Türkiyənin mədəniyyət və turizm naziri
Ərtoğrul Günay Ankarada azərbaycanlı həmkarı Əbülfəs Qarayev ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. AzərTAc-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycan Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qərarına ən sərt etiraz edən ölkələrdən biri olub.
Türkiyəli nazir demişdir ki, Azərbaycan bu qərara ən yüksək – Prezident səviyyəsində etiraz edib: “Qardaş ölkənin incəsənət xadimləri də Türkiyəyə dəstəyini ifadə ediblər”.
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev də Fransa Senatının qərarını səhv addım kimi dəyərləndirib, ölkəmizin hər zaman qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.
Nazirlər vurğulayıblar ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də ən yüksək səviyyədədir. İki ölkənin nazirlikləri əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün səylərini artıracaqlar.
Milli.Az