Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Üçüncü Dünya Müharibəsi Azərbaycandan başlaya bilər!

02 Sentyabr 2010 [09:45] - MİLLİ.AZ
Bütün gözəgörünməz məxluqlar – cinlər, qulyabanilər, ikibaşlılar, çoxayaqlılar, yer altında yatan, göy qatında gizlənən dəccal-məccallar, ağ-qara magiyalar, ruhlar, skeletlər... hamısı bu müharibəyə qoşulacaq!
Planetin yeraltı və yerüstü sərvətlərinin bölüşdürülməsi istəyi iki dünya müharibəsinə səbəb oldu. Kainatda kiçicik qum dənəsi boyda olan Yer kürəsi öz sakinləri tərəfindən ən azından iki dəfə ümumdünya səviyyəsində parçalandı və bölüşdürüldü. Yenə də gözlər doymadı ki, doymadı. İndi bəşəriyyət üçüncü dünya müharibəsinin astanasındadır. Xüsusilə, bu savaş öz miqyası, gətirəcəyi dəhşətlər, doğuracağı nəticələr və subyektlərinin hərisliyi baxımından özündən əvvəlkilərlə müqayisə edilə bilməz. Lakin, bu, sizin düşündüyünüz sivilizasiyalar arası toqquşma deyil. Kimyəvi silahların ortaya çıxaracağı müharibə də deyil. Hətta dünyanı öz oxu ətrafından çıxara biləcək nüvə savaşı da deyil. Bu saydıqlarım həmin savaşın yanında sillə-təpik qədər cılızdır. Yəni, onlardan daha dəhşətlisi və qorxuncudur. Gəlin baxaq-görək nədir...

Bu, yeni bazarlar uğrunda cadugərlərin fövqəladə savaşıdır. Həm də Azərbaycan falçılarının. Açığı, uzun illərdən bəri nisbətən soyuq xarakter daşıyan bu müharibə Zirəddin Rzayevin Bakıya məşhur gəlişindən sonra formasını dəyişərək, daha qızğın müstəviyə keçdi. Təsəvvür edirsiniz, cavan və Rusiya səviyyəsində qəbul olunmuş bir ekstrasensin Azərbaycana gəlişi nə deməkdir? Birdən ağlından keçər ki, burda qalıb Azərbaycan “falo-biznes”inə qatılsın. Ölkə “cadu-biznes”ində yeni və nisbətən vicdanlı bir simanın meydana çıxması milli cadugərlərimizin bazarlarının əlindən çıxması demək idi. Bunun üçün Zirəddin ilk qədəmlərini atan kimi falçılarımız, dəlisağaldanlarımız, uzaqgörənlərimiz, iynəsaplayanlarımız, yağsürtənlərimiz, düyünəüfürənlərimiz, daha kimlərimiz-kimlərimiz qalxdı, nə qalxdı. Nəticədə Rusiya ekstrasenslərini diz çökdürən Zirəddinin burnu necə qırıldısa, burada qalıb fəaliyyət göstərmək cəhdindən birdəfəlik əl çəkdi.

Lakin Zirəddinin sıradan çıxarılması ilə “milli savaş” bitmədi. Proseslər İkinci Dünya Müharibəsində Almaniyanın acı məğlubiyyətindən sonra qalib dövlətlərin öz aralarında növbəti “soyuq müharibə”yə başlaması istiqamətində cərəyan etdi. Xüsusilə, həmin ərəfədə dəfələrlə efirə çıxmaq imkanı qazanan cadugərlərimiz sahib olduqları “kölə bazarı”nı daha da genişləndirmək eşqinə düşdülər. Bunun üçün də ortada mövcud şou-biznes təcrübəsi olduğundan falçılar qarşılıqlı söyüşmə kampaniyası ilə gündəmdə qalmağa çalışdılar. Məqsəd isə dediyimiz kimi, mövcud bazarların əldə saxlanılması və potensial bazarlara sahib olmaq hərisliyidir.

Bütün bunları düşündükcə, adamın başının tükləri biz-biz olur. Deyirsən ki, ay Allah, birdən bu falabaxanlarımız bir neçə cəbhədə birləşib kollektiv savaş açarlar eee. Onda bəşəriyyətin halı necə olar, görəsən? Yüz faiz üçüncü dünya müharibəsi başlayar. Həm də bu müharibəyə təkcə, insanlar və insanların ixtira etdikləri silahlar qatılmaz. Bütün gözəgörünməz məxluqlar – cinlər, əcinnələr, qulyabanilər, ikibaşlılar, çoxayaqlılar, yer altında yatan yəcus-məcuslar, göy qatında gizlənən dəccal-məccallar, ağ magiya, qara magiya, ruhlar, skeletlər, həmçinin heyvanlar, quşlar, həşəratlar, balıqlar, bir sözlə kainatda tərpənən nə varsa, hamısı qoşular bu müharibəyə. Hər bir cindar öz gözəgörünməz dəstəsini köməyə çağırsa, planetdə ayaq basmağa yer qalmaz. Bu cür kainatmiqyaslı savaşın nəticəsi haqda düşünmək belə qorxuludur.

Deyəsən, yavaş-yavaş sözügedən müharibənin əlamətləri hiss olunur. Məsələn, hazırda bizim bir neçə baxıcılarımız arasında gərgin mübarizə gedir. Biri iddia edir ki, filankəs kimi adamların Azərbaycanda yeri yoxdur, çünki onlar fırıldaqçıdırlar və insanların işlərini əyirlər. Digəri də bir başqasının bostanına daş ataraq onu fırıldaqçılıqda günahlandırır. Ara qızışıb məzhəb itəndə isə ağız deyəni qulaq eşitmir. Bir-birilərinin əlindən zəncir çeynəyən baxıcılar daha sivil mübarizə metoduna əl atırlar - bir-birilərini Allaha tapşırırlar. 

