Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ölkəmizdə saxlanılan erməni əsirlərlə bağlı məlumat yayıb. Milli.Az-ın Dövlət Komissiyasının internet saytına istinadən verdiyi məlumata görə, KİV-də erməni əsirliyində olan Azərbaycan vətəndaşlarının sayının 3, Azərbaycandakı erməni əsirlərin isə 8 nəfər olması barədə xəbərlər şəqiqəti əks etdirmir. Dövlət Komissiyası bəyan edir ki, belə məlumatlar səhvdir: “Əvvala Azərbaycanda 8 deyil, 3 erməni əsir saxlanılır. Saxlanılan digər 5 nəfər isə bir ailənin üzvləri olan 5 mülki şəxsdir. Bu ailənin başçısı 2010-cu ilin yanvar ayında öz ailəsini maşına yığaraq onların həyatına böyük risq etmiş və Ermənistan-Azərbaycan sərhədini keçmişdir. Həm beynəlxalq, həm də ölkə qanunlarına nəzər saldıqda məlum olur ki, bu insanlar öz ölkəsindən imtina edərək Respublikamıza qeyri-qanuni yolla gəlmiş sərhəd pozucularıdır. Buna baxmayaraq, Azərbaycan Respublikası bu insanlara qarşı davranışında humanizm prinsiplərini rəhbər tutub. Hazırda onlar ölkələrindəki dözülməz vəziyyətə görə ora qayıtmaqdan imtina etdikləri üçün beynəlxalq təşkilatlar onların üçüncü ölkəyə göndərilməsi ilə bağlı məsələyə baxırlar. Girovlar isə beynəlxalq humanitar hüquqa əsasən, hərbi əməliyyatlar zamanı döyüş bölgəsində saxlanılan mülki əhalidir”.
Qarşı tərəfdə isə Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan 1 Azərbaycan vətəndaşı saxlanılır. O, 23 yanvar 2012-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində əsir götürülmüş Azərbaycan hərbçisi, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur. Komissiya M.Axundzadənin azad olunması istiqamətində beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq tədbirləri aparır və KİV-ə onunla bağlı tələsik və yoxlanmamış məlumatları yaymamağı tövsiyyə edir.
Milli.Az