Ölkə

Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiya və elmi-tədqiqat göstəriciləri üzrə mühüm uğurlara imza atıb - FOTO

12 May 2026 11:05
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qərbi Kaspi Universiteti beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirərək akkreditasiya, keyfiyyət təminatı və müasir təhsil infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edib.

Milli.Az xəbər verir ki, Avropanın yüksək nüfuzlu beynəlxalq akkreditasiya agentlikləri - ASİİN (Mühəndislik, informatika, təbiət və riyaziyyat sahələri üzrə Akkreditasiya Agentliyi) və FIBAA (Beynəlxalq Biznes İdarəetməsi Akkreditasiya Fondu) tərəfindən universitetin bir sıra ixtisaslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ali təhsil müəssisəsinin qlobal akademik mühitdə artan nüfuzunun mühüm göstəricilərindən biri hesab olunur.

Universitetin son illərdə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası xüsusilə tədqiqat universiteti modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr verib. Son üç-dörd il ərzində universitetin elmi-tədqiqat bazası əhəmiyyətli dərəcədə gücləndirilib, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər tədris və elmi fəaliyyətə cəlb olunub, Universitetdə çalışan gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərdə iştirakı genişləndirilib. Bu yanaşma universitetin elmi nəticələrinin və beynəlxalq elmi platformalarda təmsilçiliyinin artmasına ciddi töhfə verib.

Hazırda Qərbi Kaspi Universiteti 12 ixtisaslaşmış ingilisdilli elmi jurnal nəşr edir. Həmin jurnallarda həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının elmi işləri dərc olunur.Bütün bunların nəticəsi olaraq Universitet dünyada ən yüksək reytinqləri olan "Web of Science" və "Scopus" kimi nüfuzlu beynəlxalq elmi bazalarda, əsasən Q1 və Q2 kateqoriyalı jurnallarda çap olunan məqalələrin sayına görə ölkədə lider mövqeyinə yüksəlmişdir.

2026-cı ildə universitet əməkdaşlarının elmi məqalələrinə edilən istinadların sayına görə Qərbi Kaspi Universiteti ölkə üzrə birinci olub. Bu göstərici universitetin Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə verdiyi töhfəni bir daha təsdiqləyir.

Beynəlxalq akkreditasiya prosesləri çərçivəsində ASIIN və FIBAA beynəlxalq agentliklərin təhsil ekspertləri  universitetə bir neçə dəfə səfər edib. Səfərlər zamanı universitetin akademik proqramları, elmi-tədqiqat fəaliyyətləri, tələbə və profesor-müəllim heyyəti habelə məzunlar və işə götürən tərəfdaş müəssisələrin nümayəndələri ilə görüşərək,  ikili diplom proqramları, innovativ layihələr və beynəlxalq tərəfdaşlıqlar geniş şəkildə məlumatlar əldə ediblər. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olaraq yaradılmış şəraiti yüksək qiymətləndirib.

Qərbi Kaspi Universitetinin bakalavriat səviyyəsi üzrə Biologiya (ixtisas kodu 050505), Su bioresursları və akvakultura (ixtisas kodu 050708), Ekologiya (ixtisas kodu 050504), Meşəçilik (ixtisas kodu 050706), Kompüter mühəndisliyi (ixtisas kodu 050631), Kompüter elmləri (ixtisas kodu 050509), İnformasiya texnologiyaları (ixtisas kodu 050616), İnformasiya təhlükəsizliyi (ixtisas kodu 050615), Cihaz mühəndisliyi (ixtisas kodu 050624), Mexatronika və robototexnika mühəndisliyi (ixtisas kodu 050629) ixtisasları, habelə magistratura səviyyəsi üzrə Biologiya (ixtisas kodu 060505) ixtisasının Genetika, Molekulyar biologiya ixtisaslaşmaları, Ekologiya (ixtisas kodu 060510) ixtisasının- Ətraf mühitin mühafizəsi və bərpa metodları ixtisaslaşması, beynəlxalq proqram akkreditasiyasından uğurla keçib.

Bununla yanaşı, Qərbi Kaspi Universitetinin İqtisadiyyat (ixtisas kodu 050405), Maliyyə (ixtisas kodu 050406), Marketinq (ixtisas kodu 050407), Menecment (ixtisas kodu 050408) və Biznesin idarə edilməsi (ixtisas kodu 050402) ixtisasları 2026-cı ilin mart ayında FIBAA-nın akkreditasiya agentliyi tərəfindən Avropa təhsil standartlarına  uyğun hesab olunub. Bu akkreditasiyalar tələbə və məzunların beynəlxalq təhsil və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradır.

Eyni zamanda Qərbi Kaspi Universiteti lider mövqeyini davam etdirərək  2026-cı ilin aprel ayında ASİİN beynəlxalq akkreditasiya agentliyi tərəfindən institusional akkreditasiya qiymətləndirilməsindən də uğurla keçib. Bu uğur universitetin ümumilikdə Avropa ali təhsil məkanının keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Akkreditasiya proseslərinin nəticəsi olaraq universitetdə laboratoriya və tədqiqat infrastrukturu daha da gücləndirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən laboratoriyalar tələbələrin praktiki bacarıqlarının inkişafına, innovativ layihələrin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində fəaliyyət göstərən "Ağıllı cihazlar mexanikası" laboratoriyası, "Deeptech süni intellekt tədqiqat və hesablama" laboratoriyası, "Data analitika və şəbəkələşmə" laboratoriyası, "Kompüter mühəndisliyi" laboratoriyası, "Geomatika" laboratoriyası, "Kimya və ətraf mühitin monitorinqi" laboratoriyası, "Genetika və molekulyar biologiya" laboratoriyası , "Biotexnologiya" laboratoriyası Tədqiqat Mərkəzinin " Ekoloji və biomüxtəliflik tədqiqatlar", " Meşə artımının təhlili və dendroxronologiya", "Qida mühəndisliyi" laborotoriyaları universitetin elmi potensialının əsas göstəricilərindən hesab olunur.

Eyni zamanda Biznes və idarəetmə Məktəbində "Birja əməliyyatlarının simulyasiya" laboratoriyası, Filologiya və Tərcümə Məktəbində yaradılmış "Linqvistika" Tədqiqat Mərkəzi , Siyasi və İctimai Elmlər Məktəbində fəaliyyət göstərən "Siyasi Analiz və Diplomatik Simulyasiya" laboratoriyası, eləcə də Dizayn Məktəbinin xüsusi emalatxanaları universitetin multidissiplinar elmi-tədqiqat imkanlarını daha da genişləndirir.

Beynəlxalq akkreditasiya göstəriciləri, müasir elmi infrastruktur və artan elmi nəticələr Qərbi Kaspi Universitetinin qlobal təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm nailiyyətlər əldə etdiyini bir daha təsdiqləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.