Deməli, hələlik qıcanma və hədələmə kampaniyası, "tapşırılma" prosesi gedir və tərəflər isti müharibəyə girməyə tələsmirlər. Amma hər halda, “böyük müharibə”nin simptomları hiss olunmaqdadır.

Deməli, bu fürsətdən istifadə edib, bəşəriyyət gələcək böyük “müharibə”ni əngəlləməlidir. Tam əngəlləmək mümkün olmasa belə, savaşın miqyasını və itkiləri minimuma endirmək olar. Məsələn, təcili olaraq Azərbaycan cadugərlərini Beynəlxalq Silahsızlaşma Konvensiyasına, Avropada adi silahların azaldılmasına dair Sovet-Amerika sazişinə və kütləvi qırğın silahının azaldılması haqqında ABŞ-Rusiya müqaviləsinə qoşulmağa məcbur etmək lazımdır. Bundan əlavə, ən qısa zamanda falçılarımızın AŞPA və AB-yə üzvlük məsələsinə baxılmalıdır. Belə olan halda, beynəlxalq ekspertlər gəlib araşdıracaqlar ki, hansı cadugərin nə qədər silahlı əcinnəsi, qulyabanisi, kentavrı, həmçinin nə qədər uzun mənzilli raketi, kütləvi qırğın və kimyəvi cadusu, nüvə duaları, tankı, topu, tüfəngi var. Bu münvalla falçıların sahib olduğu canlı qüvvəni, döyüş vasitələrini minimuma endirmək və kainatı gələcək müharibənin bəlasından nisbətən qorumaq mümkün olar. Əks təqdirdə, başqa qurtuluş yolu yoxdur.

Deyəsən, dünyadakı ağıllı adamlar da “cadugər döyüşü”nün dəhşətli nəticələr doğuracağını anlayırlar yavaş-yavaş. Bizim təklif etdiyimiz metod ağıllarına gəlməsə də, öz bildikləri üsulla planetimizi xilas etməyə çalışırlar. Təsadüfi deyil ki, ötən il Qambiya prezidenti Yəhya Cammeh xalasının ölümünü bəhanə gətirərək, ölkədəki bütün cindarların kökünü kəsmək qərarına gəlib. Nəticədə prezident xaricdən xüsusi “ovçular” dəvət etməklə minə yaxın cadugəri güllələtdi. Ardınca Keniyada kəndlilər 15 cadugəri kənd meydanında diri-diri yandırdılar. Daha sonra Papua-Yeni Qvineyada qara magiya ilə məşğul olduğu güman edilən 50-yə yaxın cadugər məhv edildi. Görürsünüz, bəyənmədiyimiz Afrika ağıllanıb artıq.

Görəsən, bizdə də cadugərliyin köklü surətdə məhv edilməsinə başlansa, nə baş verər?
Camaatı deyə bilmərəm, amma bəzi telekanalların kisəsindən gedəcək bu. Nədi, bəlkə televizora baxmırsız, ya da son aylarda, dönəmlərdə efirləri işğal eləyən falçı-cadugərlərin, ekstrasenslərin, nə bilim daha nə kimi statuslu nələrin, kimlərin dava-dalaşlarını, fövqəlqüvvələrinin nümayişini görmürsünüz? Artıq efirlərdə ekstraqüvvələr o qədər populyar mövzuya çevrilib ki, TV-lər vasitəsilə əməlli-başlı müştəri də yığırlar. Bəs necə, əl əli yuyar, əl də üzü.
 
Ona görə də belə görünür ki, onların birdəfəlik, əlli-ayaqlı yığışdırılması mümkün deyil. Heç bunun üçün kütləvi qırğın metodumuz da yoxdur. Afrikalıların cadugərləri məhv eləməyinə baxmayın, bizimkiləri Afrika cadugərləri ilə müqayisə etmək olmaz. Onlara nə var – qara-qura, fağır-fuğur adamlardır. Lakin, azəri falçıları hələm-hələm təslim olmazlar. 100 ildir yazıb-pozuruq, amma hələ də cəmiyyəti düyünlənmiş parça-sapla, qıfıl-açarla idarə edə bilirlər. Həm bizimkilər xərçəng kimi hücuma qarşı sərt reaksiya verirlər. Əgər hiss etsələr ki, onalara qarşı təhlükə var, bayaq dediyimiz müharibəyə dərhal start verərlər. Bu isə dünynın sonu deməkdir. “Dünyanın sonu” demiş, görəsən dünyanın sonu nə vaxtdır? Hərə bir söz deyir, amma konkret vaxt göstərən yoxdur. Təkcə bir nəfərdən başqa:

Günlərin birində yarı molla, yarı falabaxan, aş yeməkdən sifətindən yağ daman bir kişi yas məclisində başda oturub moizə oxuyurmuş. Söhbət əsnasında deyir: “Cəmaət, eşidin və agah olun ki, düz 10 min ildən sonra dünya dağılacaq və Yer kürəsi tamamilə məhv olacaq. Yəni, sizin hamınız birdəfəlik ölüb gedəcəksiniz”. Bu məqamda stolun ayaq tərəfində mürgüləyən yaşlı bir kişi dik atılıb soruşur:

- Bağışla molla əmi, neçə il dedin?
- 10 min il, mənim balam.
- Ohhh, ürəyim düşmüşdü, elə bildim min il dedin.

Kişi dərindən köks ötürüb təkrar yuxulayır.

Nihat Tur
Milli.Az
URL: http://www.milli.az/news/society/17115.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 3099

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: