Türkiyənin Van vilayətində kütləvi iğtişaşlar baş verib.
Milli.Az xəbər portalı “Habertürk”ə istinadən xəbər verir ki, Barış və Demokratiya Partiyasının (BDP) nümayəndələri Hakkaridə PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı 9 terrorçunun zərərsizləşdirilməsi ilə bağlı partiyanın Van şöbəsinin qarşısında mətbuat üçün açıqlama veriblər. Brifinq keçirənlər arasında BDP-dən olan millət vəkilləri Özdal Üçer və Fatma Kurtulan da olub.
Brifinqdən sonra PKK terror təşkilatı və onun lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib. Bir qrup adam şəhərin mərkəzində təhlükəsizlik tədbirlərini gücləndirən polis əməkdaşlarına daş atmağa başlayıb. Onlar küçələrdə tonqal qalayıblar, daşla ofislərin pəncərələrini sındırıblar. Təhlükəsizlik qüvvələri kütləvi iğtişaşın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. BDP-dən olan millət vəkilləri Özdal Üçer və Fatma Kurtulan da gözyaşardıcı qazdan ziyan çəkiblər. Onlar dərhal xəstəxanaya aparılıblar.