56-cı “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına bəzi dəyişiklər edilib.
Müsabiqənin rəsmi internet saytının verdiyi xəbərə görə, ötən gün Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa Yayım Birliyinin (EBU) təşkilat komitəsinin görüşündə bir sıra məsələlər müzakirə edilib. Görüşdə gələn ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” yarışmasının qaydalarına bir sıra əlavələr olunub. Bu dəyişikliklərdən biri “Eurovision” müsabiqəsi üçün yazılan mahnıların 1 oktyabr tarixinə deyil, 1 sentyabra qədər müəyyənləşməsidir.
Bununla bərabər, “Eurovision-2011” müsabiqəsinin finalında 25 ölkə əvəzinə 24 ölkə çıxış edəcəyi qərarı qəbul edilib. Həmçinin görüşdə “Eurovision-2011” müsabiqəsini keçirməyə namizəd olan Almaniyanın 4 - Berlin, Düsseldorf, Hamburg və Hannover şəhərinin rəsmi təqdimatı keçirilib. Bu günlərdə təşkilat komitəsi “Eurovision-2011” müsabiqəsinə ev sahibliyi edəcək şəhərin hansı olacağını müəyyənləşdirəcək.
Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsinin yarımfinallarının - mayın 10-u və 12-də, finalı isə mayın 14-də keçirilməsi təsdiqlənib.
/APA/