Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Kimin haqlı olub-olmadığını zaman göstərəcək?

28 Yanvar 2012 [13:29] - MİLLİ.AZ
İqbal Ağazadə: "Birləşməmək üçün nə qədər istəsəniz, bəhanə tapmaq mümkündür..."
"Qarabağ" blokunun 2013-cü ildə keçiriləcək prezident seçkisində vahid namizəd və vahid komanda ilə iştirakı şərtləndirən birlik təklifi müxalifət tərəfindən birmənalı qarşılanmadı. Kimi bunun yersiz təklif olduğunu, kimisi dəb halını aldığını, bəziləri inandırıcı olmadığını, bir çoxları isə müxalifətin birlik modeli kimi İctimai Palatanı gördüklərini dedilər. Bir sözlə "Qarabağ" blokunun birlik, vahid namizəd təklifi bəyənilmədi. Birlik təklifi ilə çıxış edən "Qarabağ" blokunun üzvü, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə "Ekspress"ə verdiyi müsahibəsində hesab edir ki, kimin haqlı olub-olmadığını zaman göstərəcək.

- "Qarabağ" blokunun birlik təklifinin digər müxalifət təşkilatları tərəfindən sərt qarşılanacağını gözləyirdizmi?

- Hər kəs fikirlərində azaddır. Bir qədər zaman keçdikdən sonra görəcəyik ki, kim daha çox haqlıdır. Birlik deyənlərmi, yoxsa əlahiddə fərdi qaydada və ya bloklar çərçivəsində fəaliyyət göstərənlərmi? Biz hesab edirik ki, biz haqlıyıq, onlar da hesab edirlər ki, onlar haqlıdırlar. Amma bunu zaman göstərəcək.

- Siz hər kəsin birləşdiyi qurumlara toxunmadan 2013-cü ilin prezident seçkisində vahid namizəd müəyyənləşdirilməsini təklif etmisiniz. Maraqlıdır, belə olduqda vahid namizəd ilkin seçki ilə müəyyənləşdirilməlidir, yoxsa...

- Bunu prezidentliyə namizədlər müzakirə etməlidirlər. Hesab etmirəm ki, bu, ictimaiyyətlə müzakirə olunan məsələdir. 4-5 nəfər namizəd var, onlar bunu öz aralarında müzakirə etməlidirlər. Bəlkə konsensusla həll ediləcək, bəlkə püşkatma ilə müəyyən olunacaq, bəlkə Vatikan kilsəsinin nümayəndəsinin seçilməsi kimi müəyyənləşəcək. O qədər variantlar var ki...

- Təklifinizlə bağlı partiyalara məktub göndərmisizmi?

- Göndərilib.

- Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı qəzetimizə açıqlamasında deyib ki, onlara məktub gəlməyib...

- Məktub Müsavata daxil olub.

- Bundan sonra hansı addımları atacaqsınız?

- Məktublarımıza cavab gözləyəcəyik.

- VİP sədri Əli Əliyev bildirib ki, vahid namizədin müəyyənləşdirilməsi üçün həmin namizədin maliyyə qaynaqları məsələsi ortaya çıxacaq və buna görə də texniki məsələnin həlli maddi baxımdan çətinləşdiyindən daxili razılaşmalar əldə oluna bilməz. Sizcə, maddi məsələnin vahid namizədin müəyyənləşməsinə təsiri ola bilərmi?

- Vallah, bir gün mollanın qonşusu gəlir deyir ki, molla, örkəni ver bizə. Molla baxır belə, deyir örkənin üstünə buğda sərmişəm. Qonşu deyir, ay molla, örkənin də üstünə buğda sərərlər? Molla deyir, vermək istəməyəndə lap arpa da sərərlər. İndi birləşməmək üçün nə qədər istəsəniz, bəhanə tapmaq mümkündür və nə desən də haqlı görünə bilər. Amma bir də var birləşmək üçün xoş məramla yanaşmaq. Birləşmək üçün də birləşməməkdən daha artıq arqument və məntiq var, sosial sifariş var. Hər bir şeydən əvvəl birləşmək sosial sifarişdir, birləşməmək isə sosial sifariş deyil. Bunu da nəzərə almaq lazımdır.

- Birləşməkdən söz düşmüşkən, Fransa senatının məlum qərarından sonra Azərbaycanda iqtidar və müxalifət nümayəndələri eyni mövqedən çıxış edərək Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını istəyirlər. Sizcə, Azərbaycan Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına nail ola biləcəkmi?

- Xeyr, bu mümkün deyil. Çünki Minsk Qrupunun həmsədr dövlətlərini Azərbaycan tərəfi müəyyən etmir ki, Azərbaycan da çıxarsın. Azərbaycan danışıqlarda iştirak etməmək barədə Fransa orada qaldığı müddətdə Minsk Qrupuna etiraz edə bilər. Amma Azərbaycan tərəfi bunu etməyəcək.

- "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil ediləcəkmi?

- Bilmirəm. Bu barədə hələlik bilgim yoxdur. Amma ekspertlərin və rəsmilərin dediyinə görə, yaz sessiyasında qəbul olunmalıdır.

- Venesiya Komissiyasının baş katibi Tomas Markert bildirib ki, sözügedən qanunda partiyaların fəaliyyətini məhdudlaşdıran məqamlar var. Söhbət hansı məqamlardan gedir?

- Bəzi məqamlar var. Məsələn, partiyaların qeydiyyata alınması ilə bağlı olan say məsələsi - 5 min nəfər məsələsi düzgün deyil. Bundan başqa, partiyalara ianələr verən şəxslərin adlarının açıqlanması ilə bağlı bu tipli məhdudiyyətlər var.

- Qanun layihəsində partiyaların maliyyələşmə məsələsi necə nəzərdə tutulub?

- Orada parlamentdə təmsil olunan partiyalar və iştirak edib təmsil olunmayanlar barədə 3 faizlik baraj prinsipi nəzərdə tutulub. İştirak edənlər isə bir kateqoriya üzrə hamı arasında bərabər bölünür, digər kateqoriyalar üzrə isə səsin miqdarına görə bölünür.

Milli.Az
URL: http://www.milli.az/news/politics/93891.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 265

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: