Ona 11 ayın şahı dedik və içində yaşadığımız bu dövrdə dilimizdən Allaha yalvarışlarımızı (dualar) əskik etmədik, oruc tutub nəfsimizi sınağa çəkdik, Yaradanımız qarşısında mənəvi borcumuzun bir zərrəsini ödəməyə cəhd göstərdik.
Bir aylıq imtahanın sonuna gəldik. İmtahanı necə verdik, hansı qiymətə layiq görüldük, bacardıqmı ya yox, - bunları özümüz bilmirik, amma onu bilirik ki, müqəddəs ayın başa çatmasının bayram edilməsi lütf olunub. Və biz də bu bayramı İNSANın və İNSANLIĞIN bayramı kimi qeyd edirik.
Bu, nə Bayramıdır? Ramazan Bayramı təkcə oruc əməlinin sona çatmasının təntənəsi deyil, o, həm də sevincli, nəşəli xoşbəxt bir gündür. İnsanda ən ali duyğuların, sevgi və mərhəmət hissinin coşduğu, inam və imanın sarsılmaz qüvvəyə çevrildiyi gündür bu bayram günü.
Bu gündə İNSAN yaradılışını dərk edir, özünü tanıyır, nəfsinə və daxilindəki bütün mənfiliklərinə qalib gəlməsinin sevincini bayram edir. Qələbə insanın fəxr edib qürur duyduğu bir nemətdir, qələbə günü isə fəxarət günüdür!
Ramazan Bayramı müsəlmanları bir-birinə qovuşduran, qaynayıb-qarışdıqları, bayramlaşdıqları gündür. İnsanlar bu mübarək gün münasibətilə bir-birini təbrik edir, qonaq gedir, yada salır, kimsəsizlər və kasıblara əl tutulur, mərhəmət və xeyirxahlığın göstərilməsi üçün gözəl zəmin yaranır. İnsanlar mərhumlarının qəbirlərini ziyarət edir, xatirələrini yad edir, onların ruhuna dualar oxutdururlar. Demək ki, təkcə özləri deyil, doğma ruhları da sevindirirlər.
Bəs niyə Ramazan Bayramı müsəlmanlar üçün bu qədər əzizdir? Ramazan Bayramı, bir ay boyunca hər gün oruc tutan müsəlmanların hər iftar zamanı yaşadığı sevinc və rahatlıq hissininin bayram günündəki toplum təzahürüdür. Bir ay boyunca qətrə-qətrə yaşanan fərahlığın sonda böyük bir sevinc dənizinə çevrildiyi andır.
İsti yay günlərində susuzluğa qalib gələn müsəlmanlar bu imtahandan iftixarla çıxmağının, səbr və dözümünün qələbəsinin sevincini yaşayırlar bu Ramazan Bayramında.
Ramazan Bayramının tarixi hardan başlayır? 622-ci il İslam sivilizasiyası tarixinin ilk ili kimi qəbul olunur. Bu tarix də Peyğəmbər (S) cənablarının Məkkədən Mədinəyə hicrəti - köçməsi ilə bağlı hesablanıb. (Elə buna görə də bu təqvimə Hicri təqvim deyilir). Hicrətin ikinci ili - yəni, Miladi təqvimlə 623-cü ildən başlayaraq Ramazan ayı orucluq ayı kimi qeyd olunur və ta o vaxtdan Ramazan ayının bitdiyi gün bayram edilir.
Orta əsrlərdə bu bayram daha böyük təntənələrlə qeyd edilirmiş. Orucluq bitdikdən sonra 10 gün ərzində insanlar bir-birilərinə qonaq gedər, hal-xəbər tutar, yetim-yesirlərə əl tutarmışlar, həmçinin bazarlarda ucuzlaşma olardı.
Ramazan ayı – Dünyanın əvvəli və sonudur! Ramazan Ayının şərafəti təkcə bunlarla bitmir. Bu AY dünyanın yaranması və nə zamansa məhv olacağı aydır.
