“Eurovision” müsabiqəsinin icraçı direktoru Svante Stokselius tutduğu vəzifədən istefa vermək qərarına gəlib.
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, 2003-cü ildən “Eurovision Song Contest” və “Junior Eurovision” müsabiqələrinə rəhbərlik edən Svante Stokselius 2010-cu ilin sonunda bu vəzifəsindən rəsmən istefa verəcəyini açıqlayıb. S. Stokseliusun rəhbərliyi ilə son müsabiqə bu il noyabrın 20-də keçirilməsi nəzərdə tutulan “Junior Eurovision” müsabiqəsi olacaq. Avropa Yayım Birliyi (EBU) adından iki müsabiqəyə nəzarət edən Svante Stokselius 2000-ci ildə Stokholmda keçirilən “Eurovision” müsabiqəsinin prodüseri olub və bu illər ərzində müsabiqələrə rəhbərlik etməyindən məmnunluq duyduğunu dilə gətirib: “Səkkiz il bundan əvvəl bu təklifi qəbul etdim. O zaman “Eurovision” müsabiqəsi həlledici bir məqamda idi. İndi isə o, çox böyük televiziya, əyləncə şousuna çevrilib. Moskva və Oslodakı müvəffəqiyyətdən sonra mən qərara aldım ki, artıq vidalaşmaq vaxtıdır və başqalarına imkan yaratmaq lazımdır ki, bu müsabiqəni növbəti mərhələyə çıxarsınlar”.
Səkkiz il müddətində S.Stokselius “Eurovision” müsabiqəsi üçün çox işlər görüb. Onun rəhbərliyi altında müsabiqənin loqosu hazırlanıb, Avropa sponsorlar platforması və yarımfinal mərhələləri keçirilib, müsabiqəyə professional münsiflər heyəti dəvət olunub. Stokselius EBU-nun komandası ilə işləməkdən çox məmnun olduğunu da dilə gətirib.
“Eurovision TV”-nin rəhbəri Jorgen Franck Svante Stokseliusun bu qərarına hörmətlə yanaşdıqlarını bildirib: “Svantenin şəxsində biz çox hörmətli bir həmkarımızla vidalaşırıq. O Avropanın ən təcrübəli prodüserlərindən biridir. O müsabiqənin bugünkü həddə gəlib çıxmasında böyük rol oynayıb. “Junior Eurovision” və “Eurovision Song Contest” yarışmalarına görə ona təşəkkür edirik. Bu ilin noyabrında keçiriləcək VIII “Junior Eurovision” yarışmasında bizimlə bərabər olacağına ümid edirik”.
S.Stokselius 2003-cü ildən Latviyadakı müsabiqədən dərhal sonra vəzifəyə gəlib və təxminən səkkiz il müsabiqələrə rəhbərlik edib.
Milli.Az