Milli.Az » Cəmiyyət » Azərbaycanda istirahət edənləri necə "dincəldirlər"?
30 Iyul 2010 [09:45] - Milli.Az
Doğrudanmı dəniz kənarında qarpızla pendir-çörək yemək Qafqaz dağlarında «boş-boş» gəzməkdən min dəfə maraqlıdır?..

Turizm müasir dünyada ən gəlirli sahələrdən biri kimi qəbul olunur.
Elə xırda ölkələr (məsələn, Şimali Kipr) var ki, büdcənin yarıdan çoxunu turizmdən gələn vergilər təşkil edir. Bu sektorun ayrılmaz və əsas hissəsi sayılan istirahət mərkəzləri artıq beynəlxalq səviyyədə rəqabət yarışına girişiblər.
Görəsən, bu rəqabət meydanında Azərbaycandakı istirahət mərkəzlərinin yeri və mövqeyi varmı?
Suala cavab tapmaqdan öncə bildirək ki, turizm sektorunun inkişaf strategiyasının işlənib hazırlanması qanunvericilik bazasının yaradılması, bu sahə üçün mütəxəssislərin yetişdirilməsi davam etdirilməkdədir. İstər müstəqil ekspertlər, istərsə də rəsmi şəxslər etiraf edirlər ki, hələ ki, turizm sənayesində səmərəli bazar münasibətləri sistemi tam qurulmayıb və istehsal texnologiyaları baxımından turizm sahəsinin dünya standartlarından nə qədər uzaq olduğu göz önündədir. Necə deyərlər, görünən dağa nə bələdçi...

Harada istirahət edək?

Havaların qızması ilə əlaqədar paytaxt sakinləri əsasən sərin rayonlara səfər edir. Lerik, Masallı, Quba, İsmayıllı kimi rayonlara böyük istirahət həvəsilə üz tutan paytaxt sakinləri nəyin şahidi olur? Bakı sakinləri hansı təəssüratlarla rayonlardan ayrılır?

Azərbaycanın istirahət mərkəzlərində vəziyyəti öyrənmək üçün iki-üç belə məkanda olmaq kifayətdir. Bütün istirahət mərkzlərində təbiətin yaratdığı mənzərəni nəzərə almasaq, xidmətin keyfiyyəti, infrastrukturun vəziyyəti demək olar ki, oxşardır. Otellər də sanki eyni tikinti şirkəti tərəfindən inşa olunub. Bu sahədə rəngarənklik yox dərəcəsindədir.

Bir neçə gün öncə bir qrup jurnalistlə birlikdə Nabranda həm seminara getmişdik, həm də dincəlməyə. Seminardan sonra imkan tapıb yaxınlıqdakı bir neçə istirahət mərkəzində olduq. Onu da deyək ki, hazır istirəhət mərkəzlərini urvata mindirməmiş iş adamları boş torpaq sahələrini artıq nişanlayıblar. Gözlənilir ki, ərazidə yaxın illərdə yeni-yeni belə mərkəzlər tikilsin.

Baş çəkdiyimiz istirahət mərkəzlərindən birində qulaq batıran diskotekanı görən dostlardan biri "Elə «dıps-tıs» Bakıda da var da. Ta zəhmət çəkib bura niyə gəlirik? Paytaxtdakı barlarda atılıb-düşərdik də.." - dedi. Bakı barları demişkən, diskotekada istirahətə gələnlərdən daha çox gələnləri əyləndirmək vəzifəsini yerinə yetirən «qadınlar» var idi. Sanki paytaxtdakı barların daimi sakinləri müvəqqəti olaraq iş yerlərini dəyişmişdilər...

Dənizin kənarında yerləşən bu istirahət mərkəzlərinin əksəriyyətində fərli-başlı çimərlik hovuzu yoxdur. Çimmək üçün də elə dənizə üz tutur qonaqlar.  

İstirahət təkcə yeyib-içmək deyil

Kimdən soruşsanız ki, yayda istirahəti necə keçirmisiniz, deyəcək ki, filan yerə getdik, yeyib-içdik, oynadıq, kef çəkdik və s.
Amma istirahət təkcə quzu kababı, dana basdırması yemək, eyş-işrətlə məşğul olmaq demək deyil. Tarixi abidələrə, muzeylərə baş çəkmək, meşə, dağ səyahətinə çıxmaq, ov ovlayıb quş quşlamaq,  alpinistlik etmək, paraşutla tullanmaq ən mədəni istirahət növlərindən sayılsa da, bizdə əksəriyyət bunu ya iş yeri, ya da sadəcə avaraçılıq hesab edir. Statistik azərbaycanlı düşünür ki, dəniz kənarında qarpızla pendir-çörək yemək Qafqaz dağlarında «boş-boş» gəzməkdən min dəfə maraqlıdır. Avropada bu cür istirahətlərdən çoxdan imtina ediblər. Elitar avropalı üçün Misir ehramlarına baş çəkmək Bodrumda İskəndəriyyə kababı yeməkdən, yaxud da Nabranda diskotekada atılıb-düşməkdən daha əhəmiyyətlidir. Əlbətdə ki, biz diskotekalarla, kabablarla, fanta-kolalarla əcnəbilərin dəqqətini heç bir halda çəkə bilmərik. Onlar üçün bu, ibtidai istirahət sayılır ki, onu da çoxdan tarixin arxivinə göndəriblər.  

Əsas problem qiymətlə bağlıdırmı?

Bu, çox qaldırılmış məsələdir. Türkiyədə istirahət etmək Azərbaycandakından ucuz başa gəlir. Səbəbi də bəllidir. Türkiyəyə ildə milyonlarla turist gəlir, bizə isə yüzlərlə.  Müştəri çox olanda qiymətləri aşağı salmaq olur. Nabranda hansısa istirahət mərkəzində dincəlməyin günü 200-220 manata başa gəlirsə, bu göstərici Antalyadakı "Rixon" oteli üçün 180-200 manat civarındadır.   Məsələn, 6 nəfər birlikdə "Rixon" otelini sifariş etsə, onların hər birindən 7 günlük istirahət üçün 1200 manat tələb olunur. Bu məbləğə hətta bilet pulu da daxildir. Əlbəttə belə olduqda Azərbaycan vətəndaşı Antalyanı daha üstün tutacaq.

Bir də ki, bizdəki istirahət mərkəzləri əsasən yay fəslində fəaliyyət göstərir. Qış istirahət mərkəzləri isə yox səviyyəsindədir.

Qışda Gürcüstan turistlər üçün daha cəlbedicidir.

İranlını cəlb edən nədir?

Nabranda olduğumuz istirahət mərkəzində iranlılar da var idi. Onlara "nə üçün Azərbaycanı seçmisiniz" sualını da verdik. Sən demə iranlıları Nabrana daha çox "qadın marağı" gətirib.
Öz bioloji təlabatını ödəmək üçün Azərbaycana təkcə iranlılar deyil, pakistanlılar, hindistanlılar, orta asiyalılar da üz tuturlar. Rəsmi statistikaya görə, 2009-cu ildə Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərində 1 milyon 300 mindən artıq turist dincəlib. Turistlər arasında qonşu Rusiya, İran və Orta Asiyadan olanlar çoxluq təşkil edib.
Onu da bildirək ki, istirahət mərkəzləri, otellər Türkiyədən, Orta Asiyadan olan qadın xidmətçilərilə «zəngindir». Bu yolla müştərilərin diqqətini cəlb etdiklərini düşünən bəzi istirahət mərkəzləri və otellərin sahiblərinin diqqətinə qonşü Turkiyənin bu yolu 30-40 il əvvəl keçdiyini və hazırda bundan imtina etdiklərini çatdırmaq yerinə düşərdi.  

Necə ucuz istirahət etməli?

Rahat istirahət etmək üçün heç də gündə 80-100 manat xərcləməyinə dəyməz. Azərbaycanın bütün turizim rayonlarında yerli sakinlər öz evlərini günü 10-15 manata kirayə verirlər. Ev sahibləri qonaqlara bəzi qulluqları da göstərirlər. Çay dəmləmək, ocaq qalamaq, su qızdırmaq, qab yumaq və s. xidmətlər edilir. Özünüzlə hazır bişmiş yeməklər aparmaqla ailəliklə həmin evlərdə 10-20 gün qalmaq olar. Minimum xərclə maksimum istirahət etmək, ailəliklə dincəlmək şansları hələ ki, var... 

Ruslan
Milli.Az

Copyright © Milli.Az

    Rambler's Top100