Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsində maraqlıdır" - YENİLƏNİB - FOTO

23 Yanvar 2012 [22:24] - MİLLİ.AZ
20:05

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan birgə nahar etmişlər.

----------
20:00

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş birgə görüşündən sonra dövlət başçıları Dağ Xizəksürmə Mərkəzində olmuşlar.

Dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev mərkəzdə xizək sürmüşlər.

----------
19:35

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 23-də Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”nə gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevi “Qəbullar evi”ndə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı.

Dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü oldu.

Rusiya Prezidenti Dmitri MEDVEDEV Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu, Sizi ürəkdən salamlayıram.

Şadam ki, Soçidə bizim qış görüşləri ənənəsi davam edir. Bu, həm də Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi barədə fikir mübadiləsi aparmaq, gələcək haqqında söhbət etmək və keçən il baş verənləri qiymətləndirmək üçün yaxşı imkandır. Ona görə ki, bizim müəyyən nəticələrimiz vardır. Hesab edirəm ki, bunlar yaxşı nəticələrdir. Həm iqtisadi, həm də humanitar baxımdan bir neçə çox vacib, ciddi tədbirlər keçirilmişdir. Əlbəttə, regionumuzda vəziyyətin necə inkişaf etməsini də nəzərdən keçirməliyik. Biz Qafqazla çox sıx bağlı olan dövlətlərik. Buna görə də, biz Qafqaz regionunda, eləcə də dünyanın bizə yaxın olan bəzi başqa regionlarında baş verən hadisələrə laqeyd deyilik.

Əlbəttə, bizim üçtərəfli, Ermənistan prezidentinin iştirakı ilə görüşümüz də çox vacibdir. Son illərdə bu cür görüşlərin sayı yetərincə çox olmuşdur. Biz bəzi məsələlərdə irəliləmişik, bəzi məsələlərdə isə, yəqin ki, hələ də ciddi çətinliklər qalır. Lakin mən hesab edirəm ki, bu, faydalı dialoqdur. Ümid edirəm ki, bu cür əlaqələr gələcəkdə də davam edəcəkdir.
Sizi bu qarlı havada Soçidə bir daha ürəkdən salamlayıram. Ümid edirəm ki, Siz burada ünsiyyət saxlamaqla bərabər, həm də bir qədər dincələ biləcəksiniz.

Prezident İlham ƏLİYEV dəvət üçün minnətdarlığını bildirərək dedi:

- Məni Soçiyə səfərə dəvət etməyinizə görə çox sağ olun, Dmitri Anatolyeviç!

Bu, həqiqətən də çox yaxşı ənənədir. Bu, görüşməyə, ünsiyyət saxlamağa imkan verir, hərçənd bizim görüşlərimiz yetərincə intensiv xarakter daşıyır, elə keçən ay da Moskvada görüşmüşdük. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və ruhu, onların dinamizmi, daimi məsləhətləşmələr və bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq potensialının artması da bunu əks etdirir.

Mən razıyam ki, keçən il bizim ikitərəfli işlərimiz də çox uğurlu olmuşdur: qarşılıqlı siyasi əlaqələr möhkəmlənmiş, yeni təşəbbüslər irəli sürülmüşdür, əmtəə dövriyyəsinin artımı on faizlərlə ölçülür, onun strukturu yaxşılaşır. İkitərəfli münasibətlərin bütün spektri üzrə çox müsbət dinamika görürük. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışı üzrə səylərinizi davam etdirdiyinizə görə də Sizə təşəkkür etmək istəyirəm. Çoxlu görüşlər keçirilmişdir. Sizin qeyd etdiyiniz kimi, ümidverici məqamlar da, bədbinlik hissini gücləndirən məqamlar da olmuşdur. Lakin proses davam edir və Sizin bu səyləri davam etdirməyiniz də əlavə nikbinlik hissi aşılayır. Regionda sülhün bərqərar olması üçün Azərbaycan bu münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır.

Bu fürsətdən istifadə edərək şəxsən Sizə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi məsələsində Rusiya tərəfindən göstərilmiş dəstəyə görə bir daha təşəkkür etmək istərdim.

Dmitri MEDVEDEV: Sizi bir daha təbrik edirəm.

İlham ƏLİYEV: Çox sağ olun. Bu dəstək çox effektiv, səmərəli, səmimi olmuşdur və biz – həm Azərbaycan rəhbərliyi, həm də ölkəmizin ictimaiyyəti bu münasibətə görə çox minnətdarıq. Sizi əmin etmək istəyirəm ki, biz qarşıdakı iki ildə Təhlükəsizlik Şurasında Sizinlə sıx qarşılıqlı əlaqədə işləyəcək və bizi dəstəkləmiş bütün ölkələrin, - onların sayı 155-dir, - ümidlərini doğrultmağa çalışacağıq.

Bu imkana görə bir daha təşəkkürümü bildirir və ümid edirəm ki, 2012-ci il də bizim münasibətlərdə çox uğurlu olacaqdır.

Dmitri MEDVEDEV: Biz də buna çox ümid edirik.

----------
16:16

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Görüş nəticəsində prezidentlər birgə bəyanat qəbul ediblər. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə edilib. Sülh sazişinin hazırlanmasına keçidin vacibliyi diqqətə alınmaqla Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər aparılan işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılıqların əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər", - sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin (Fransa və ABŞ) vasitəçilik fəaliyyətinə yüksək qiymət veriblər. Onlar ümid etdiklərini bildiriblər ki, Rusiya, ABŞ və Fransa yekun sülhün və regionda sabitliyin təsdiqinə qədər bu qisimdə gələcəkdə də nizamlanmada fəal rol oynayacaqlar.

Sənəddə deyilir ki, İlham Əliyev və Dmitri Medvedev təsdiq ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar olaraq, Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Üç ölkənin prezidenti həmsədrlərin ATƏT sədrinin şəxsi nümayəndəsi ilə birgə atəşkəs xətti boyunca araşdırmaların keçirilməsi mexanizmi haqqında hazırladıqları məruzəni dinləyib və bu işi davam etdirməyi tapşırıb.

Azərbaycan, Rusiya və Ermənistan liderləri 2008-ci il noyabrın 2-dən başlanan ilk üçtərəfli görüşdən bəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülən işin böyük həcmini qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

----------
15:40


Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Görüş nəticəsində prezidentlər birgə bəyanat qəbul ediblər. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.

Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller imzaladılar.

---------
13:34

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev Dmitri Medvedev Qafqaz regionundakı vəziyyəti, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

---------
12:25

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.

Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

---------
10:39

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşmüşdür. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Milli.Az

---------
22:24

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə Dağ Xizəksürmə Mərkəzində olmuşlar











---------
22:14

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşmüşdür



Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur









Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Soçidə təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır



Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü olmuşdur





Foto: AzərTAc
URL: http://www.milli.az/news/politics/92754.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2720

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: