İblisə sitayişin səbəbləri və kökləri, satanistlərin "qızıl qaydaları" nələrdir? - FOTOSESSİYA
Satanistlər kimlərdir?Hər şəhərin öz əfsanələri olur. Bakıda da illərdən bəri ağızdan-ağıza dolaşan "əfsanə"lərdən biri satanistlərlə bağlıdır. Onlardan qorxur, çəkinir, iyrənirlər. Onlara nifrət edir və eyni zamanda, maraqlanırlar.
Amma onları görən və ya bu adamlara bələd olan çox deyil.
Biz də Bakıda İblisə sitayiş edənlərin axtarışına çıxdıq.
Azərbaycanda satanistlərin mövcudluğu barədə ilk məlumat 1994-cü ilin iyununda qeydə alınıb. Həmin dövrdəki qəzetlərdən biri "Bakıdakı satanistlər: qorxulu sekta" başlıqlı yazı dərc etmişdi. O yazının təxminən yarısı özünü Rəşad kimi təqdim etmiş 21 yaşlı gənclə müsahibədən ibarətdi.
İnsafən, fəna danışmamışdı o gənc. Satanist olduğunu, İblisə sitayiş etdiyini, yer üzündəki səmavi dinlərin hamısının yalan olduğunu və buna görə də İblisin qullarından birinə çevrilməsindən sevinc hiss keçirdiyini də söyləmişdi.
Sonralar Bakıdakı satanistlər barədə çox yazıldı və deyildi. Az qala hər qəzet bu barədə məqalə, araşdırma və ya xəbər dərc etməyi özünə borc bildi.
Di gəl, o yazıların tam əksəriyyəti, yumşaq desək, həqiqətə uyğun deyildi. Çünki müəlliflərin əksəriyyəti satanistlər barədə Rusiya saytlarında olan məlumat və informasiyaları götürərək bir qədər "doğmalaşdırmaq", "İvan" və ya "Mariya" adlarını "Soltan" və "Məryəm" etməklə ucuz sensasiya dalınca düşmüşdülər.
Yazılanlara inansaq, Azərbaycanda ən azı 5-7 min satanist varmış.
Sonralar ənənəvi kütləvi informasiya vasitələriylə yanaşı, internetdə xəbər və əyləncə resursları yarandı.
Həmin resurslardan biri də ötən il yazdı: "Bakının mərkəzində, Fəvvarələr meydanın yanında və "Erməni kilsəsi"nin ətrafında həftənin şənbə günləri satanistlər yığışırlar. Onlar bəzən ayinlər də keçirir, bu zaman pişik öldürürlər".
Adı çəkilən məkanların yanında 9-cu və 39-cu polis bölmələrinin yerləşdiyini nəzərət alsaq, bu "məlumat" ən azı şübhə doğurur.
Bir anlıq təsəvvür edin: gecənin bir aləmi, polis bölmələrinin lap yanına yığışan satanistlər pişik öldürür, ayin keçirir, İblisə ibadət edir - asayiş keşikçiləri də baş verənləri laqeydliklə izləyirlər.
Buna inanırsızmı?
Şəxsən biz - yox.
Amma
Azərbaycanda satanistlər olub və indi də var. Sadəcə, onlar fəaliyyətlərini üzə çıxarmır, "publik fiqur"a çevrilmək istəmirlər.Ölkədəki "İblis qulları"nı da başqa sektaların mənsublarından fərqləndirən başlıca cəhət budur.
Azərbaycanda nə qədər satanist var?O ki qaldı ölkədə kütləvi informasiya vasitələrinə müsahibə vermiş ilk satanist olan Rəşada - həmin adam indi Rusiyanın Orenburq şəhərində yaşayır.
Rusiyadakı satanistlərin "Qara Alov Ordeni" təşkilatının Sibir üzrə rəhbəri olan Rəşad Hümbətov hər yay Bakıya gəlir.
Dediyinə görə, Azərbaycandakı satanistlər indi çox passivləşiblər:
"1996-2000-ci illər bizim üçün ən yaxşı dönəmlər idi. O zaman Bakıda 200-ə yaxın satanistin olduğu deyilirdi ki, həmin adamların təxminən 100 nəfərini şəxsən tanıyırdım. Nə qəbirləri dağıdır, nə gecələr adamlara hücumlar edir, nə də ayinlərimizdə pişik və ya it başı kəsib qanlarını üstümüzə yaxmırdıq. Bütün bunlar biz satanistlər və ümumiyyətlə, satanizm barədə geniş yayılan, amma yalan təsəvvürlərdir. Bakıdakı satanistlər cəmiyyətlə bağlı gözləntiləri doğrulmayan, mənsub olduqları ənənəvi dinlərin ehtiyaclarını ödəmədiyini deyən insanlardı. Məncə, indi də belədir. Amma o satanistlərin əksəriyyəti indi "adi", normal insanlara çevriliblər və əvvəlki inanclarını da gənclik şıltaqlığı kimi qəbul edirlər.
