Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Cinsi azlıqları necə sıradan çıxarırlar: homosesksualları öldürməyin fəlsəfəsi

07 Sentyabr 2010 [11:35] - MİLLİ.AZ
Cinsi çoxluğun cinsi azlıqla müqayisədə daha təhlükəli tərəfləri nələrdir?
Xoşun gəlmir, vur öldür!

Bir neçə günün söhbətidir. Qəzetləri qabağıma qalaqlayıb orucluq ayında müsəlman ölkələrinin üzləşdiyi problemləri təsnifatlaşdırırdım ki, görüm gələcəkdə nəfsi qorumağa dəyər, yoxsa dəyməz. Araşdırmalardan belə məlum oldu ki, Ramazan ayı girəndən üzübəri müsəlman ölkələrində ət bahalaşıb. Yəni tutalım, orucluqdan əvvəl yüz iyirmi kiloluq dana 750-800 manata idisə, indi həmin çəkidə dana, təxminən, 1100 manat civarındadır, qiymət uğrundakı bazar çənə-boğazı da öz yerində. Üstəgəl, əyalətdən paytaxta gətirilən danalara da tələbat artıb. Dedim, əşi, cəhənnəmə ki, dana bahalaşır, bahalaşsın, təki, insan ucuzlaşmasın və keçdim digər xəbərləri oxumağa.

Elə gözümə sataşan ilk xəbər başlığından məlum oldu ki, danaların bahalaşmağına tərs mütənasib olaraq, ölkəmizdə və Yaxın Şərqdə insanın qiyməti xeyli ucuzlaşıb. Xəbərin başlığını olduğu kimi yazıram: “Bakıda cinsi azlıqları qətlə yetirən dəstə yaxalanıb”.

Başlığı oxuyan kimi dizlərimi yerə atıb əllərimi göyə qaldırdım və şükür etdim ki, nə yaxşı başlıq “Bakıda cinsi azlıqları qətlə yetirən dəstə peyda olub” şəklində deyil. Dərindən nəfəs alıb dedim, şükür, yaxşı qurtardıq deyəsən.

Yox, oxucularımız elə bilməsin ki, yazı müəllifinin də belə bir dəstənin qurbanına çevrilmək ehtimalı var, maşallah, lazım olan yerdə paltartikən maşının iynəsi kimi sərrastıq. Sadəcə, özünə kişi deyənlərin, Allahın bədbəxt yaratdığı və cəmiyyətin ən zərərsiz məxluqları hesab olunan azsaylı zavallıları öldürməsi əhvalımı korladı. Özü də görün dəstə üzvləri öz miskin “qəhrəmanlıq”larının səbəbini polisə necə izah ediblər. Sitat: “Bizim cinsi azlıqlardan xoşumuz gəlmir, ona görə belə qərara gəldik ki, onları öldürək”. Sitatın sonu.

Bərəkəllah! Kimin kimdən xoşu gəlmirsə, əlinə bir dəhrə götürüb doğrasın – mənim qatilimin düşüncəsinə bax. Adamın ağlına dönə-dənə “bərəkəllah!” deməkdən savayı heç nə gəlmir.

Şərqdə homoseksualizm

Ümumiyyətlə, bizim cəmiyyətdə belə bir fikir var ki, homoseksualizm – el arasında ona "üzdəniraqlıq" deyirlər, hətta ünlü tərcüməçilərimizdən biri Sartrın homoseksual fabrikant oğlunun həyatından bəhs edən hekayəsini dilimizə çevirərkən obrazın cinsi oriyentasiyasını “üzdəniraq”lıq kimi cevirmişdi – bizə Qərb cəmiyyətlərindən yoluxub və çoxları hələ də elə bilir ki, Şərqdə dədə-babadan homoseksuallıq olmayıb. Halbuki Şərq saraylarının tarixini az-çox oxuyanlar gözəl bilir ki, uşaqbazlıq, homoseksuallıq elə çoxarvadlılıq kimi məhz Şərq saraylarında kübar həyat tərzinin əsas atributlarından biri idi. Şah saraylarında kişilərin xüsusu yetişdirilmiş gənc oğlanlarla eşqbazlıq etməsi adi və ali hal hesab olunurdu. On beşinci əsrdə İngiltərədə zadəgan balalarına dövlətçilik və döyüş ənənələrini öyrətmək üçün Kral IV Henrix tərəfindən əsası qoyulan İton məktəbləri yaradılanda bizim Şərq şahları oğlan uşaqlarıyla yatırdılar. Yəni, Qərbdə fərdi həyat tərzi kimi qiymətləndirilən eynicinslilərin intim münasibətləri Şərqdə daha çox ənənələrə söykənir.

