Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibəti ilə müsəlman ölkələrinin dini işlər nazirləri bir araya gəlib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxi olan məlumata görə, komitə sədri
Hidayət Orucov sentyabrın 5-də bu münasibətlə İstanbul şəhərində təşkil olunan İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin görüşündə iştirak edib.
Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirilən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin Baş katibi
Ekmələddin İhsanoğlu, İSESKO-nun Baş direktoru
Əbdüləziz Ət-Tüveyciri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxslərindən əlavə, İslam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar qatılıblar.
Tədbirdə rəsmi açılış mərasimindən sonra İKT-yə üzv ölkələrin dini işlər nazirlərinin çıxışları başlanıb və ilk söz H.Orucova verilib. O, Müqəddəs Kitabın müsəlmanların və İslam dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd edib.
Komitə sədri bildirib ki, elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və hümanizm ideyalarına kölgə salınır:
“Təəssüf ki, müəyyən vaxtlarda bu cür hallar İslam dünyasının daxilində gedən proseslərdən, hətta bəzən müsəlmanların özlərindən qaynaqlanır. Belə problemlərin yaranmasının əsas səbəblərindən biri İslam dininin, xüsusilə Qurani-Kərimin mahiyyətini, bəşəri prinsiplərini düzgün anlayıb, insanlara doğru təbliğ edilməməsidir. Bu baxımdan Qurani-Kərimin düzgün təbliğ edilməsi, ümumiyyətlə, İslami maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılması təkcə müsəlmanlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, həmrəylik və birlik hissinin gücləndirilməsi deyil, həm də dünyada İslamla bağlı həqiqətlərin yayılması, bu dinə qarşı olan mənfi fikirlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır”-dəyə H.Orucov əlavə edib.
Komitə sədri müsəlman ölkələrinin dini problemlərdən əlavə, İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səyələrini gücləndirmələrinin, təcavüzə məruz qalmış din qardaşlarını müdafiə etmələrinin zəruriliyini vurğulayıb.
Qeyd edib ki, bu, Qurani-Kərimin müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur. Buna görə də, İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycana qarşı təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması, bir milyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşaması, eləcə də tarixi-dini abidələrimizin – məscidlərin, ziyarətgahların, türbələrin və digər mədəniyyət nümunələrimizin erməni vandalizminin qurbanına çevrilməsi təkcə Azərbaycanı yox, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, xüsusilə də qardaş müsəlman ölkələrini yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Milli.Az