"İnanmıram ki, bu dəb Azərbaycanda yaxşı qarşılansın".
Tanınmış stilist
Samir Əliyevin Milli.Az-a müsahibəsi.
- 2012-ci ilin geyim, saç və makiyajında nələr dəbdə olacaq?- Bu ilin dəbi "bomj" və "rus ruletkası" stilidir. Bir geyimdə 20 rəngdən istifadə edə bilərsən və bu, dəb hesab ediləcək. İnanmıram ki, bu dəb Azərbaycanda yaxşı qarşılansın, amma London, Milan dəb şoularında insanlar tərəfindən qəbul olunub. Üzün geyimlə tam bağlanması və ancaq gözlərin açıq qalması dəbdədir.
Makiyajda isə "ağlayan sifətlər" dəbdə olacaq. Qalliano və İv Sen Loran makiyajda "uzunqulaq gözləri"ni dəbə salıb. Saçda isə boz, kül rəngləri dəbdə olacaq. Həmçinin bu il saçda "lələklər" yenidən dəbə qayıdıb.
- Samir, bu il tamaşaçıları daha nə ilə təəccübləndirəcəksiniz?- Bu yaxınlarda seriala çəkilmək təklifi aldım. Ssenaridən xəbərim yoxdur, amma bu günlərdə çəkilişlər başlamalıdır. Həmin serialda öz rolumda, yəni stilist obrazında olacam. Aktyor deyiləm ki, kiminsə obrazını yaradım. Öz obrazımı yaratdım, bəsdir. Bu, dəb deyil, sadəcə olaraq, təklif gəldisə, dəyərləndirmək lazımdır.
- Filmdə qadın rolunu canlandırmaq istərdiniz?- Oy, mən elə bütün gün qadın rolu canlandırıram da... Qadın rolu mənim içimdə var. İşim qadınlarla bağlıdır, qadınları hiss edə bilirəm. Çox vaxt dikdaban ayaqqabılar geyinirəm ki, qadın kimi yeriyim, qadına başa salım ki, necə görünməlidir...
- Stilinizdə hansısa dəyişikliklər etmək fikriniz yoxdur?- İndi desəm, maraqsız olacaq. Məsələn, geyimlərimi özüm yaradıram. Bir də görürsən, gecə saat 4-də durub şkafı açıb, geyimlərə baxıram ki, yeni nə edə bilərəm. Bu zövq, həvəs məndə uşaqlıqdan var. Məndə zövq hissi o qədər yüksəkdir ki, paltarlar yaradıram, onlar beş il sonra dəbə düşür. Ona görə də insanlar məni anlaya bilmirlər. Heç kimin ideyalarını, geyimlərini oğurlamıram.
Hərdən fikirləşirəm ki, ay Allah, görəsən, niyə mənim haqqımda belə pis düşünürlər, yazırlar?! Mənə də xoş gəlmir, küçədə gedəndə lağa qoyurlar, gülürlər, iç dünyama girib, təhqir edirlər. Bu mənə toxunur. Baxıram güzgüyə, deyirəm, axı məndə hər şey gözəldir. İnsanların necə dili gəlir ki, Allahın çəkdiyi rəsm əsərinə belə deyirlər?! Amma vaxt gələcək, mən gedəcəm torpağın altına, o insanlar deyəcəklər ki, Samir nə gözəl stilist idi, bizi tərk etdi...
- Olub ki, qadın mağazasına girib, özünüz üçün geyim seçəsiniz?- Bax, ona görə hərdən qadın olmaq istəyirəm. Geyimin xəstəsiyəm. Sizə bir sirr açım. Hərdən çox bəyəndiyim qadın paltarlarını alıb, evdə gizlincə geyinirəm. Bunun orientasiyaya heç bir aidiyyatı yoxdur. Sadəcə, içimdən gəlir bu. Paltarları məhv edən qadınları görəndə onlara paxıllıq edirəm. İstəyirəm, onlardan alıb, özüm geyinim, deyim, bax belə geyinmək lazımdır. Bu yaxınlarda rəfiqəm mənə bir paltar bağışlayıb. Con Qallianonu çox bəyənirəm, onun geyimidir. Hər axşam evdə o paltarı geyinirəm.
- Samir, caduya, fala inanırsınız?- İnanıram. Mənə cadu edənlər də var. Həmkarlarım, müğənnilər... Mənə çox adam paxıllıq edir. Amma caduların mənə təsiri olmur. Çünki Allahın sevimli bəndəsiyəm. Elə insanlar var, gedib haqqımda müsahibə verirlər, sonra başları elə qarışır ki, mən yaddan çıxıram. Ağlıma gəlməz ki, gedim, kiməsə cadu etdirim. Qeyri-adi idim deyə insanlar mənimlə işləməyə qorxurdular. Deyirdilər ki, bu özü nə gündədir ki, biz ona müraciət edək?! İndi başlayıblar mənə müraciət etməyə.
- Bəs özünüz falçı yanına getmisiniz?- Daim gedirəm. Üstümdə bu qədər göz var. Elə olub ki, yolla gedirəm, amma bilmirəm haraya gedirəm, görürəm, maşın gəlir, az qala məni vuracaq. Yəni fikirli oluram. Əmin deyilsən ki, kimsə sənin şəklini internetdən götürüb, aparıb falçıya verməsin. Allaha bağlı insanam. Namaz qılmıram, amma belə işlərlə də məşğul olmuram. Demək olar ki, həftədə bir dəfə gedib, özümü cadulardan təmizlətdirirəm. Ondan sonra özümə gəlirəm.
- İndi də müğənnilərimizin stilini dəyərləndirək. Kimlərin stili sizi qane edir?- Aygün Kazımova həmişə dəbli görünür. Bir çox müğənnilər onu təkrarlamaq istəyirlər, deməli, bu onun uğurudur. Röyanın qarderobunda brend geyimlər olur və özü də bütün markalar haqda məlumatlıdır. Amma elə müğənnilər var ki, daim eynidirlər, heç bir yenilikləri yoxdur. Məsələn, Flora Kərimova, Ruhəngiz Allahverdiyeva. Onları qınamıram, çünki özlərini başqa cür görə bilmirlər. Flora Kərimova sırf səhnə geyimi geyinməsə də, təbiidir, ona görə ondan xoşum gəlir. Amma müğənni var, 80-ci illərdə necə bərbad halda makiyaj edibsə, indi də elədir. Məsələn, Aybəniz Haşımova, Ruhəngiz Allahverdiyeva. Xuraman Şuşalı yaxşı geyinir, amma zövqsüzdür.
Kişi müğənnilərdən isə Eldar Qasımov xoşuma gəlir. Sadə, amma çox maraqlı geyinir. Faiq Ağayev, Ədalət Şükürov, son vaxtlar isə Xəyyam Nisanovun geyimini bəyənirəm. Xoşum gəlmir Elariz Məmmədoğludan. Ürəyim bulanır ona baxanda.
- Müğənnilərdən kimlərlə birlikdə çalışmısınız?- "Next" qrupu ilə işləmişəm. Onların stilinə baxanda peşəkarla işlədikləri hiss olunurdu. Amma belədə, kişilərlə işləyə bilmərəm.
AytacMilli.AzBöyütmək üçün şəkillərə klikləyin.




Şərh etmək