Müğənni
Samiranın "Ekspress" qəzetinə müsahibəsi.
- Əslində oxumağa uşaq yaşlarımdan başlamışam. 3-4 yaşım olanda "müğənni" kimi öz baxçamızda məşhur idim, bütün bayram tədbirlərində məni oxutdururdular. Orta məktəbimizin xorunun əsas solisti mən idim. Ümumiyyətlə, ailəmizdə ata tərəfim gözəl səsə malikdirlər. Atamın xalası oğulları bu gün cənub bölgəsində tanınmış müğənnidirlər. Atamın da gözəl səsi olub. Bu istedad mənə atamdan keçib.
- 2000-ci ildən peşəkar müğənni kimi çalışırsınız. Bu elə dövr idi ki, ifaçılıq sənətində bir xaos hökm sürürdü, hamı müğənni olmağa can atırdı. Digər tərəfdən, hamı əsasən toy mahnısı ifa etməyə maraq göstərdiyi halda siz sırf caz müğənnisi kimi səhnəyə çıxdınız. Belə bir şəraitdə sizi bu aləmdən çəkindirməyən, sizə güc verən hansı qüvvə oldu?- Sözün düzü, bu günə baxanda, o dövrdə vəziyyət hələ yaxşı idi. O dövrdə daha keyfiyyətli müğənnilər vardı. İndi isə çox qarışıq vəziyyət alınıb. Müğənnilər həddən artıq çoxdur. Həkim, saç ustası, müəllim, teleaparıcı da müğənni olmağa maraq göstərir. Biz isə bu sənətə gələndə bilirdik ki, konkret olaraq bu sənətdə əsas söz sahibləri, çox istedadlı müğənnilər kimlərdir. Bu sənətdə təsadüfi insanlar çox az idi.
Bundan başqa müğənnilər çox səviyyəli musiqi ifa etməyə həvəs göstərirdilər. İndikindən fərqli olaraq, onda müğənnilərə insanlar ifasına görə hörmət, diqqət göstərirdilər... Mahnılar da indiki kimi keyfiyyətsiz deyildi. Konkret olaraq hansı bəstəkarla işləmək lazımdır, onu bilirdik. İndi isə hamı mahnı bəstələyir. Sənətə gələn gənclər yalnız gözəl ifa barədə düşünürdülər. Pula, var-dövlətə, bahalı avtomobillərə maraq o dövrdə belə səviyyədə yox idi. Yalnız sənətimizlə məşğul idik, başqa heç nə bizi maraqlandırmırdı. Və istedadlı gənc müğənniyə tələbat vardı. Bu da ona özünü göstərib, tanıtmağa imkan verirdi. Düşünürəm ki, güclü səsə və zövqə malik müğənni olduğuma görə, xalq məni qəbul etdi. Amma indi keyfiyyətli müğənniyə və musiqiyə az hallarda rast gəlirəm. Diqqət yetirsəniz, görərsiniz ki, bu gün əsasən üzdə olan ən populyar, əla mahnılar ifa edənlər mənimlə bir vaxtda bu sənətə gələnlərdir.
- Sizcə bunun səbəbi nədir?- Bilmirəm... Bəlkə də bilirəm, sadəcə düz söz danışanda çox adamın xətrinə dəyir. Ola bilsin, bu proses bütün dünyada baş verir, insanların musiqi zövqü dəyişir. İnsanlar çox yüngül musiqiyə qulaq asmağa meyl edirlər. Əsl musiqiyə qulaq asanların sayı günü-gündən azalır. Ümumiyyətlə, cəmiyyətdə hər şey bayağılaşıb. Bu da məni həddindən artıq əsəbiləşdirir, bezdirir. İnsanlar elmi-texnologiyanın bu səviyyəyə qalxdığı bir vaxtda mənəviyyatca geriləyiblər.
- Samira xanım, "7-17"dən sonra ifaçılıq təhsili aldınızmı?- Əfsuslar olsun ki, mənim musiqi təhsilim yoxdur. Çünki o dövrdə mən konservatoriyaya qəbul oluna bilmədim. Lakin mən Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsində rəhmətlik Həsənağa Turabovun kursunu bitirmişəm. Bilirsiniz ki, aktyorluq fakültəsində tələbələrə vokal dərsləri də keçirilir. Bu dərslər mənə kifayət edib. Əslində musiqi təhsili almağı çox istərdim, amma buna həm vaxtım yoxdur, həm də elə bir ehtiyacım.