Təcrübəli, illərin satanisti olanlara gəldikdə isə, Bakıda belələrinin sayı 20-dən çox deyil. Həmin adamlar əsl İblis qullarıdır. Cəmiyyət üçün əsla təhlükəli deyillər, yox. Bu adamlar yalnız ənənəvi dinlərdən üz döndərən və İblisə üz tutaraq Bafamet nişanı gəzdirən kəslərdir", - R.Hümbətov söylədi.
Onun dediyinə görə,
Bakıda hazırda 2 satanist qrupunu "normal" fəaliyyət göstərən saymaq olar. Qruplardan birində 12, digərində isə 18 nəfər var.Bu adamlar əsl satanistlərdir ki, ətraflarına toplaşan təxminən 40 nəfər üçün "yolgöstərən bələdçi" olublar.
"Yol" isə təbii ki, İblisə sitayişdir.
İblis şüurlu varlıq deyilmiş...Həmin qrupların axtarışına çıxdıq və aramalar bizi 21 yaşlı Mövlud Rəhimovun rəhbərlik etdiyi, təxminən 10 nəfərlik bir dəstə ilə tanış etdi.
Mövludun dediyinə görə, əvvəllər ateist olub, sonra isə İblisə sitayişə başlayıb.
"İblis əslində sitayişə ehtiyac duyan şüurlu varlıq deyil. O, hər insanın daxilində olan və istəklə açılan güc, anlayış və dərketmə vasitəsidir. Ona görə də bizimlə bağlı istənilən nəzəriyyəni çox asanlıqla sitayişin əslində səmavi dinlərin məcburi atributu olduğuna əsaslanaraq rədd etmək olar. Bir də ki, ədəbiyyat və kinolarda, bir də qəzetlərdə deyilənlərin tam əksinə olaraq İblisin qurbanlıq ayinlərə ehtiyacı yoxdur", - Mövlud noutbukunda satanizmlə bağlı saytları göstərərək danışır.
Onun mənzilinə daxil olanda ilk gözə dəyən divardan asılmış böyük portretdi.
Şəkildəki adamı tanımadığımızdan ev sahibindən soruşuruq və o da deyir ki, portretdəki "İblis Kilsəsi"nin magistri Piter Gilmordu.
Azərbaycanda satanistlərin sözlərinə rep və rok oxunur"Bakıda məşhur adamdı Gilmor. Ən azı 4-5 repçi tanıyıram ki, onların mahnılarının məntlərində Gilmorun yazdıqlarından iqtibaslar var. İki rok qrupun da yaradıcılığında Gilmorun təsiri ciddi hiss olunur". Bunu isə Mövludun "köməkçisi" olduğunu söyləyən 19 yaşlı Vəfa deyir.
O, bizə satanistlərin 11 qaydasından bəhs etdi.
Sən demə, satanistlər, yəni İblisə sitayiş edənlər heç bir vaxt öz düşüncələrini açıqlamamalı və ehtiyac duyulmadığı təqdirdə məsləhət verməməlidir.
"İblis qulları"nın yasaq və günahları"Bizi kiminsə dinləmək istədiyinə əmin olmayınca problemlərimizdən danışmırıq. Başqasının evində olanda ya sayğılı davranır, ya da oraya ümumiyyətlə getmirik. Və bizim evə gələn adam da sayğı göstərməyəndə onu qovuruq, - Vəfa əlindəki siqareti masanın üzərindəki külqabıda söndürərək sözünə davam edir. - Ayinlərimizdə it-pişik başı kəsməyimiz barədə deyilənlərə gülürük, çünki satanistlər barədə belə axmaq mifləri ancaq savadsız və qəddar adamlar uydura bilərlər. Hə, bir də ki, satanistlərin "qızıl qaydası" var.
İblisi sevən adam oğurluq etmir. Yalnız sahibinə problem yaradan və həmin əşyanın yiyəsinin özünün xahişindən sonra nəyisə götürürük. Onu da yazın ki, balaca uşaqları incitmir, bizə dəxli olmayan məsələlərlə bağlı narazılığımızı bildirmir, heyvanları da ancaq qidalanmaq və ya onların hücumlarından qorunmaq üçün öldürürük".
Satanistlərin də yasaq və günah saydıqları işlər var.
Dediklərinə görə, İblisə sitayiş edənlər axmaqlıq və bisavadlığı ən böyük günah sayırlar.
"Axmaqlıqla savadsızlığın insan orqanizmində ağrılar yaratmaması çox pis işdir. Savadsızlığa dözmək olar, amma bizi bəyənməyənlər arasında geniş yayılmış axmaqlıq əsl problemdi. Cəmiyyət yalnız onlara deyilənlərin hamısı ilə razılaşan insanlara əsaslanır. Kütləvi informasiya vasitələri də axmaqlığı qəbul olunan, hətta təriflənən mövqe kimi təbliğ edir. Ona görə də əsl satanist cəmiyyətin belə fırıldaqlarını anlamalı və axmaq olmamalıdır", - Mövlud Rəhimov dedi.
O, satanistlər üçün yasaq sayılan əməlləri sadalamağa davam etdi.
Təşəxxüs, xudpəsəndlik hər satanist üçün yolverilməz davranış sayılır.
Satanistlər bizi normal saymırPsixoloq Emin Vəliyev də satanistlərin "yasaq kodeksi"nin olduğunu təsdiqlədi. Son vaxtlar İblisə sitayişin səbəbləri, kökləri və prosesini araşdırmağa başladığını vurğulayan E.Vəliyevin sözlərinə görə, satanizmin təməl prinsiplərindən biri solipsizmdir.
"İblisə sitayiş edənlər öz reaksiya, emosiya və hisslərini səviyyəcə özlərindən aşağı saydıqları insanlara sirayət etdirməyə, köçürməyə çalışırlar. Onlar ətrafdakı "adi" adamlardan diqqət, sayğı və həlim davranış gözləmədikləri üçün həmişə hamıya qarşı sərt, aqressiv olurlar. Satanizmin də şüarlarından biri "Sənə edilənləri sən də başqasına et!" formasındadır. Şübhəsiz ki, filosoflar ölkəsində bəzi xülyalarla utopiyalar dayanıqlı olardı, amma satanistlər əsl makiavvellist olduqlarından özlərindən başqalarını insan saymırlar. Biz, yəni satanistlərin "yolunu azmış adi adamlar" dedikləri insanlar onlar üçün heç nəyik. Onlar kiminləsə nəyə görəsə razılaşanda da yalnız zahirən belə davranırlar, çünki insanları sürü sanırlar", - E.Vəliyev dedi.
Qara qüvvələr keçidiŞər ruhlara və qüvvələr sitayiş təki satanizmin kökləri qədim bütpərəstlikdədi. Bütpərəst şər ruhla tanrının varlığına inanmaqla yanaşı, ona pərəstiş də edir. Qədimlərdə qəzəbli şər ruhların "könlünü almaq" üçün onlara ibadət bəzən Xeyir tanrılarına xidmətdən daha çox vaxt aparırdı.
Sonralar müxtəlif sivilizasiyalarda və dövrlərdə Lamaştu, Əhriman, Qara Şiva, Loka, Anqro-Manya, Çernot, Lamiya, Appollion, Baal, Veles adlandırılan İblis yeraltı aləmin, insanların əzablara düçar olduğu məkanın sahibi, şər qüvvələrin neolitik lideri idi. Tarixçi-etnoqraf Arif Mərdanovun dediyinə görə, qədim dövrlərdə Naqa və Kronos, Babilistanda isə Şabbatu şər qüvvələrin tmsalı hesab olunub.
"Daha sonra xristianlıq yarandı, o da katolikliyi doğurdu. Avropadakı din savaşşlarında katoliklər "bidət"çiləri, xüsusilə də katarları İblisə sitayiş edənlər elan etdilər. Katarlar isə Roma Papasını İblisin xidmətçisi adlandırmışdılar. Qusçular, eretiklər, lüteranlar, yevangelistlər, gizlər və s. müxtəlif vaxtlarda Roma Katolik Kilsəsi tərəfindən "İblis övladları" elan edilmişdilər. Orta əsrlərdəki inkvizisiya və "cadugər ovları"nın da ideologiyası "İblis sitayişçilərinin məhv edilməsi" çağırışı idi", - A.Mərdanov söylədi.
