"Elə bil hansısa bir qüvvə məni idarə edir".
Müğənni
Samir Piriyevin Milli.Az-a müsahibəsi.
- Sizdən müsahibə almazdan əvvəl təsadüfən Youtube-də sizin “Sən türkülərini söylə” yarışmasında oxuduğunuz görüntünü izlədim və ürəyimdən ilk olaraq, bu sualı sizə ünvanlamaq keçdi: bir çox müğənnilərimiz, hətta ən məşhuru belə, böyük səhnəyə çıxanda həyəcanını adi tamaşaçı hiss edə bilir. Amma, böyük Türkiyə səhnəsində siz çox sərbəst çıxış edirdiniz. Mənə elə gəldi ki, siz səhnədə tamam başqa Samir olursunuz. Samir Piriyev üçün səhnə nədir?- Mən onu bilirəm ki, səhnədə tam başqa insan oluram. Elə bil, hansısa bir qüvvə məni idarə edir. Xəstə də olsam, səhnədə hər şeyi unuduram, başqa insana çevrilirəm. Və çox vaxt mənə elə gəlir ki, mən məhz səhnə üçün yaranmışam, çünki başqa sahədə özümü təsəvvür eləmirəm.
- Samirə “Sən türkülərini söylə” yarışması nə verdi?- Mənə bu yarışma böyük təcrübə verdi. Həm də başqa bir ölkənin musiqilərini öyrəndim. Ən məşhur ulduzları ilə yaxından tanış oldum, dost oldum. Bugünkü gündə də Türkiyədə işlərimi hərtərəfli, rahat görə bilirəm .
- Yadımdadır, siz nəinki türk xalqını, həm də Türkiyə musiqisinin böyük sənətçisi Zerrin Özəri də səsinizlə heyrətləndirmişdiniz. Sizcə, bu nəyin gücü idi: səsinizin, yoxsa şansınızın?- Ümumiyyətlə, səsi olmaq, hər şey demək deyil. Səs, hər bir insanda ola bilər. Sadəcə, Allah bu neməti istədiyinə verir. Görünür, mən də Allahın sevimli bəndəsiyəm ki, Allah mənə bu gücü verib və mən o cür insanları kövrəldə, ağlada bilmişəm, ən əsası da özümü onlara sevdirə bilmişəm.
- Ümumiyyətlə, özünüzü şanslı insan hesab edirsiniz?- Şanssız insan da deyiləm. Həyatda həmişə Yaradanın ipindən ön dişlərimlə yox, arxa dişlərimlə yapışıram!
- Türkiyədə sizi “Azərbaycanın bülbülü” adlandırmışdılar. Bəs siz necə, özünüzü “estradamızın bülbülü” hesab edirsinizmi?- Məşhur aktyor və şoumen
Kadir Çöpdemir, həmçinin, elə bizim o yarışmanın çox dəyərli aparıcısı mənə yarışmada oxuduğum vaxt “Azərbaycanın bülbülü” demişdilər. O cür insanlardan belə sözü eşitməyin özü bir fəxarətdir. Əgər Kadir Çöpdemir kimi Türkiyənin dəyərli insanı məni bu cür adlandırıbsa, Allah məni bu ada layiq eləsin.
- Bu adı özünüzə çox görürsünüz, yoxsa az?- Vallah, desəm ki, çox görürəm, o da yalan olar, az görürəm, o da yalan olar. Ortanı tuturam (gülür).
- Şou-biznesin “Əjdaha”sı varsa, niyə də “Bülbül”ü olmasın?- Bax, mən yazığa bu cür qalmaqallı suallar verirsiniz və məndən cavab verməyimi istəyirsiniz. Sonra da
Nadir çıxıb mənə deyəcək ki, mənim əjdahamla nə işin var (gülür)? Bunu da qeyd edin zəhmət olmasa, bütün qalmaqalların səbəbkarları siz jurnalistlərsiniz. Mən bu sualın cavabını buraxıram əjdaha ilə bülbülün öz ixtiyarına (gülür).
- Türkiyədə sizi yetərincə tanıyırlar. Biz sizi oradakı şoularda Türkiyəli ulduzlarla bərabər qonaq qismində tez-tez görürük. Bizi Türkiyədə bir sıra müğənnilərimiz də təmsil etməyə çalışıblar. Onların arasında kimin işini daha uğurlu hesab edirsiniz?- Azəri qızımız
Güneli. Heç kəs məndən inciməsin. Kral TV-də klipin getməyi o demək deyil ki, sən Türkiyədə tanınırsan və ya hansısa möhtəşəm layihə həyata keçirmisən. Mənim də klipim Kral TV-də o qədər gedib ki... nə olsun? Yəni pulla olan bir şeydir də. Hər hansı müğənnimizin orada klipi yayımlana bilər, puluna minnət. Amma orada həqiqətən də bizi layiqincə təmsil edən və çox sevilən sənətçimiz Güneldir. Mən də onu həmişə dəstəkləyirəm və bəyənirəm.
