Futbol üzrə Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın hücumçusu
Branimir Subaşiç azerisport.az saytının suallarını cavablandırıb.
- Yeni İli necə qarşıladınız?- Yeni İli həmişəki kimi – ailəmlə qarşıladım. Öz yaxınlarımla birgə Belqradda idim. Yaxşı istirahət etdim. İndi rahat məşqlərə başlamaq olar. Ayın 16-da “Xəzər Lənkəran”la Türkiyəyə yola düşəcəyik.
- Maraqlıdır ki, məhz bu yeni il günlərində belə bir informasiya yayıldı ki, guya siz “Partizan”ın qapıçısı Vladimir Stoykoviçi “Xəzər Lənkəran”a gətirirsiz...- Bu, düz deyil. Serb jurnalistlər bütün bunları özlərindən uydurublar. Mən müsahibəmdə belə bir şey deməmişəm.
- Bəs nədən danışmışdız?- Onu demişdim ki, Bakını çox sevirəm. Buranı dünyanın ən gözəl şəhərlərindən biri saydığımı demişdim. Mənim üçün Nyu-York da Azərbaycan paytaxtından sonradır. Çünki Azərbaycan mənim ikinci vətənimdir.
- Siz Stoykoviçin özü ilə tanışsız?- Biz tanışıq, amma tez-tez görüşmürük. Serbiyanın gənclərdən ibarət yığmasında çıxış edərkən onunla birgə oynamışıq. Yaxşı qapıçıdır. Amma mən ona heç bir təklif ünvanlamamışam. Mən nə menecer, nə də klub prezidentiyəm. Mən futbolçuyam. Bizim klubun da öz menecerləri, məşqçiləri var ki, belə işlərlə sırf özləri məşğul olurlar.
- Bu məsələ sizin qapıçı Kamran Ağayevlə münasibətlərinizə təsir göstərməz ki?- O, Azərbaycanın ən yaxşı qapıçısıdır. Gözəl münasibətlərimiz var. Həm yığmada, həm də klubda birgə çıxış edirik. Həm də əgər komandamıza qapıçı lazım deyilsə, mən necə belə bir şeyi edə bilərəm ki?
- Cüneyt Biçərin gəlişindən sonra nə dəyişib?- Biçər futbola Mirça Rednik kimi baxmır. İndi komandada əla atmosfer var. Hamı qələbəyə köklənib. Bilirik ki, fevralda bizi çətin oyunlar gözləyir. Amma bizim çempion olmaq üçün şansımız var.
- Sizcə, “Neftçi”ni qabaqlamağı bacaracaqsız?- Bu, futboldur. Burada hər şey mümkündür. “Neftçi” hələ xal itirəcək. Odur ki, indidən proqnoz verməyə tələsməyək. “İnter” də var. Hər şey mümkündür.
Milli.Az
Şərh etmək