Çağdaş satanizm 1966-cı ildə yaradılıb. Amerikalı Anton Şandor LaVey aprelin 30-da "İblis Kilsəsi"nin ("Church of Satan") əsasını qoyduğunu bəyan etdi və bir qədər sonra "İblis Zəburu"nu satışa çıxardı.
Bir çox mütəxəssislərin fikrincə, müsair satanizmin ideoloji əsasları arasında Şarl Güismansın 1891-ci ildə yazdığı "Orada, aşağıda" romanı xüsusi yer tutur.
Bunu müasir satanizmin ən böyük təmsilçilərindən biri Valentin Skavr da təsdiqləyir.
Postsovet məkanında satanistlərin ən çox yayıldığı ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və Litvadır.
Azərbaycanda onların sayı qonşu Gürcüstan və Ermənistanla müqayisədə belə, dəfələrlə azdır.
Ölkədəki satanistlər əvvəllər MLO kimi tanınan, indisə "Qara İşıq Məbədi" ("Temple of the Black Light, TOBL) cərəyanına tapınıblar. Şəhərdə indi əyinlərində üzərinə TOBL və ya "TOBL Hell" yazılmış maykalarda dolaşan gənclərin məhz bu cərəyan mənsubu olduğu deyilir.
İblisə ibadət və 666 mifiYerli satanistlər "ibadət" edərkən İblisin "sadiq köməkçiləri" Seth, Abzu, Apep, Zohak, Nidheqq, Lilit, Naama, Mahalat, İqrat, Hekata, Likaniya, Persefona, Hel, Ereşkiqal, Kali, Bafomet, Sehmet və Vampiriyanın da adlarını çəkirlər.
İbadət isə mürəkkəb deyil
Döşəməyə beşgüşəli "Tiamat" ulduzu çəkilir, onun künclərindən hər birinə şam qoyulub yandırılır. Sonra satanizmin rəsmi simvolu olan "Bafomet" nişanı vya "Trapezoid" qoyulomuş yuxarı küncə doğru çevrilən satanist əllərini yanına salıb başını əyir, "Aeterna Majestas", yəni "Əbədi hökmdar" kəlmələriylə başlanan "İblis duası" oxumağa başlayır.
Satanistlərin əsas simvolu sayılan "Bafomet nişanı" içində keçi başı şəkli olan başıaşağı beşbücaqlıdır. Beşbucaqlının ətrafındakı çevrədə, pentaqrammanın hər şüasının qarşısında "Leviafan" kəlməsi yazılıb.
Bundan başqa, deyilənlərin tam əksinə olaraq, yerli satanistlərin çoxunun sol qolunda "666" rəqəmi, yəni İblis sayı yoxdur.
İblisə sitayiş edənlərin özləri 666 rəqəmi ilə bağlı əsrlərdən bəri davam edən hay-küyə və inanclara lağ edirlər.
"Biz bu rəqəmə nə əhəmiyyət verir, nə də qorxmuruq. 666 rəqəmi Qədim Roma imperatoru Neronun qədim yəhudi gematriyası ilə qısaldılmış adıdır. 666 bizim ən adi rəqəmdir. Amma insanlar o rəqəmi İblis sayı hesab edirlərsə, qoy elə olsun: kimsəni fikrindən döndərmək niyyətində deyilik", - yerli satanistlər söyləyilər.
Satanist əlaqələriAzərbaycandakı azsaylı satanistlərin demək olar ki, hamısı Bakıdadır. Onların xarici ölkələrdəki "İblis qulları" ilə əlaqələrinə gəldikdə isə, daha sıx təmaslar Rusiya və Türkiyədəki "həmfikir"lərlədir.
Bu ilin əvvəllərində Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrindəki satanistlərin "Şimal şabaşı" adlı toplantısı keçirilib və orada da Bakıdan cəmi bir satanist iştirak edib.
Sentyabrın ortalarında isə Türkiyədə daha bir beynəlxalq satanist yığıncağı gözlənilir.
Bakıdakı "İblis qulları"nın orada neçə nəfərlə təmsil olunacaqları hələ bəlli deyil. Amma dediklərinə görə, İstanbuldakı ənənəvi "Qara şənbə"yə mütləq qatılacaqlar.
Türkiyədəki satanistlərlə Bakıdakılar arasında əlaqələrin koordinatorları isə Yeşim Kaya və Gökhan Aydındır.
Həsən AğacanMilli.Az