Bundan başqa orta əsrlər Şərqində çox geniş yayılmış bir cəza növü var idi; insanın cinsinə təcavüz və bu, daha çox kişilərə tətbiq edilirdi. Axtalama, xayadanasma, pazakeçirmə - bütün bunlar birmənalı olaraq kişiliyin təhqirinə, kişilikdən məhrumetməyə yönəlmişdi. Hərəmxanalarda xacəlik etmək üçün oğlan uşaqlarını kiçik yaşlarından axtalayırdılar ki, onların erkəklik duyğusu yerli-dibli ölsün. Yəqin ki, cinsi azlıqlardan da az sayda insan türk yazarı Orxan Pamukun “Qara kitab” romanını oxuyub və orada adı çəkilən iki böyük türk kişisinin münasibətlərinin hansı şəkildə olmasından xəbərləri var. Yaxud böyük fars şairi Hafizin – alman şairi Gete onu bütün dünya şairlərinin ustadı hesab edirdi – yaraşıqlı oğlan uşaqlarıyla nələr etdiyi bütün ərşi-aləmə məlumdur. Demək istədiyim odur ki, homoseksualizm insanlığın bir halıdır, Qərbdə və ya Şərqdə yaranıb, fərqi yoxdur, xoşumuza gəldi-gəlmədi, bu cür adamlar Adəmdən üzü bu yana olub, olacaqlar.

Koroğlu dövrünün kişilik kompleksi

Keçək işin başqa səmtinə. Deyilənlərə görə, tarixən müharibədən qorxan, yaxud müharibədə məğlub olan və öz məğlubluğuyla əlüstü barışan cəmiyyətlərin kişilərinin özünəməxsus kişiliktəsdiqləmə üsulları olur. Bunlardan biri, nə qədər qəribə görünsə də, qalın bığ buraxmaqdır. Yazıçı Rafiq Tağının bizim milli bığlar haqqında çox maraqlı bir fikri var: “Bığ yalançı kişilik kompleksidir”. Bu fikri davam etdirək, bığ kişiliyin qabaqdangəlmişlik əlamətidir, bığ kişi zəhminin ən ucuz üsulla yaradılan saxta görüntüsüdür, bığın qalınlığı, lopalığı zəhmin qatılığına dəlalət edir, ən nəhayət, bığ aciz kişinin özünüqoruma instinktidir. Bizim kişilər, adətən, bığdan arvadın zəhrini yarıb qorxutmaq üçün istifadə edirlər və doğrudan da, bizim arvadlar da bığsızlara nisbətən, bığlılardan daha çox çəkinirlər.

Azərbaycanda kişilərin görməli olduğu çox işlər var; bu işləri görmək üçün üstünə bir çimdik vicdan səpilmiş bir az cəsarət lazımdır, ancaq görünür, bu, bizdə çoxlarımızda çatışmadığı üçün görüləsi işlərin əvəzinə çəlimsiz cinsi azlıqları öldürürük. Kişiliyimizin gücsüzlüyünü toxdadırıq. Müasir dünya aciz, zavallı insanları öldürüb, sonra əməli və kişilik rəmzi hesab etdikləri bığlarıyla öyünənlərin dünyası deyil. Bir çəngə tükə arxayın olub qəhrəmanlıq dastanlarına düşmək Koroğlunun dövründə qaldı.

Totalitarizmin məhşur bir devzi var: “insan yoxdursa, problem də yoxdur”. Bu, elə cinayətkar dəstənin dediyi “xoşumuza gəlmirdi, ona görə də öldürdük” etirafının eynidir və cəmiyyətdə bu cür total təfəkkürlü cinsi çoxluğun olması, beş-altı cinsi azlığın olmasından daha dəhşətli bəladır.

Aqşin Yenisey
Milli.Az
URL: http://www.milli.az/news/society/20151.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2839

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: