Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Liberal (ALP), Azərbaycan Yaşıllar (AYP) partiyalarının və Ziyalılar Birliyinin təmsil olunduğu “İnsan Naminə” seçki blokunun səlahiyyətli nümayəndələri 07 sentyabr 2010-cu il tarixində blokun qeydiyyat üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər.
Bu barədə Milli.Az xəbər portalına VİP-dən məlumat verilib.
Seçki qanunvericiliyinin tələbinə əsasən, MSK sənədlərin qəbulundan ötən 5 gün müddətində “İnsan Naminə” seçki blokunun qeydiyyatı ilə bağlı qərar qəbul etməlidir.
Xatırladaq ki, sentyabrın 5-də VİP sədri Əli Əliyev və ALP-nin sədr əvəzi Əvəz Temirxan “İnsan Naminə” seçki blokunun yaradılması haqqında Saziş imzalayıblar. Daha sonra VİP və ALP-nin rəhbər orqanları partiyaların bloka daxil olmalarına qərar veriblər. “İnsan Naminə” blokunun təsdiq olunmuş səlahiyyətli nümayəndələri MSK-ya təqdim olunacaq sənədlər toplusunun hazırlanması üzərində işi bu gün (07 sentyabr) yekunlaşdıraraq blokun qeydiyyatı üçün ali seçki qurumuna müraciət ediblər.
Milli.Az