- Son 10 ildə ifaçılıq sənətində hər şey gözünüzün qabağında baş verib. Kimlər hansı zirvələri necə əldə edib, kimlər o zirvələrdən aşağı necə yuvarlanıblar. İstəsəniz, istəməsəniz də bu hadisələrin içində olmusunuz. Bu aləmdə olmaq ürəyinizcədirmi?- Əvvəla, hər şey insanın özündən asılıdır. İnsanın hərəkətləri onun mənəviyyatının, düşüncələrinin təcəssümüdür. Lakin ifaçılıq sənətində bəzən özümüzdən asılı olmayan xoşagəlməz olaylarla rastlaşırıq. Bəzən insan bu səhnələrdən sonra müəyyən qədər sınır... Bu gün güclü səsə malik o qədər müğənnilər var ki, vaxtilə çox məşhur olublar, amma bu gün müəyyən səbəblərə görə gözə görünmürlər. Mən bundan çox narahatam, çünkü gözəl səslər eşitmək istəyirəm. Misal üçün, vaxtilə Samir Bağırov gözəl mahnıları ilə bizlərə böyük zövq verirdi. Amma o indi müəyyən depressiya halı keçirdiyinə görə ortalıqda yoxdur.
- Bəzi müğənnilər, xüsusilə də sənətə yeni gələn qadın ifaçılar populyarlığa, şan-şöhrətə çatmaq üçün az qala bütün vasitələri məqbul sayırlar. Bu gün həqiqətənmi, Azərbaycanda tanınmaq üçün "vasitələrdən" istifadə etmək məcburiyyəti var?- Hərə özünə cavabdehdir. Mən bu mövzu barədə heç vaxt danışmıram. Müğənnilik çox gözəl sənətdir. Sadəcə, bu sənəti çirkinləşdirən müğənnilər var ki, yalnız öz sənətləri barədə düşünmürlər... Ya da maddi vəziyyəti imkan vermədiyinə görə özünə "sponsor" axtarır. Artıq elə bir vəziyyət yaranıb ki, "sponsor" sözü söyüş kimi işlədilir. Bəli, bir müğənni üçün daima zirvədə olması üçün çoxlu pul lazımdır. Misal üçün, bu gün Beyonsun bir konsertdən qazandığı pul onun nəvə-nəticələrinə bəs edər. Ona görə də ona "sponsor" tutmağa ehtiyac qalmır. Bizdə isə müğənninin əsas gəlir mənbəyi toy və yaxud şou-proqramlardır. Ona görə də, nəfsi ilə bacara bilməyənlər başqa yola əl atırlar. Bu təkcə bizim sənətdə deyil ki, hər yerdə belədir. Adam var borca düşür, adam var evini satır, adam da var...
Müğənniləri qınamaq lazım deyil, hamı elə bilir ki, biz milyonlar qazanırıq. Paltarı adi insanlara 5 manata satırlarsa, bizə 25 manata deyirlər. Bir mahnının ərsəyə gəlməsi, sonradan onun klipinin çəkilişləri, təzədən bu klipin "raskrutkası" böyük məbləğdə pul tələb edir. Mən toya getmirəm, nadir hallarda yarım saatlıq oxuma sifarişi alıram, yalnız şou-proqramlarda iştirak edirəm. Və bu gün qazandığım şükürlər olsun ki, məni qane edir. Mən bu gün adi "Mersedes"də gəzməklə kifayətlənirəm. Çünki mən nəfsimin qulu deyiləm. Mən hələlik bu gün müğənnilik etməyə məcburam, amma bilirəm ki, vaxt gələcək hicab taxıb öz evimin xanımı olacağam. Mən müğənnilər tanıyıram ki, çox gözəl səsləri var, amma səviyyələrini gözlədikləri üçün evdə oturublar və bununla da öz yerlərini başqalarının zəbt etməsinə imkan veriblər.
Əgər müğənnilər albomlarından, kliplərdən, jurnallardan pul əldə etsələr, inanın ki, toya getməzlər...
- Bəzi qadın sənətçilər barədə xoşagəlməz söz-söhbətlər dolaşır. Sizcə, bunda sənətçilərin özlərinin günahı da yoxdurmu?- Vəziyyət elə qarışıb ki, baş açmaq olmur. Hərdən telekanallardakı bəzi verilişlərə baxanda əsəbiləşirəm. Hiss olunur ki, müğənni qalmaqaldan qaçdığı halda aparıcı onu təxribatçı suallarla, özü istəməsə də, qalmaqala cəlb edir. Artıq insanlar nədənsə dava-dalaşı seyr etməyə daha çox meyllidirlər. İnsanlarda qana hərislik yaranıb. Son illərin filmlərində də qanlı kadrlar çoxalıb. Bu filmlərdə çox dəhşətli kadrlara baxdıqca fikirləşirəm ki, deyəsən, həqiqətən dünyanın axırı gəlib. Televizoru açanda görürsən ki, hansısa ölkədə terror olub, yüzlərlə insan ölüb, filan yerdə nümayişdə minlərlə adamı güllələyiblər. Sanki şeytan insanların qəlbinə hakim kəsilib. Adicə uşaqlar yaxşı şeylərdən çox, hər hansı söyüşü eşidəndə daha tez yadında saxlayır. Telekanallara baxıb xaricilərdən pis nə varsa, rahatlıqla qəbul edirik. Müğənnidir də, nəyə görəsə dalaşıb, qoy telekanallar humanistlik göstərib bu dava-dalaşı efirə verməsinlər. Amma bunlar vəziyyəti sakitləşdirmək əvəzinə, qaşınmayan yerdən də qan çıxarırlar. Özü də bunu lap yaxşı bacarırlar.
