə qızğın müzakirələr gedir və hər bir tərəfin öz arqumentləri var. Bizim qənaətimizcə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin əsas AKP iqtidarının məhkəmə hakimiyyətini öz nəzarəti altına almaq məqsədi daşıyır. Yəni, bununla hakimiyyət öz mövqeyini daha da möhkəmləndirmək, özünə qarşı dayanan və dayanacaq qurumları neytrallaşdırmaq, nəticədə alternativsiz qüvvəyə çevrilmək niyyətindədir. Əgər refendumun nəticəsində bu dəyişikliklər qəbul edilərsə, Türkiyə Respublikası demokratiyadan bir addım da uzaqlaşacaq.

- Ölkənin ümumi siyasi mənzərəsini hansı ehtimallar müəyyənləşdirə bilər? Yəni, qutulardan “bəli” çıxdığı halda nə baş verəcək, “xeyr” çıxdığı halda nə?

- Ümumi mənada daxili siyasətdə müəyyən dəyişikliklər baş verəcək. Əgər qutulardan “bəli” çıxarsa, seçkilərə qədər hökmətin müxalifət üzərindəki təzyiqləri artacaq və bunun üçün iqtidarın əlində hazır “kozır kart” olacaq. Digər tərəfdən, o, məhkəmə hakimiyyətinə gülcü şəkildə müdaxilə ediləcək. Ölkədə təkpartiyalı hakimiyyətin formalaşması istiqamətində mühüm addımlar atılacaq. Eyni zamanda, ölkə Konstitusiyasının tam olaraq dəyişdirilməsi üçün hərəkətə keçiləcək. Yox əgər, “xeyr” cavabı çıxarsa, bütün bu saydıqlarımın baş verməməsi ilə yanaşı, AKP hakimiyyəti gülcü zərbə alacaq.

- Mövcud Konstitusiya “Darbə Anayasası” olduğu halda, əsas müxalifət partiyalarının “xeyr” təbliğatı aparması əcaib görünür. Halbuki, özləri də həmin Anayasadan zərər çəkiblər. Müxalifətin bu gedişi sadəcə bir “müxalifətçilik oyunu”dur, yoxsa həqiqətən ölkənin gələcəyinə bir təhlükə görürlər?

- Mövcud “12 sentyabr Konstitusiyası”na bu günə qədər xeyli sayda dəyişikliklər edilib. Əslində, bu konstitusiyanın 12 sentyabrda dəyişdiriləcəyi iddiası boş siyasi iddiadan başqa bir şey deyil. Müxalifətin bu dəyişikliklərə qarşı çıxmasının səbəbi iqtidarın məhkəmə hakimyyətini öz nəzarəti altına almaq təşəbbüsüdür. Müxalifət buna qarşı çıxmağa çalışır. Hal-hazırkı iqtidar nə vaxtsa özünün mühakimə ediləcəyindən qorxur. Ona görə də
bugünkü əlverişli şəraitdən istifadə edərək, bütün strukturları öz nəzarəti altına almaq istəyir. Zənnimcə, müxlifətin israrla “xeyr” təbliğatı aparmasının kökündə bu səbəb dayanır.

- 12 Sentyabr referendumu 2011-ci ildə keçiriləcək parlament seçkilərinin taleyini müəyyənləşdirə biləcəkmi?  

- Bu iki prosesin, yəni bugünkü referendumla 2011-ci ildəki seçkilərin arasında hansısa əlaqə qurmaqda tələsməməyin tərəfdarıyam. Yəni, hazırki referendumun gələn ilki seçkilərin taleyini nə dərəcədə müəyyənləşdirəcəyinə dair bilavasitə fikir yürütmək çox çətindir. Ancaq, şübhəsiz ki, bu gün keçiriləcək referendumun nəticələrinin 2011-ci il seçkiləri üzərində müəyyən təsiri olacaq. Belə ki, referendum nəticəsində “bəli” çıxarsa, hökumətin, “xeyr” çıxarsa isə müxalifətin psixoloji əhval-ruhiyyəsi yüksələcək. Hansı nəticənin çıxmasından asılı olaraq, tərəflərdə gələcək qələbəyə əsaslı ümid, yaxud ümidsizlik yarana bilər.