Peyğəmbərin (S) «Hədisi-şərif»ində buyurulub ki, dünya Ramazan ayında xəlq olunub və Ramazan ayının bir cümə günündə də qiyamət qopacaq. Yəni dünyanın sonu gələcək. (Amma bu tarix məlum deyil).
Yeri gəlmişkən, amerikalıların Mayalıların təqviminə əsasən, 2012-ci ilin dekabrında dünyanın sonu gələcəyinə dair proqnozlarını bu hədis rədd edir. Çünki dekabr ayı Ramazana təsadüf etmir. 2012-ci ilin Ramazan ayı 20 iyuldan-19 avqusta qədər olan dövrü əhatə edəcək. Deməli, insanlar arasında eyforiya yaratmağa hesablanmış bu fikrin puçluğu ortaya çıxır.
Ramazan ayı bizi sağlamlaşdırırRamazan sözünün hərfi mənası «yandırmaq» deməkdir. İnsan orqanizmindəki aylarla, illərlə yılığan şlaqları yandırır. Əbəs Peyğəmbərin (S) hədisində burulmayıb ki, «oruc tutun, səhhət qazanın». Deməli, Ramazan ayı həm də səhhəti möhkəmləndirmək ayıdır.
Sağlam qalmağın, orqanizmi aylarla yığılıb qalaqlanan zir-zibillərdən təmizləməyin ən yaxşı üsulu isə oruc tutmaqdır.
Bəs oruc tutanla tutmayanın fərqi nədir?Oruc tutan adamın əməlinin savabı, həmçinin özünə faydası məlumdur. Bəs oruc tutmayan insan oruclu şəxs qarşısında borcludurmu?
Oruc saxlayan şəxsin bu əməlinin savabının yarısı onu iftara qonaq edən şəxsin (oruc tutmayanın da) payına düşür. Təbii ki, oruclunun öz savab payından heç nə əksilmədən.
Oruclu şəxsin yanında yemək yeyilir, su içilirsə və bunlar oruclu şəxsin iradəsini sındıra bilmirsə, həmin şəxsin savabı ikiqat artar. Başqa sözlə, bu oruclu şəxs həm fiziki, həm mənəvi, ruhani qazanclı olur.
Ramazan – nəfslə iradənin mübarizəsi İnsan aclığa birtəhər gözür, amma susuzluqla mübarizə isə insandan sözün əsl mənasında şücaət tələb edir. Ramazanın məhz istilərə düşməsi suya böyük təlabat yaratsa da, nəfsə qalib gəlmək iradənin möhkəmlənməsinə kömək edir.
İnsan iradəsinin sınanması onu həm də başqalarını başa düşməyə cəhd göstərməkdə büruzə verir. Oruc tutmaqla kasıbların, acların hisslərini, onların yaşadıqlarını hiss etməyə imkan verir.
Ramazan Bayramı necə qeyd edilir?Ramazan Bayramı, bayram namazının qılınması ilə başlanır. Peyğəmbər (S) bayram günlərinin yemək-içmək günləri olduğunu buyurub. Ramazan və Qurban bayramlarında oruc tutmaq isə haram hesab edilir. Bəli, cəmi bir gün əvvəl orucu bilərəkdən pozmaq haram iş sayılırsa, ertəsi gün - Ramazan bayramı günü özünü nemətlərdən məhrum etmək haram iş sayılır.
Bizləri ibadətə və axirət əməllərinə təşviq edən edən Peyğəmbər (S) Ramazan bayramı gecələrində qalxıb ibadət etməyi tövsiyə edib. «Savabını Allahdan umaraq iki bayram gecəsində qalxıb ibadət edən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz» - Peyğəmbər (S) hədisdə buyurub.
Ramazan bayramında çox insanlar səqədələr verməklə də savab işlərin fəxarətini yaşayırlar.
Ramazan ayı günahların bağışlandığı ay, Ramazan Bayramı mükafat günüdür.
Allah-təala bu bayramda hər birimizi öz mərhəməti və rəhməti ilə mükafatlandırsın! Allah bizim günahlarımızı bağışlasın, ibadətimizi, oruc və dualarımızı qəbul etsin!
Ramazan Bayramınız mübarək!
Tomris Milli.Az