Bu günlərdə sürücülərdən biri Bakı-Sumqayıt yolunda arzuolunmaz vəziyyətlə üzləşib.
Milli.Az-ın məlumatına görə, o,
Day.Az saytına yazdığı məktubda bildirir: "Bakı-Sumqayıt yolunda, maksimal sürət həddinin saatda 70 kilometr olduğu göstərilən ərazidə, həmin sürətlə hərəkət edirdim. Bir qədər sonra həmin məhdudiyyətin bitdiyini göstərən nişan olduğu üçün sürəti saatda 80 kilometrədək artırdım. Lakin yol polisi məni saxladı və sürət həddini aşdığımı, bu yolda maksimal hərəkət sürətinin saatda 70 kilometr olduğunu bildirdi. Bunun əksini sübut etməyə çalışsam da, yol patrul xidmətinin əməkdaşı protokol tərtib edərək məni cərimələdi".
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Kamran Əliyev Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələri üçün maksimal sürət həddinin saatda 90 kilometr olduğunu bildirib: "Yolun bəzi hissələrində maksimal sürət həddini məhdudlaşdıran nişanlar var. Yolda "Avtomagistral" və ya maksimal sürət həddini məhdudlaşdıran nişanlar yoxdursa, orada avtomobili saatda 90 kilometrədək sürətlə idarə etmək olar".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi
Vasif İslamov da sözügedən yolda avtomobillər üçün maksimal sürət həddinin saatda 90 kilometr olduğunu təsdiqləyib: "Oxucunuzun məktubuna gəlincə, əgər hər şey onun dediyi kimidirsə, o, haqlıdır. Maksimal sürət həddi məhdudiyyətinin (70) bitdiyini göstərən nişandan sonra avtomobili saatda 90 kilometrədək sürətlə idarə etmək olar".
V.İslamov bildirib ki, şikayətçi Daxili İşlər Nazirliyinə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlə müraciət edə bilər. "Yol polisi idarəsində sürücülərin şikayətlərinə operativ şəkildə reaksiya verilir. Araşdırma zamanı şikayətin əsaslı olduğu sübuta yetirilərsə, sürücü haqqında tərtib olunmuş protokol etibarsız sayılacaq, günahkar isə qanunvericiliyə əsasən cəzalandırılacaq", - deyə V.İslamov bildirib.
Milli.Az
Şərh etmək