- Eşitdiyimizə görə, şou-biznesdə ayaq altı qazan çoxdur. Bir-birinin üzünə gülüb, arxasınca danışırlar. Bəs sizə necə, sənətinizdə mane olan olub?- Bəlkə də olub, amma hiss etməmişəm. Bəlkə də mane olanlar çox cılız görsəniblər mənə. Ola bilər ki, haqqımda yalandan nəsə deyiblər, amma mən çalışıram, belə şeylərə fikir verməyim. Onsuz da buna fikir verməyə vaxtım yoxdur. Bir məsəl var: “Dəyirman öz işindədir, boş yerə çax-çax baş ağrıdır”. Bir də ki, Allahın nurunu heç kəs söndürə bilməz! Allah istəsə ki, sən ucalasan, oradan səni heç kəs sala bilməz, istəsə ki, enəsən, səni heç kəs ucalda bilməz. Bunu ayaq altı qazmaqla məşğul olanlar unutmasınlar.
- Sənətinizdəki böyük ugura görə nədən imtina etməyə razı olardınız?- Belə bir uğuru əldə etmək üçün rahatliğımdan imtina edərəm. Yəni istirahətimdən, tənbəlliyimdən, yuxumdan imtina edib, atılaram meydana. Yeri gəlmişkən, artıq tənbəlliyimdən imtina etmişəm.
- Müsahibələrinizin birində demişdiniz ki, siz Röyanın 7 ilə etdiklərini 1 ilə edərsiniz. Hətta edə bilməsəniz, adınızı dəyişib “Röyal” qoyarsınız. Özünüzə bu qədər əminliyin arxasında nə durur?- Çox möhtəşəm bir layihəm var, inşallah, çox yaxın vaxtda görəcəksiniz. Onu da qeyd edim ki, Azərbaycan şou-biznesində, teleməkanında bu vaxta qədər heç kimin edə bilmədiyi işi mən edəcəyəm, Allahın izni ilə. Tamaşaçılarımız artıq başqa xarici kanallara baxmayacaqlar.
Efirdə bu baryeri mən aşacağam, inşallah. Hazırda bu işin maliyyə məsələləri həll olunur. Bilirsiniz, tamaşaçı qeyri-real, qeyri-səmimi verilişlərə baxmaqdan artıq yorulub. Hər şeyi, eləcə də verilişi mütləq səmimiyyət üzərində qurmaq lazımdır. Çünki televiziya bir güzgüdür. Kənardan hər şey çox gözəl görünür. İndi səmimiyyəti başqa cür qəbul edənlər də var. Birinə səmimi münasibət göstərirsən, dəstək olursan, elə başa düşür ki, sən ondan qorxursan, ya da ondan zəifsən. Görün o insan nə qədər geridə qalıb, nə qədər azıb ki, belə səviyyəsiz fikrə düşür...
- Şou-biznesdə ən yaxın dostunuz kimdir? Deyirlər Samir müğənnilərdən heç kəslə dostluq eləmir. Bu, düzdür?- Nə bilim, ola bilsin, onlar mənimlə dil tapmayıblar, ya da mən onlarla. Amma şou-biznesdən kənarda dostlarım var. Hətta elə dostlarım var ki, mənə görə ölümə gedərlər, özlərini mənə görə fəda edərlər. Eləcə də, mən onlara görə.
- Hansı qadın sənətçimiz ilə duet oxumaq istərdiniz?- Aygün Kazımova
ilə böyük məmuniyyətlə duet oxuyardım. Sizə bir şeyi etiraf edim? Mən Aygün xanımı çox sevirəm! Ad günlərimiz arasında 2 gün fərq olduğundandır, yoxsa ruhumuzun eyniliyindəndir, nədəndir bilmirəm, amma sevirəm də bu qadını. Sənətini sevirəm, səsini sevirəm, gözəlliyini sevirəm. O, mənim üçün həmişə sönməz ulduzdur! Hətta bizim bir yerdə veriliş aparmağımiz da alınır. Ola bilsin ki, yaxın gələcəkdə belə bir şey də baş tutsun. Niyə də yox?!
- Samir Piriyevin fikirincə, Aygün Kazımova ilə Namiq Qaraçuxurlu bir birinə daha çox yaraşır, yoxsa Oksana Rəsulova ilə Elşad Xose?- Elşad Xose ilə Oksana çox yaraşırlar bir-birinə. Amma Aygün xanımla Namiq qardaşım vaxtilə yaraşırdılar (gülür).
- 2012-ci - Əjdaha ilində Samir Piriyev nə vəd edir?- Vallah, ölüm-itim olmasa, mənə elə gəlir ki, 2012-ci - Əjdaha ilində şou-biznesdə yeni “Samir Piriyev havası” əsəcək!
LaləMilli.Az
Şərh etmək