- Bəzən sənətçilər özləri ikilikdə qalmaqal yaratmaq üçün razılığa gəlirlər. Belə xəbərlər də eşidirik. Sizə belə təlkiflər edənlər varmı?- Allaha şükürlər olsun ki, hələ indiyədək kimsə mənim adımın qalmaqalda hallanmasını eşitməyib. Bu vəziyyət, inşallah, indidən belə də davam edəcəkdir. Əslində qalmaqal yaradan müğənni başa düşmür ki, bu hal onu gündəmdə saxlayırsa hörmətdən salır. Mən insanların əvvəllər müğənnilərə göstərdikləri hörmətdən ötrü çox darıxıram. Çünki indi müğənnilərə hörmət itib.
- Röya ilə duetiniz çox böyük rezonans yaratdı. Həqiqətən də uğurlu duet idi. Amma sonradan Röya çıxışlarından birində dedi ki, duetlərə görə çox peşmanam və bundan sonra duet oxumağa son qoyuram. Sonradan həmin mahnını tək oxudunuz.- Elə ona görəmi indi də duetlər oxuyur? Həmin duet AzTV-nin Yeni il gecəsində yenə də göstərildi. Ola bilsin ki, duet həmkarlarından kimsə onun xətrinə dəymişdi, ona görə belə deyirdi. Röyadır da...
- Yeri gəlmişkən, bu gün bir nömrəli müğənni kimi Röyanın adı çəkilir. Siz bu gün bir nömrə kimi hesab edirsiniz?- Mən ümumiyyətlə, bu dərəcədə dərinliklərə getmirəm. İnsanlar Röyanı bir nömrə qəbul edirlərsə, qoy belə olsun. Mən bu sənətə hansısa nömrəni almağa gəlməmişəm. Ümumiyyətlə, bizim o dövrdə ağlımıza gəlməzdi ki, 10 ildən sonra belə söhbətlər meydana çıxacaq. Mənim üçün bir nömrə bir olan Allahdır.
- Dini mahnılardan ibarət albom hazırlayırdınız. İşlər nə yerdədir? - Hazırda mahnıların yazılması prosesi gedir. Çox çətin prosesdir, çünki hər adam dini mahnı yaza bilmir. Ona görə də gözləmək məcburiyyətindəyəm. Günlər də elə tez keçir ki. Bir il bundan əvvəl albom buraxdıracağımı demişdim. Bu iş hələ davam edir.
- Dini mahnılardan söhbət düşəndə adamın yadına Sami Yusifin adı düşür. Sevindirici haldır ki, soydaşımız bu sahədə böyük uğur əldə edib. Samira onun uğurunu təkrarlamağa iddialıdırmı?- Bilirsinizmi, qadın üçün bu iş çox çətindir. İnsanlar bu işdə çox vaxt mənfi nəsə axtarırlar. Misal üçün, mən bu yaxınlarda "Tanrı elçisi" mahnısını oxudum. Mən bu mahnını bir müğənni kimi təqdim etdim ki, insanlar görsünlər ki, dindar olduğum üçün repertuarımda Allaha aid mahnı var. Məni qınayanlar da oldu ki, Allah haqqında oxuyur, amma başıaçıq gəzir.
- Bəzən deyirlər ki, Samira namaz qılır, amma içki məclislərində oxuyur.- Şükürlər olsun ki, həmin məclislərdə Samiranı hörmətlə qarşılayırlar. Müğənnilik mənim sənətimdir. Mən Allahıma olan sevgimi mahnılarımla, təmiz ürəyimlə, ibadətimlə bildirirəm. Mən insanlara deyə bilmərəm ki, içkini süfrədən yığışdırın, mən səhnəyə çıxım. Mən çox arzulayıram ki, Azərbaycanda sırf qadın məclisləri olaydı və mən yalnız belə məclislərdə çıxış edəydim.
Milli.Az
Şərh etmək