Beynəlxalq Futbol Federasiyası (FİFA) CAR-da keçirilən dünya çempionatının finalında kobud oyun nümayiş etdirdikləri üçün İspaniya və Hollandiya yığmalarını cərimələyib.
Hollandiya yığmasının səkkiz oyunçusu dünya birinciliyinin həlledici görüşündə sarı vərəqə aldıqları, müdafiəçi Con Heytinq isə meydandan qovulduğu üçün FİFA Niderlandın Kral Futbol Federasiyasını 14,480 dollar cərimələyib. İspaniyanın Kral Futbol Federasiyasını isə beş xəbərdarlığa görə cəzalandırmışdır. Dünya çempionlarının rəhbərliyi FİFA-ya 9,650 dollar cərimə ödəməlidir.
Xatırladaq ki, dünya çempionatının final görüşündə 1:0 hesabı ilə İspaniya yığması qələbə qazanıb. Görüşün hakimi ingilis Hovard Uebb hər iki komandanın oyunçularına 14 sarı vərəqə göstərib.
/AzərTAc/