- Siyasətdən asanlıqla əl çəkməyən Dəniz Baykalın düşdüyü tələnin təməlində nə dayanırdı və nə üçün asanlıqla istefaya getdi? Onun yenidən Türkiyə siyasətinə geri dönməsi mümkündürmü?

- Daha öncə ölkə ictimaiyyəti və mediasında qızğın müzakirələrin mərkəzində dayanan bu məsələ hazırda öz aktuallığını itirməkdədir. Artıq Türkiyə siyasəti yeni rəng almaqdadır və burada partiya sədrlərinin yerdəyişməsindən daha çox hakimiyyətin və siyasi sistemin yerdəyişməsindən söhbət gedir. Zənnimcə, bu gün bu sual üzərində siyasi təhlillər özü ilə birlikdə xeyli sayda iddiaları və spekulyasiyaları da gətirir. Sizə onu deyə bilərəm ki, bundan sonra Dəniz Baykalın təkrar CHP rəhbərliyinə gəlməsi ehtimalı çox azdır.

- Bu gün Türkiyə nə istəyir: çörək, kürd probleminin həllini, “Davos fəthi” kimi qəhrəmanlıqlar, İslam liderliyi, Turan Birliyi, yoxsa Avropa Birliyini?

- Əslində, bu sualı “Türkiyə nə istəyir?” şəklində deyil, “AKP nə istəyir?” şəklində qoymaq daha doğru olar. AKP iqtidarı bu gün ziddiyyət və istiqrarsızlıq içində vurnuxmaqdadır. AKP bu gün islamçı siyasət aparır. Ancaq bu islamçı siyasətdə də stabillik yoxdur. Məsələn, özünü islamçı kimi göstərən AK Partiya “Həmas” məsələsi gəldikdə radikallaşır, çoşub daşır. Ancaq eyni çoşğunu Azərbaycan-Ermənistan məsələsində göstərmir. Bu gün AKP-nin siyasəti sizin sadaladığınız amillərin bir çoxu arasında gedib-gəlməkdədir. AKP bu gün çox ciddi səmimiyyət və tutarlılıq problemi yaşayır.

- AKP-nin başlatdığı “açılım”, xüsusilə “kürd açılımı” siyasəti hələlik terror problemini ortadan qaldıra bilməyib. Artıq bu siyasət iflasa uğramış sayılırmı? Ümumiyyətlə, terrorun bitməsi üçün necə bir siyasi xətt tutulmalıdır?

- “Kürd açılımı” səhv siyasətdir. Səhv olduğu üçün də Öcalana strateji təşəbbüs imkanı verdi. Belə gedərsə, AKP Öcalanla danışıqlar masası arxasına oturacaq. Əslində, yeni Konstitusiya dəyişiklikləri bir baxımdan Öcalanın əfv edilməsi məsələsi üçün zəmin hazırlamaq məqsədi güdür. Lakin AKP bunun üçün parlament seçkilərində qalib gəlməyi gözləyəcək. Zənnimcə, terrorla mübarizədə tamam yeni siyasi xətt yürüdülməli və burada PKK ilə heç bir halda danışıqlar masasına oturulmamalıdır.

- Türkiyənin siyasi tarixi suiqəsdlər, hərbi çevrilişlər və edamlarla “zəngindir”. Bu gün Türkiyədə növbəti bir çevriliş ehtimalı mümkündürmü?

- Türkiyədə yaxın gələcəkdə hərbi çevriliş təhlükəsi görünmür. Üsyanlar, hərbi çevrilişlər subyektiv arzuların deyil, obyektiv şərtlərin nəticəsidir. Ancaq Türkiyə hazırda bu obyektiv şərtlərdən çox uzaqdır.

Tural Talehoğlu
Milli.Az
URL: http://www.milli.az/news/politics/20654.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1060

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: